Medianın İnkişafı Agentliyindən verilən məlumata görə, “Media haqqında” Qanuna edilən son dəyişikliklərlə media subyektlərinin Media Reyestrindən çıxarılmasına səbəb ola biləcək hallar genişləndirilib.

Belə ki, media və informasiya agentlikləri veb-saytlarında Qanunun 60.2 və 61.2-ci maddələrində nəzərdə tutulan məlumatları təqdim etmədikdə və ya təhrif etdikdə, eləcə də çap mediası subyektləri 63.2-ci maddənin tələblərini pozduqda, xəbərdarlıqlardan sonra həmin subyektlərin Reyestrdən çıxarılması mümkün olacaq. Ağır və xüsusilə ağır cinayət törətmiş rəhbərlərin olduğu media qurumları da bu siyahıya daxildir.
24media.az xəbər verir ki, əlavə olunan 75.2-1-ci maddəyə əsasən, media subyekti Reyestrdən çıxarıldıqda bu barədə 3 iş günü ərzində aidiyyəti icra orqanına məlumat verilir və həmin media subyektinə məxsus veb-sayt dərhal məhdudlaşdırılır.
Həmçinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanuna edilən düzəlişlə, Media Reyestrindən çıxarılan və ya fəaliyyətində ciddi pozuntuya yol verən xarici media subyektlərinin filial və nümayəndəliklərinin ləğv olunması üçün hüquqi əsas yaradılıb.
Arzu Qafarova
