24Media.az-ın növbəti müsahibi peşəkar jurnalist, yazıçı Əşrəf Hümmətovdur. O, jurnalistikaya olan dərin bağlılığından və bir jurnalistin necə olması gərəkdiyindən bəhs edib.
-Sizi jurnalistikaya sövq edən nə idi?
Mən hələ orta məktəbdə oxuyanda əlimdə dəftər-qələm çəmənlikdə uzanıb yazı-pozu edirdim. Hətta kiçik hekayə və dram əsərləri də yazırdım. Qəzetlərə xəbər göndərirdim. Qəzetlər həmin xəbərləri dərc edir və mənə pul göndərirdilər. Mənim dövrümdə bu belə idi, indi artıq belə etmirlər. Lakin atam ədəbiyyat müəllimi olduğu üçün mənim də dil-ədəbiyyat müəllimi olmamı istəyirdi. Mən isə müəllim olmaq üçün müsabiqədən keçə bilmədim. Əslində, demək olar ki, mən aşağı qiymət almadım, aşağı qiymət verdilər. Beləliklə, qərara gəldim ki, mən, əslində, jurnalistika ixtisasını oxumaq istəyirəm.
Sonra isə hərbi xidmətə getdim. Ordudan qayıtdıqdan sonra jurnalistika fakültəsində təhsil aldım. O illərdə mənə dərs deyən müəllimlərimi çox yaxşı xatırlayıram. Onların şifahi məsləhətləri, dəyərli söhbətləri mənim işimə və yaradıcılığıma böyük təsir göstərib. O cümlədən, professor Cahangir müəllim, Nəsir İmanquliyev, Nəriman Zeynalov və Mahmud Mahmudovun mənə böyük köməkləri olub.
-Sizcə, insan jurnalist olaraq doğulur, yoxsa onu həyat yetişdirir?
Xeyr, insan jurnalist olaraq doğulmur, həyat onu yetişdirir. Düzdür, bəzən deyirlər ki, nəsil, şəcərə, irs var – bu da öz yerində. Bəzən həyatda yaşıl çəmənliklə gedirsən, amma içində bir arzu olur ki, sən artıq daş yolda yürümək istəyirsən. Səni daha çox o çətin, sərt yol maraqlandırır. Jurnalistika da belədir – sonradan deyil, yazmaqla, pozmaqla hələ məktəb illərindən formalaşır. Məsələn, mən "Əhməd haradadır?" filminin ssenarisini “Azərbaycan” jurnalında oxumuşdum. Bir gün məktəbdə film göstərilirdi, mən isə əvvəlcədən filmdə baş verəcək səhnələri deyirdim. Hamı təəccüblənirdi ki, bunları haradan bilirəm. Yəni jurnalistikaya maraq olmalıdır.
Jurnalistika həyat təcrübəsidir. Az-çox elmi biliyi olan insan öz üzərində işləməklə bu sahədə uğur qazana bilər. Bunun üçün mütləq ali təhsil almaq da şərt deyil. Əgər onun yaxşı mütaliəsi və düşüncə qabiliyyəti varsa, demək, o artıq jurnalistdir. Nəsir müəllim bizə belə bir tövsiyə verirdi: "Haradasa bir obyektdən yazmağa gedirsiniz. Elə girən kimi uçuq-sökük, problemli yerləri görürsünüz. Amma dərhal onlardan yazmayın. İçəri daxil olun, söhbət edin. Görün, hansı uğurlar, nailiyyətlər var? İçəridə başqa hansı nöqsanlar var? Ən çox iki-üç tutarlı faktı isə özünüzdə saxlayın. Onları dərhal mətbuata verməyin. Əgər obyektin rəhbəri sonradan sizə qarşı iddia qaldırarsa, o faktları ortaya qoyun. Beləcə, haqlı olduğunuzu sübut edərsiniz." Mənim öz təcrübəmdə də bu tövsiyə işə yarayıb.
-Yazdığınız kitablar arasında ən çox sevdiyiniz və ya daha bağlı olduğunuz kitab varmı?
Hər bir kitab bir övladdır – onun yaxşısı-pisi olmur. Amma ürəyimə daha yaxın olan kitab "Unutmayaq"dır. Azərbaycan Dillər Universitetinin və Bakı Dövlət Universitetinin kitabxanasında, Milli Kitabxanada bu kitab yer alır. Orada jurnalistikaya aid çoxlu qeydlər var. Həmçinin "Elm" nəşriyyatının 50 illik tarixini yazmışam. Nəşriyyat işi, kitabxanaçılıq və jurnalistika ixtisası üzrə təhsil alan tələbələr bu kitabdan bəhrələnirlər.
Ən çox mənə əziz olan isə doğma kəndim haqqında yazdığım “Naxçıvanın Zeynəddin Kəndi” adlı kitabımdır. O kitabda kəndimizin ilk qadın müəllimi, ali təhsilli müəllimi, ilk mühəndisi, ilk aktyoru haqqında geniş məlumatlar vermişəm. Demək olar ki, müəllimlərimin 99%-i həmin kitabda yer alıb. Əməkdar artistlər, xalq artistləri, əməkdar müəllimlər və sadə müəllimlər haqqında da məlumatlar mövcuddur. Mən kitabda açıq şəkildə qeyd etmişəm ki, bu gün riyazi biliyimə görə jurnalistə çevrilmişəmsə, bunu Ceyran müəlliməyə borcluyam. O müəllimlərim haqqında yazmaq mənim üçün böyük şərəfdir. Çünki müəllim unudulmazdır.
Bəzən o illəri xatırlayanda adamın gözləri dolur. Onu sözlə ifadə etmək çətindir. Bütün bu dediklərimlə kitabımı tərifləmək istəmirəm, amma bir dəfə bir nəfər dedi ki: “Bu kitab sanki bir cehizdir – hər kəs evə köçəndə yanında aparsın ki, nəslini unutmasın.”
-Peşəkar bir jurnalist kimi, jurnalistika ixtisasında təhsil alan tələbələrə nə tövsiyə edərdiniz?
Jurnalistika təcrübə və praktika tələb edən sahədir. Amma təkcə peşəkarlıqla kifayətlənmək olmaz – elmi bilik də olmalıdır. Yoxsa həmişə eyni mövzularda fırlanacaqsan. Elmi bilik yazılara, müsahibələrə yeni nəfəs verir. Mütaliə əsas şərtdir. Təəssüf ki, mütaliə artıq internet tərəfindən arxa plana keçib. Amma məşhur bir yazıçının sözüdür: “Kitab odda yanmaz, suda batmaz.” “Evdə kitab olsa, insan tək qalmaz.” Evdə kitab varsa, demək ki, sən heç vaxt tək deyilsən. Bu bilikləri qazanmaq üçün kitabxanalara getmək, dil bilmək lazımdır. İngilis və rus dilini bilmək çox faydalıdır. Vaxtilə Mehdixan Vəkilovun dil bilməsi, oxuması, savadı ona olan hörməti qat-qat artırmışdı. Siz qəbul və qabiliyyət imtahanlarından keçmisiniz. Əgər müşahidəniz və mütaliəniz olmasaydı, o imtahanları keçə bilməzdiniz.
Mən sizə tövsiyə edirəm: Yazdıqlarınızı atmayın. 2009-2018-ci illərdə “Təhsil Problemləri” qəzetində işləyəndə yazılarımı saxlayırdım. Yazılarım çıxdıqca onları yığıb kitab halına salırdım. Oçerklərim və məqalələrim sonradan kitablarımı yaratdı. Siz də çap olunmuş materiallarınızı atmayın. İstədiyin vaxt cırıb atmaq asandır. Amma sonra lazım olanda tapmayanda peşman olacaqsınız. Əgər 100% lazım olmayacağına əmin deyilsinizsə, saxlayın. Təbii ki, kitab buraxmaq üçün maddi imkan da olmalıdır. Çox böyük məbləğ olmasa da, müəyyən maliyyə tələb edir.
Zəkiyyə Əlili
