Bu gün:

Zəngəzur məsələsi yenidən gündəmdə


24Media.az-ın bu dəfəki müsahibi siyasi şərhçi Kənan Novruzovdur. O, Zəngəzur dəhlizi ətrafında cərəyan edən prosesləri, Türkiyənin açıqlamasının arxa planını və İranın bu layihəyə qarşı mövqeyini şərh edir.

– Zəngəzur dəhlizinin açılması Cənubi Qafqazın siyasi xəritəsini necə dəyişə bilər? Bu təşəbbüs konkret olaraq hansı regional və qlobal aktorların maraqlarına toxunur?

 Əslində, Türkiyənin zaman-zaman Zəngəzur dəhlizi ilə bağlı bəyanatlar səsləndirməsi özü-özlüyündə siyasi mesajdır. Bu, həm də göstərir ki, Zəngəzur dəhlizi Türkiyənin prioritetləri sırasında hələ də ön plandadır. Türkiyəli nazirlər bu cür açıqlamalarla sanki bildirmək istəyirlər ki, bu məsələ bizim üçün aktuallığını itirməyib. Və doğrudan da elədir – bu dəhliz həm Azərbaycan, həm də Türkiyə üçün kifayət qədər əhəmiyyətlidir. Əslində, təkcə bizim üçün yox, bütövlükdə bir çox beynəlxalq aktorlar üçün də önəmlidir.

Çünki Zəngəzur dəhlizi təkcə regional deyil, həm də qlobal xarakterli bir layihədir. Azərbaycanla Ermənistan, eləcə də Ermənistanla Türkiyə arasında aparılan dialoqlarda, hətta bəzi üçtərəfli formatlı müzakirələrdə belə bu məsələ şübhəsiz ki, gündəlikdədir.

Amma diqqətçəkən odur ki, Zəngəzur dəhlizinə alternativ olaraq Araz dəhlizi də müzakirə olunur, bu da İrandan keçir. İran məhz bu səbəbdən Zəngəzur dəhlizinin açılmasını istəmir, çünki istəyir ki, qaz dəhlizi və digər bütün logistik layihələr onun ərazisindən keçsin.

Ona görə də İran hələ də, baxmayaraq ki, İbrahim Rəisinin hakimiyyətindən sonra hazırkı iqtidarın Cənubi Qafqaz və Azərbaycanla bağlı mövqeyi nisbətən adekvat görünsə də, Zəngəzur dəhlizinə dair heç bir açıq bəyanat vermir. Elə davranırlar ki, sanki bu məsələ ümumiyyətlə yoxdur. Amma bunun səbəbi də aydındır – İran regional çəkisini itirmək istəmir.

– Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı tərəddüdləri nə ilə izah olunur?

Hazırda Azərbaycanla Ermənistan arasında normallaşma istiqamətində ciddi addımlar atılır, müəyyən müsbət dinamika var. Bu, təbii ki, Zəngəzur dəhlizi məsələsinə də aiddir. Və şübhə yoxdur ki, Türkiyənin Ermənistanla münasibətləri daha da inkişaf etdirmək üçün qarşı tərəfin qarşısında qoyduğu əsas şərtlərdən biri məhz Zəngəzur dəhlizinin açılması olacaq.

Bəlkə də, artıq pərdəarxasında, yəni ictimaiyyətə açıqlanmayan şəkildə Ermənistanın qarşısında belə bir “ev tapşırığı” qoyulub – sən dəhlizi aç, biz də münasibətləri inkişaf etdirək. Bu, həm təhlükəsizliyin təmin olunması, həm də Ermənistanın iqtisadi inkişafı üçün lazımdır. Ermənistan bu gün həm Qərblə, həm də Rusiya ilə siyasi və iqtisadi cəhətdən sıxılmış vəziyyətdədir.

Buna görə də bu, Ermənistan üçün bir impuls ola bilər. Amma münasibətlərin daha yüksək səviyyədə inkişaf etməsi – sərhədlərin açılması, diplomatik münasibətlərin bərpası üçün İrəvan,Türkiyə və Azərbaycanın maraqlarına uyğun davranmalıdır. Türkiyə nəqliyyat naziri Abdulkadir Uraloğlunun “çox çəkmədən həllini tapa bilər” sözləri də məhz bu kontekstdə oxunmalıdır.

– Türkiyə və Azərbaycanın birgə nəqliyyat layihələrinin reallaşması perspektivində İranın mövqeyini necə qiymətləndirmək olar?

Burada əsas diqqətçəkən məsələlərdən biri də budur: Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən son görüşdən sonra hər iki tərəf müsbət mesajlar verdi, beynəlxalq aktorlar da sülhün yaxın zamanda imzalana biləcəyi ilə bağlı ümidlərini ifadə etdilər.

İndi isə Türkiyəli nazirin bu açıqlaması fonunda ehtimal etmək olar ki, hansısa məsələ məsələn, Zəngəzur dəhlizi – artıq müəyyən razılaşmalar çərçivəsində öz həllini tapmaq üzrədir. Hətta ehtimal etmək olar ki, Zəngəzur dəhlizi sülh sazişindən ayrı şəkildə də razılaşdırılıb. Amma əgər sülh sazişi daha tez imzalanarsa, bu, əlbəttə ki, dəhlizin açılmasına da müsbət təsir edəcək.

Yaxud əksinə, bəlkə də, əvvəlcə Zəngəzur dəhlizi açılacaq. Ola bilər ki, bu istiqamətdə artıq müəyyən danışıqlar gedir. Amma mən düşünürəm ki, bu, daha çətindir. Çünki əgər İran hiss etsə ki, dəhliz açılır, Ermənistana qarşı müxtəlif formada təzyiqlər tətbiq edə bilər. Və bu təzyiqlər tutarlı ola bilər, nəticə verə bilər.

Amma əgər sülh sazişi imzalansa, o zaman Azərbaycan və Ermənistan artıq bu cür təzyiqlərə qarşı daha güclü müqavimət göstərə bilər. Ermənistan da deyə bilər ki, “mən artıq sazişi imzalamışam, Azərbaycanla münasibətləri normallaşdırıram”. Belə bir vəziyyətdə İranın təzyiqləri o qədər də effektiv olmayacaq.

Solmaz Muradova

Paylaş
Şərh əlavə et