24media.az-ın budəfəki müsahibi Bakı Dövlət Universitetinin Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müəllimi, ABŞ "SUSI For Scholars" proqramının məzunu Anzulə Pərvizqızıdır. O, bir çox sahələrin avtomatlaşdırıldığı dövrdə təhsil sisteminin buna necə uyğunlaşmalı olduğundan danışıb.
- Süni intellekt (Sİ) bəzi peşələri avtomatlaşdıraraq yeni imkanlar yaratsa da, eyni zamanda bir sıra ixtisasların aktuallığını azaldır. Sizcə, gələcək əmək bazarında insan potensialı hansı sahələrdə daha dayanıqlı olacaq və bu keçidə uyğunlaşmaq üçün təhsil sistemi nə etməlidir?
Süni intellekt əmək bazarını əsaslı şəkildə dəyişir. Bir tərəfdən, rutin vəzifələri avtomatlaşdıraraq bəzi sahələrdə işçi qüvvəsinə olan tələbatı azaldır, digər tərəfdən isə tamamilə yeni bacarıqlara ehtiyac yaradır. Belə bir şəraitdə təhsil sistemi olduqca mühüm rol oynayır. Təəssüf ki, ənənəvi dərs proqramları texnologiyanın sürətli inkişafına ayaq uydura bilmir, nəticədə məzunlar yeni əmək bazarına hazır ola bilmirlər.
Digər tərəfdən, işəgötürənlərin tələb etdiyi texniki, yaradıcılıq və ünsiyyət bacarıqları ilə məktəblərin təqdim etdiyi biliklər arasında uyğunsuzluq mövcuddur. Bu səbəbdən təhsil sistemi yalnız sabit biliklərin ötürülməsi ilə kifayətlənməməli, daim yenilənən bacarıqların inkişafını dəstəkləməli və onlayn kurslar kimi alternativ tədris metodlarına da üstünlük verilməlidir.
Təbii ki, Sİ, robototexnika və data analizi kimi sahələrin öyrədilməsi vacibdir. Amma təkcə bu sahələrə fokuslanmaq yetərli deyil. Məktəblərdə tənqidi düşüncə, yaradıcılıq, emosional zəka və problem həll etmə bacarıqları da inkişaf etdirilməlidir. Çünki Sİ təkrarlanan tapşırıqları avtomatlaşdırdıqca, insan yönümlü bacarıqlar – ünsiyyət, empatiya, liderlik daha da önəm qazanır.
Bu baxımdan tələbələr insan toxunuşunun əvəzolunmaz olduğu peşələrə hazırlanmalı, onların yumşaq bacarıqları və çevikliyi inkişaf etdirilməlidir. Yaradıcı liderlərin formalaşdırılması üçün STEM (elm, texnologiya, mühəndislik və riyaziyyat) sahəsində təhsil vacibdir. Lakin incəsənət, etika və humanitar elmlərin tədrisə inteqrasiyası da eyni dərəcədə zəruridir.
Hazırda ölkəmizdə məktəb və universitetlərin şirkətlərlə əməkdaşlığı istiqamətində müəyyən addımlar atılır. Bu təşəbbüslər daha da genişləndirilməli, tələbələrin gələcək bacarıq ehtiyacları öncədən müəyyən edilməli, təcrübə proqramları təklif olunmalı və tədris proqramları daim yenilənməlidir.
Bütün bu tədbirlər süni intellektlə formalaşan yeni dünyada insanları liderlik, çeviklik və yaradıcılığa hazırlaya bilər. Belə bir uyğunlaşma, ölkəmizdə insan potensialının inkişafına və davamlı iqtisadi inkişafa mühüm töhfə verə bilər.
Zəhra Əliyeva
