Avstraliya meşələrində aparılan maraqlı bir araşdırma iqlim dəyişikliyinə qarşı mübarizədə təbiətin necə heyrətamiz həllər təqdim edə biləcəyini ortaya qoyur. Məlum olub ki, bəzi növ vəhşi əncir ağacları torpaqdakı karbon qazını tərkibində saxlayaraq onu əhəngdaşına çevirmə potensialına malikdir. Bu təbii proses həm karbonun uzun müddətli saxlanmasına, həm də torpağın minerallarla zənginləşməsinə səbəb olur.

Avstraliyanın Yeni Cənubi Uels bölgəsində aparılan tədqiqatlar göstərir ki, bu ağaclar kökləri vasitəsilə qayaları kimyəvi yolla aşındırır, nəticədə karbonat mineralları xüsusilə də kalsit və dolomit əmələ gəlir. Alimlərin fikrincə bu proses iqlim dəyişikliklərinin əsas səbəblərindən olan karbon qazının atmosferdə yığılmasının qarşısını almaq üçün mühüm bioloji mexanizm sayıla bilər.
Əncir ağaclarının yaratdığı bu mineral qat ətrafdakı torpaqla müqayisədə daha sıx və sabit quruluşa malikdir. Mütəxəssislər hesab edir ki, bu karbonun min illərlə torpaqda qalmasına səbəb ola bilər. Üstəlik bu ağaclar istiyə və quraqlığa dözümlü olduqları üçün tropik bölgələrdə və iqlim dəyişikliyindən daha çox əziyyət çəkən yerlərdə faydalı yeşil infrastrukturun bir hissəsinə çevrilə bilər.
Tədqiqatçılar ümid edir ki, bu fenomen daha geniş miqyasda tətbiq edilə və təbiətin özünün təqdim etdiyi karbon tutma texnologiyası kimi inkişaf etdirilə bilər. Əncir ağacları sadəcə meyvə ilə deyil həm də torpaqda sükutla baş verən bu kimyəvi proseslə iqlim uğrunda mübarizədə vacib aktora çevrilə bilər.
Bu yazı ekoloji möcüzənin sadə ağac formasında necə təcəssüm oluna biləcəyini göstərir və elmə söykənən təbiət həllərinin nə qədər dəyərli olduğunu xatırladır.
Mənbə: Althatsinteresting
Tərcümə etdi: Səidə Abasova
