Bu gün:

“23 yaşımdan kameraların arxasındayam” - Rövşən İsaxla MÜSAHİBƏ



24Media aktyor, ssenari müəllifi, "Pərvanələrin rəqsi", "Sonuncu fəsil", "Vicdan haqqı", "Yuxu kimi" seriallarının rejissoru Rövşən İsaxla olan müsahibəni təqdim edir:

 Üzərində 2 il çalışdığınız "Aktrisa" filmi gözlədiyiniz nəticəni verdi?

- Tam səmimiyyətə qalarsa, "Aktrisa" filmi mənim gözlədiyim nəticəni verdi. Ola bilər ki, siz nəticə deyəndə mükafat, festivallarda qazanılan uğuru nəzərdə tutursunuz. Təəssüf ki, biz onu yalnız bir festivala göndərdik. Heç nə almadım, amma iştirak etdim. Ancaq onu deyə bilərəm ki, bu film gözlədiyim nəticəni verdi. Çünki bu günə qədər də televiziya kanallarımızda demək olar ki, çox tez-tez qarşıma çıxır. Mənə kanallardan zəng edirlər ki, "Aktrisa" filmi yayımlanır. Baxan adamların bəyənmədiyini eşitməmişəm. Aydın məsələdir ki, bir film bir insandan daha çox yaşayır. İstər onun yaradıcısı olsun, istər orda hətta körpə yaşında çəkilən uşaq olsun. Bu da, ancaq o halda baş verir ki, o film sevilir, tamaşaçılar tərəfindən qəbul olunur. Mənim gördüyüm, hiss etdiyim, başa düşdüyüm qədəri ilə "Aktrisa" filmi tamaşaçılar tərəfindən sevilib, bəyənilib. Haqqında da həddindən artıq çox sözlər eşitmişəm. Hansılar ki, özüm dilimə gətirmək istəmirəm. Bir az təkəbbür, özündən razılıq kimi səslənir. Amma bəyənildiyini etiraf edirəm, mənə elə gəlir ki, səhv etmirəm.

Gələcək 10 ildə Azərbaycanın film sahəsini necə təsəvvür edirsiniz?

- Təbii ki, bu sualın ehtimal cavabı ola bilər. U.Çörçilin belə bir sözü var: "Siyasət, bir müddət sonra nə olacağını əvvəlcədən dəqiq proqnoz vermək və vaxtı çatanda onun nə üçün baş vermədiyini məntiq ilə əsaslandırmaq deməkdir". Mən də 10 il sonra Azərbaycanın kino sahəsini necə təsəvvür etdiyim haqqında fikirlərimi deyə bilərəm, ancaq olmaya bilər. Hər halda, mənim dediyim fikirlər pessimist fikirlər olacaq. Təki mən deyən olmasın. Əgər belə davam edərsə, gələcək 10 ildə Azərbaycanın kino sahəsini çox pis təsəvvür edirəm. İslahat aparılmalı, kinoya qayğı və diqqət göstərilməlidir. Bu dəqiqə Azərbaycanın efir məkanında xarici filmlər üstünlük təşkil edir. Özəl sektorda çəkilən filmlər də, bilmirəm, onlara film demək olar, yoxsa yox, hamısı qurşaqdan aşağı zarafat, məntiqsiz, zəifdir. İstər ssenari, istər rejissor işi, istər musiqi - hamısı. Ciddi şəkildə münasibət olarsa, o halda dəyişə bilər. Gəlin arzu edək və inanaq ki, yaxşı olacaq. Mən kinoya canı yanan, bu işdən ötrü sağlamlığını, canını qurban verən insanların əlinə keçməsini arzulayıram. Eybi yox, qoy rəhbərlik səriştəsi bir az zəif olsun. Əgər ürəyi yanırsa, o, hansısa müsbət bir nəticə əldə edəcək. Nəinki kinonu yaxşı bilib, bu işdən doymuş, həmçinin oturduğu stuldan qalxmayıb ancaq masa arxasında hansısa sənədə qol çəkən insanların əlində olmasını istəmirəm. Ancaq bu işə canı yanan insanlara şərait yaradılsın.

İnsanların "Azərbaycanda serial sektoru inkişaf etməz" kimi fikirlərini dəyişdirən "Pərvanələrin rəqsi" Azad Azərbaycan Televiziyasında yayımlanan ilk peşəkar teleserial idi. İlk dəfədən serialın belə maraqla qarşılanması sizdə necə təəssürat oyatdı?

- "Pərvanələrin rəqsi"nə qədər çox sayda dəxlisiz və mənasız seriallar yayımlanmışdı. Xəzər TV-də, AzTv-də olmuşdu. Bu işi qeyri-peşəkar, bu işə aidiyyatı olmayan insanlar görmüşdü. Kimi gəldi çəkməkdən tutmuş, ssenarini necə gəldi yazmağa qədər. Bu gün deyə bilərəm ki, Azərbaycanda çəkilən ilk peşəkar serial "Pərvanələrin rəqsi" olub. O vaxt ATV-nin rəhbərliyi bizi "off prime time"a, yəni insanların işdə olan vaxtına salmışdı. Dedilər ki, onsuz da bizdə seriallara baxılmır. Dedim ki "Mən sizi qınamıram, bu günə qədər belə olub. Deyirəm ki, bu serialın reytinqi çox yüksək olacaq". Elə də oldu. Ümumiyyətlə, mən hansısa bir işə girəndə bütün bacarığımdan istifadə edirəm. Bu, gördüyüm bütün işlərdə belə olub. Mən onun uğuruna əvvəldən inanmasam, çiynimi o işin altına vermərəm. Xahiş edirəm bunu təkəbbür kimi qiymətləndirməyək, özünə inam kimi qiymətləndirək. Nə qədər uğur qazansam da, serialın ortasında "seriala ciddi yanaşmayacam, onsuz da camaat baxır" kimi fikrim olmayıb. Əksinə, onun tamaşaçılar tərəfindən yaxşı qarşılandığını gördükcə, mən daha məsuliyyətli, daha ciddi etmək haqqında düşünürəm.

Ən çox sevilən seriallardan biri də "Vicdan haqqı" olub. 2 il əvvəl bitməsinə baxmayaraq, tamaşaçılar serialın təkrar bölümlərini indi də böyük maraqla izləyirlər. Bir rejissor olaraq bunun sirrini nədə görürsünüz?

- Mən bu sualı bir neçə dəfə, ayrı-ayrı vaxtlarda cavablandırmışam. Bunun heç bir sirri yoxdur. Bu, gözlə görünən həqiqətdir. Serial aktual mövzunu, real yanaşmanı sevir. Eyni zamanda ssenarini boş buraxmaq olmaz. Hər dəfə yeni bir problem olmalı, hadisələr bir-birini əvəz etməli, aktyor gözəl oynamalı, operator düzgün çəkməli, montaj düzgün olmalı, rejissor aktyorlarına tapşırıqları, vəziyyəti, hansı əhvalı oynamalarını düzgün izah etməli, musiqi düzgün bəstələnməlidir. Hamısı bir-birinə zəncirvari bağlıdır. Serialın uğuru bunlarda idi.

Seriala aktyorlar hansı prinsiplə seçilirlər?

- Serial bədii filmdən qat-qat ağır, çətindir. İlk növbədə baş rol oynayan aktyorları seçərkən məsuliyyətli, doğru, dürüst, işini sevən adamları seçməyə çalışıram. İstedaddan söhbət gedə bilməz. Ümumiyyətlə, istedadsız insan çəkilməməlidir. Serialda cavan yaşda çəkiləcək olan aktyorlar çalışıram ki, yeni simalar olsun. Hansısa əyalət teatrında, İncəsənət Universitetində oxuyan və ya universiteti bitirib heç yerdə işləməyən, istedadlı insanları tapıb çəkməyə çalışıram. Mənə görə boy-buxun, qədd-qamət, fotogenik olması 2-ci planda olan tələblərdir.

 "Vine Show" verilişinin münsifisiniz. Gənclərin aktyorluğunu necə dəyərləndirirsiniz?

- Mən verilişdə də deyirəm ki, orada həddindən artıq istedadlı uşaqlar var. Məsələn, Tural Nəsirovun aktyor kimi oyunu mənim çox xoşuma gəlir. İti düşünməyi də, zarafatı da yaxşıdır. Verilişdə istedadlı olan iştirakçılar var. Məncə, bunun haqqında geniş danışmağa dəyməz, çünki bunu hər həftə efirdə deyirəm.

Seriallarınızı dram janrında çəkirsiniz, izləyicilər tərəfindən də sevilir. Bundan sonra da seriallarınız bu janrda olacaq?

- Mən proqnoz verməyi xoşlamıram, daha doğrusu, proqnoz verməyə qorxuram. Bu günə qədər çəkdiyim serialların hamısı dram janrında olub. Sözün düzü, dram janrında serial çəkməkdən yorulmuşam. Mənə bir neçə dəfə ayrı-ayrı vaxtlarda "Komediya janrında serial çəkərsinizmi?", - sualı verilib. Demişəm ki, çəkərəm. Nəhayət ki, ağlıma belə bir fikir gəlib. Ola bilər ki, "Yuxu kimi" serialından sonra komediya filmi çəkim. Bu bizim bildiyimiz komediyadan olmayacaq. Orada qurşaqdan aşağı zarafatlar, şit-şit sözlər, qarşı tərəfi təhqir etmək, söyüş ilə gülüş qazanmaq olmayacaq. Orada gözəl bir situasiya, vəziyyət olacaq. İnanın ki, mən onu çəkəcək olsam, orada oynayan aktyorların hamısı eyni ciddiyyətlə oynayacaqlar. Sadəcə olaraq, vəziyyət gülməli olacaq.

Komediya janrı çox çətindir. Bu janrdan düzgün istifadə etməyən rejissorlara münasibətiniz necədir?

- Komediya janrından düzgün istifadə etməyən rejissorlara münasibətim nə yaxşı, nə də pisdir. Mənim onlara, ümumiyyətlə, münasibətim yoxdur.

Həm film, həm də serial çəkmisiniz. Hansı daha çətindir?

- Fiziki, inzibati, vaxt baxımından serial çətindir. Məsuliyyət baxımından isə, bədii film çətindir. İnanın ki, bunlar tamam fərqli şeylərdir. Ümumiyyətlə, onları müqayisə etmək düzgün deyil.

Yerli və xarici rejissorlardan kimləri bəyənirsiniz?

- Xarici rejissorlardan hamının bildiyi, bütün dünyanın qəbul etdiyi rejissorlar var. Son vaxtlar Robert Zemekisin bir neçə filminə baxmışam. Onu həmişə sevmişəm, amma son vaxtlar ona valeh olmağa başlamışam. Yerli rejissorlardan isə Arif Babayev, Həsən Seyidbəyli, Hüseyin Seyidzadə, Tofiq Tağızadə, Şamil Mahmudbəyovu bəyənirəm.

Xarici ölkələrdən hər hansısa filmin rejissorluğunu etməyinizi təklif etsələr qəbul edərsiniz?

- Təbii ki, qəbul edərəm.

Təəssüf ki, Azərbaycanda rejissor və aktyor əziyyətinin qarşılığını ala bilmir. Bu, sizdə ruh düşkünlüyü yaratmır?

- Mən 23 yaşımdan kameraların arxasındayam. Əgər bu, məndə ruh düşkünlüyü yaratsaydı, 50 yaşıma qədər bu işlə məşğul olmazdım. Allah mənə nə qədər ömür veribsə, böyük ehtimal bu işlə də məşğul olacam. Yenə də, Allah bilən məsləhətdir.


Rejissor olmaq istəyən gənclərə nə məsləhət görərdiniz?

- Belə bir deyim var: "İlk baxışdan aşiq olmamaq üçün nə etmək lazımdır? Cavab: 2-ci dəfə diqqətlə baxmaq lazımdır". Rejissor olmaq istəyənlərə bunu məsləhət görürəm ki, bir də dərindən fikirləşsinlər. Söhbət bu sənəti sevib, özünü ona fəda etməkdən gedir. Günün altında saatlarla ac-susuz qalmaq, soyuğun qabağında tir-tir titrəmək, gecədən səhərə qədər yuxusuz qalmaq, çəkiliş meydançasında 40 adam varsa, 40-ı ilə də dil tapmaq bu sahənin çətinlikləridir. Yaradıcı tərəflərini isə saymıram. Həddindən artıq ağır işdir. Bu sənətə özünü fəda etmək istəyən gəlsin, yoxsa ömürə heyifdir.

Son olaraq, oxucularımıza nə demək istəyərdiniz?

- Oxusunlar, mütaliə etsinlər. Gəlin müsahibəni Nizami Gəncəvinin sözü ilə bitirək: "Qüvvət elmdədir, başqa cür heç kəs heç kəsə üstünlük eyləyə bilməz..."

Paylaş
Şərh əlavə et