Azərbaycan Respublikası Prezidentinin “Ali təhsildə yeni məzmunlu təhsil proqramlarının əhatə dairəsinin genişləndirilməsi və maliyyələşdirilməsi barədə” verdiyi Sərəncama əsasən, SABAH proqramının miqyası əhəmiyyətli şəkildə genişləndirilir. Artıq bu proqramdan yalnız dövlət ali məktəbləri deyil, eyni zamanda özəl universitetlərdə təhsil alan xüsusi istedadlı tələbələr də faydalana biləcəklər.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin məlumatına istinad edərək 24media.az bildirir ki, ilkin mərhələdə bu proqramın 10-dan çox ali təhsil müəssisəsini, 50-yə yaxın ixtisas üzrə təxminən 3000 tələbəni əhatə etməsi planlaşdırılır. Bu siyahıya uzun illərdir SABAH proqramı çərçivəsində fəaliyyət göstərən ənənəvi universitetlərlə yanaşı, ADA Universiteti, Bakı Ali Neft Məktəbi və bir sıra özəl universitetlərin də qoşulacağı gözlənilir.
Proqram çərçivəsində mühüm yeniliklərdən biri də əhatə olunan ixtisas sahələrinin artırılmasıdır. Belə ki, həm bakalavriat, həm də magistratura səviyyələri üzrə müxtəlif istiqamətlərdə proqramın tətbiqi nəzərdə tutulur. Bununla yanaşı, yalnız 2-ci kurs tələbələri deyil, birinci kursdan etibarən xüsusi istedadlı tələbələrin də proqramda iştirakı mümkün olacaq.
Əmək bazarının tələblərinə uyğun olaraq, xüsusilə təbiət elmləri, texnologiya və mühəndislik sahələrindəki prioritet ixtisaslara üstünlük veriləcək.
Növbəti mərhələdə doktorantların da proqrama daxil edilməsi planlaşdırılır. Bu səviyyə üçün tədrisəsaslı, müasir məzmunlu proqramların tətbiqi gözlənilir.
Proqram ali təhsil müəssisələri və təhsilverənlər üçün də mühüm imkanlar yaradacaq. İştirakçı universitetlərdə təhsil infrastrukturu yenilənəcək, yeni laboratoriyalar, avadanlıqlar təmin olunacaq, elmi-metodiki baza gücləndiriləcək. Akademik heyət isə inkişaf məqsədilə müxtəlif təlimlər, elmi layihələr və beynəlxalq mübadilə proqramlarında iştirak edə biləcək.
Eyni zamanda, əmək bazarının nümayəndələri də prosesə cəlb olunacaq. İşəgötürənlərin təşəbbüsü ilə tələbələr təcrübə proqramlarında iştirak edəcək və bu da onların işlə təmin olunmasına şərait yaradacaq.
Rəna Qarayeva
