Bu gün:

Mingəçevir Dövlət Universiteti İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə əməkdaşlıq edəcək


24media.az Mingəçevir Dövlət Universitetinin (MDU) rəsmi səhifəsinə istinadən xəbər verir ki, bu gün MDU-nun rektoru Anar Eminovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində  (İRİA) olub. 

İRİA-nın İdarə Heyətinin sədri Fərid Osmanovla keçirilən görüş zamanı informasiya texnologiyaları, proqramlaşdırma və kibertəhlükəsizlik sahələrində tədrisin və praktiki biliklərin gücləndirilməsi istiqamətində birgə təşəbbüslərin həyata keçirilməsi qarşılıqlı əməkdaşlığın prioritetləri kimi müəyyənləşdirilib. 

Görüş çərçivəsində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ziyarət edilib, qarşılıqlı fəaliyyətlə bağlı fikir mübadiləsi aparılıb.

Rektor Anar Eminov bu görüşün MDU-nun qabaqcıl texnoloji və rəqəmsal trendlərə uyğunlaşmasına mühüm töhfə verəcəyinə əminliyini vurğulayıb, göstərilən dəstəyə görə Agentliyin rəhbərliyinə təşəkkürünü ifadə edib.

İRİA-nın İdarə Heyətinin sədri Fərid Osmanov, öz növbəsində ixtisaslı və rəqabətədavamlı kadrların yetişdirilməsində region universitetlərinin fəal iştirakının əhəmiyyətini vurğulayıb, o cümlədən MDU-nun texnoloji inkişaf yönündə sərgilədiyi irəliləyiş və təşəbbüskarlıqdan məmnunluğunu ifadə edib.


Görüş zamanı proqramlaşdırma, informasiya-kommunikasiya texnologiyaları və kibertəhlükəsizlik sahələrində tədris olunan fənlərin tədris proqramlarının və sillabuslarının təkmilləşdirilməsi, Agentlik mütəxəssislərinin dərs prosesinə cəlb olunması, tələbələrin istehsalat təcrübəsinin Agentlikdə keçirilməsi, “Kiber klub” təşəbbüsünə dəstək və digər ortaq layihələrin icrası kimi birgə fəaliyyətlər reallaşdırılması istiqamətində razılıq əldə edilib.

Qeyd edək ki, görüş çərçivəsində MDU-nun nümayəndə heyəti Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin müasir maddi-texniki bazası və tədris prosesi ilə tanış olub.

Kənan Cəfərli

Paylaş
Şərh əlavə et