Nazir müavini Firudin Qurbanov bu il üçün üçüncü dəfə keçirilən “Maarifçi” tələbə-məzun təcrübə proqramının yeni iştirakçıları ilə görüşüb.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin məlumatına əsasən 24media.az bildirir ki, həyata keçirilən görüş zamanı Firudin Qurbanov gənclərlə səmimi müzakirələr aparıb, onlara təqdim olunan imkanlardan maksimum şəkildə yararlanmağı tövsiyə edib. O, bildirib ki, hazırda əldə etdikləri təcrübə gələcəkdə peşəkar kadr kimi formalaşmalarında mühüm rol oynayacaq.
Nazir müavini gənclərə daim öz üzərlərində işləməyi, müasir dünyanın tələblərinə uyğun bilik və bacarıqlara yiyələnməyi məsləhət görüb. O, həmçinin onları sevdikləri sahələr üzrə çalışmağa, sağlam həyat tərzi sürməyə və asudə vaxtlarını səmərəli keçirməyə çağırıb.
Tədbirdə çıxış edən “Maarifçi”lər belə bir fürsətə görə minnətdarlıqlarını ifadə ediblər və proqramın onların şəxsi və peşəkar inkişafına necə töhfə verdiyindən danışıblar.
Xatırladaq ki, 4 ay davam edəcək proqram çərçivəsində iştirakçılar Elm və Təhsil Nazirliyində, regional idarələrdə və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində müxtəlif struktur bölmələrdə təcrübə keçəcəklər.
Proqramın əsas məqsədi tələbə və məzunlara real iş mühitində bacarıq və vərdişlər qazandırmaq, nəzəri biliklərini təcrübə ilə birləşdirməkdir.
Rəna Qarayeva
