Bu gün:

Empire State binasında 1945-ci il qəzası


1945-ci il, iyulun 28-də, ABŞ-a məxsus hərbi təyyarə sıx duman səbəbilə istiqamətini itirib və Nyu York şəhərinin ən hündür binası olan Empire State-ə çırpılıb. Qəza nəticəsində 14 nəfər həyatını itirib.

B-25 Mitchell tipli bombardmançı təyyarə Bedford (Massaçusets) şəhərindən havaya qalxıb və LaGuardia hava limanına doğru istiqamət götürüb. Ancaq Nyu Yorka yaxınlaşanda dumanın sıx olması səbəbindən dispetçerlər təyyarəyə Newark hava limanına yönəlməyi tapşırıblar.

Yeni marşrut təyyarəni Manhetten üzərindən aparıb. Ekipaja Empire State binasının görünmədiyi dəfələrlə bildirilib. Təyyarə yavaşlayıb və aşağı enib, görünüş axtararaq şəhər üzərində hərəkət edib. Chrysler binasına yaxınlaşanda toqquşmadan yayınmaq üçün manevr edib, lakin bu hərəkət onu birbaşa Empire State-in 79-cu mərtəbəsinə yönəldib.

Çırpılma anında təyyarənin yanacağı partlayıb və binanın içi 75-ci mərtəbəyə qədər alovla dolub. Alov binanın kənarında yaranan böyük dəlikdən çölə püskürüb. Təyyarənin bir mühərriki binanı tam keçərək qarşıdakı binada yerləşən mənzilə düşüb. Digər hissələri yaxınlıqdakı tikililərə səpələnib. İkinci mühərrik lift şaxtasına düşüb, həmin anda içəridə olan bir qadın isə möcüzəvi şəkildə xilas edilib – avtomatik əyləc sistemi onu qoruyub, xilasedicilər isə onu liftin içindən çıxarıb.

Şənbə günü olduğu üçün binada adətə görə az insan olub. Qəza nəticəsində binada 11 nəfər həlak olub – bəziləri alovdan yanaraq, digərləri isə toqquşmanın təsiri ilə pəncərədən çıxaraq həyatını itirib. Ölənlərin hamısı Müharibə Yardımı Xidmətlərində çalışan əməkdaşlar olub. Təyyarədə olan 3 nəfər də faciə zamanı ölüb.

Qəza binada 5,5 x 6 metr ölçüsündə böyük bir dəlik buraxıb. Binanın ümumi dayanıqlığına ciddi zərər dəyməyib, lakin hadisə təxminən 1 milyon dollar (bugünkü pulla 10,5 milyon dollar) maddi ziyana səbəb olub.


Mənbə: History.com
Tərcümə etdi: Arzu Qafarova 

Paylaş
Şərh əlavə et