Bu gün:

Jane Goodall- ın tədqiqatı


1960-cı il 14 iyulda elmi təhsili və ixtisası olmayan gənc bir ingilis qadın Tanzaniyadakı Qombe Stream Qoruğuna gəlib. O, vəhşi şimpanzelər üzərində apardığı tədqiqatla təkcə heyvan davranışları haqqında bilikləri deyil, həm də insan anlayışını dəyişdirib.

O zaman cəmi 26 yaşı olan Jane Goodall uşaqlıqdan heyvanlarla yaşamaq və onları öyrənmək arzusunda idi. "Görünür, təxminən bir yarım yaşım olanda böcəkləri və digər canlıları izləyirdim. Bu marağım zamanla inkişaf edib. Dolittle və Tarzan kimi kitabları oxuduqdan sonra Afrika mənim məqsədim olub" – deyə o, 1986-cı ildə deyib.

Məktəbi bitirdikdən sonra Goodall katibəlik kursuna gedib, ofisiant və film prodüserliyində köməkçi kimi işləyərək arzusunu reallaşdırmaq üçün pul toplayıb. 1957-ci ildə, nəhayət, Keniyanın paytaxtı Nayrobidəki bir dostuna baş çəkmək üçün kifayət qədər pul yığıb. Orada tanınan paleoantropoloq professor Louis Leakey ilə görüş təyin edib, sadəcə heyvanlar haqqında danışmaq arzusu ilə. Leakey onun sakit qətiyyətindən və Afrika təbiəti haqqında özbaşına öyrəndiyi biliklərindən çox təsirlənib və onu təbii tarix muzeyində öz köməkçisi olaraq işə götürüb. Leakey ona deyib: "Şimpanzeləri öyrənəcək birini axtarıram. Onların davranışı erkən insan davranışlarını anlamağa kömək edə bilər". Leakey Jane-in elmi təhsilsiz olmasını üstünlük kimi görüb, çünki onun müşahidələri öncədən formalaşmış elmi nəzəriyyələrlə məhdudlaşmayıb. 

Qombe qoruğuna getdiyi zaman müstəmləkə qaydalarına görə tək səfər etməsi qadağan olunub. Ona görə də anası Vanne onunla gedib. “Başlanğıcda tək olmağıma icazə verilməyib. Hökumət deyib ki, cəngəllikdə tək bir qızın olması qeyri-etikdir. Beləliklə, bir yoldaş seçməli idim və anam mənimlə üç ay qalıb” ,– deyə Goodall danışıb.

İlk aylar çox çətin keçib. Həm Goodall, həm də anası köhnə bir ordu çadırında yaşadıqları halda malyariya keçiblər. O, şimpanzelərə yaxınlaşmaq istədikdə yerli bələdçinin addım səsləri heyvanların qaçmasına səbəb olub. Lakin zamanla cəngəlliyin yollarını öyrənib və sonda təkbaşına meşəyə çıxmağa icazə verilib. Goodall gündəlik olaraq şimpanzelərin yem axtardığı ərazilərə yaxınlaşıb. Meyvə ağacının altında gözləyir, şimpanzelər gedəndə onlara arxalarınca düşməyib. Bu səbəbdən heyvanlar zamanla onu təhlükəsiz biri kimi qəbul ediblər. Goodall şimpanzelərin vegeterian olmadığını, ət də yediklərini kəşf edib. Onlar birlikdə ov edir, bir-biri ilə ünsiyyət quraraq ətlərini paylaşıblar. 

Goodall heyvanlara nömrə vermək əvəzinə adlar verib. Məşhur "David Greybeard" adlı erkək şimpanzeni izləyərkən onun alətlərdən istifadə etdiyini görüb. O dövrdə alət düzəltmək və istifadə etmək yalnız insanlara xas xüsusiyyət sayılıb. Şimpanzelər budaqdan yarpaqları təmizləyərək termitləri yemək üçün istifadə edir, çubuqlarla qarışqa ovlayır, yarpaqları su içmək və ya qanı silmək üçün alət kimi istifadə ediblər. Hətta daş və budaqlarla silahlanıb bir-birinə hücum ediblər. Bu müşahidələr elmi anlayışları dəyişdirib. Artıq yalnız insanlar deyil, bir çox heyvan növlərinin də alət istifadə etdiyini bilirik, məsələn, kokos qabığını zireh kimi istifadə edən osminoqlar və qarmaq düzəldən qarğalar.

Goodall şimpanzelərin də insanlar kimi bir-biri ilə qucaqlaşdığını, öpüşdüyünü, əl-ələ tutduğunu gördükdən sonra sual verib: “Biz qərbdə uşaqları gecələr ağlaya-ağlaya qoyuruq, günlərlə tək buraxırıq, bu onların gələcək münasibətlərinə necə təsir edir?” Şimpanzelər də eynilə insanlar kimi həm sevgi, həm də şiddət göstərə bilirlər. Goodall deyib: “10 ildən sonra başa düşüb ki, onlar da bizim kimi aqressiv ola bilirlər. Hətta kannibalizm və digər icmalarla ‘müharibəyə’ bənzər qarşıdurmalar yaşanıb”. 

1962-ci ildə Leakey-in təşviqi ilə Goodall bakalavr təhsili olmadığı halda, doktorluq tədqiqatına başlayıb. Həmin il National Geographic cəmiyyətindən Hugo van Lawick adlı fotoqraf onun tədqiqatını sənədləşdirib. 1965-ci ildə Orson Welles-in səsləndirdiyi “Miss Goodall and the Wild Chimpanzees” sənədli filmi yayımlanıb. Hugo onunla evlənib və 1967-ci ildə onların oğlu Hugo (Grub) doğulub. Goodall uşağını qorumaq üçün xüsusi sığınacaq düzəldib, çünki şimpanzelərin insan uşaqlarını ovladığı hallar qeydə alınıb.

Mənbə: Bbc news

Tərcümə etdi: Nigar Muştaqova

Paylaş
Şərh əlavə et