Elm tərəfindən uzun müddət diqqətdən kənarda qalan “orta uşaqlıq dövrü”, yəni altı ilə on iki yaş arası uşaqları böyüməyə hazırlayan çevrilmə mərhələsidir. Bu çətin dövrdə onların beyinlərində nə baş verir və valideynlər bu mərhələdə uşaqlara necə dəstək ola bilərlər?
Gerçək yetkinlikdən fərqli olaraq, bu mərhələ hormonlarla deyil, “orta uşaqlıq” dövrünün başlanması ilə əlaqədardır, uşağın beyninin daha yetkin düşüncə və hisslər üçün əsaslar qoyduğu psixoloji bir çevrilmə dövrüdür. Durham Universitetindən psixoloq doktorantı Evelyn Antony deyir: “Bu mərhələ uşağın şəxsiyyətini formalaşdırdığı əsas dövrdür və o, başqalarına münasibətdə öz yerini anlamağa çalışır. Hiss dünyası da genişlənir”. Körpəlik və yetkinlik dövrləri elm tərəfindən yaxşı araşdırılsa da, altıdan on iki yaşa qədər olan dövr “orta uşaqlıq” uzun müddət “unudulan illər” kimi tanınıb. Evelyn Antony deyir: “Çox araşdırma uşaqların danışıb yeriməyə başlamalarına və sonra yetkinlik dövründə edilən üsyankarlığa yönəlib. Amma orta uşaqlıq hələ də az araşdırılıb”. Bu, artıq dəyişir. Yeni tədqiqatlar uşaqların bu çevrilmə dövründəki əsas xüsusiyyətlərini müəyyən edir. Uşaqlar hisslərini daha yaxşı anlayır, onları idarə etməyi öyrənirlər. Onlar başqalarının davranışlarını daha dərindən dərk edə bilirlər və bu da onlara daha məsuliyyətli qərarlar verməyə kömək edir.
Körpə doğulduğu zaman bütünlüklə böyük insanlardan asılıdır – aclıq, yorğunluq, sancı kimi fiziki narahatlıqlar onu narahat edir. Sonrakı illərdə uşağın hiss palitrası genişlənir, sevinc, qorxu, hirs, lakin bu hissləri necə idarə edəcəyini bilmir, nəticədə, qulaqbatıran qışqırıqlar və qəzəb partlayışları olur.. Uşağın dili inkişaf etdikcə bu partlayışlar da azalır. Məsələn, ac olanda “acam” deyə bilər, bu da ətrafdakıların ona düzgün reaksiya verməsinə kömək edər. Hissləri adlandırmaq beyin üzərində birbaşa təsir göstərir, bu, düşüncə ilə bağlı olan prefrontal korteksi aktivləşdirir və xam emosiyalara cavabdeh olan amiqdalanı sakitləşdirir.
Beş-altı yaşa çatanda uşaqlar artıq daha müstəqil olmalıdırlar. Təkbaşına dostluq qurmalı, sevmədikləri insanlarla münasibət saxlamalı və böyüklərin qaydalarına əməl etməlidirlər. Onlar “mən kiməm” sualını cavablandırmağa çalışırlar. Bu dəyişikliklər emosional stabilliyə təsir edə bilər. Uşaq ya qəfil əsəbiləşə, ya da kədərli və yapışqan (çox bağımlı) ola bilər. Xoşbəxtlikdən, uşaqların beyni bu tələblərə tez uyğunlaşır. Onların söz ehtiyatı artır, qarışıq hissləri başa düşməyə başlayırlar. Doqquz yaşında əksər uşaqlar “Dəniz qızı Ariel” (The Little Mermaid) filminin həm kədərli, həm də xoşbəxt olduğunu anlayırlar. Uşaqlar hisslərini dəyişmək üçün strategiyalar öyrənirlər. Məsələn, məktəbdə çətinlik yaşadıqda əvvəlcə “Mən axmağam” deyə düşünsə də, sonradan özünü sakitləşdirə və yeni yanaşma tapa bilər. Bu prosesə “kognitiv yenidən qiymətləndirmə” deyilir. Bu bacarıqları əsasən valideynlərdən öyrənirlər. Evelyn Antony deyir: “Uşaqlar valideynlərinin mübahisələr və problemlərlə necə başa çıxdığını müşahidə edirlər”. Leiden Universitetindən Simone Dobbelaar izah edir ki, orta uşaqlıq dövründə uşaqlar “qarşılıqlı dostluğu” dərk etməyə başlayırlar. Onlar münasibətlərdə qarşılıqlı verib-almanı başa düşürlər və dostluqlar həyatlarında daha önəmli yer tutur. Məktəbdə və məktəbdənkənar dostlarla vaxt keçirməyə başlayırlar.
Beş yaşa qədər uşaqların əksəriyyəti “zehin nəzəriyyəsi”nə malik olur və başa düşürlər ki, başqa insanlar fərqli məlumat və inanclara sahib ola bilərlər. Bu, “Sally-Anne testi” ilə ölçülür: Sally topunu səbətə qoyur və çıxır, Anne isə topu ordan alıb qutuya qoyur. Uşaqdan soruşulur ki, Sally topunu harada axtaracaq? Gənc uşaqlar “qutu” deyə bilər, çünki topun yerini bilirlər. Amma beş yaşdan sonra uşaqlar başa düşürlər ki, Sally topun yerini bilmir və “səbət” cavabını verirlər.
Orta uşaqlıq dövründə uşaqlar başqalarının fikirlərini daha da dərindən başa düşürlər. Məsələn, bir uşaq (Nick) futbol komandasına düşmək istəyir, amma uğursuz olacağını düşünür. Məşqçi onu komandaya almaq istəyir, amma Nick bunu bilmir. Uşaqdan soruşulur: məşqçi Nick-in onun fikrindən xəbərsiz olduğunu bilir? Bu cür suallar bir insanın digər insanın düşüncəsi haqqında düşünməsini tələb edir, buna “təkrarlanan zehin nəzəriyyəsi” deyilir. Bu sosial düşüncə bacarığı dostluqlar qurmağa və təkliyi azaltmağa kömək edir. Dobbelaarın təcrübəsində uşaqlar dörd nəfərlik bir video oyununda başqa oyunçuların ədalətsizliyinə şahid olduqda zərər çəkən “bot”u müdafiə edirdilər. Beyin görüntüləmələri göstərib ki, bu mərhələdə uşaqlar daha az “özünə yönəlik” düşünür və başqalarına daha çox diqqət yetirirlər. Bu bacarıqların faydası olsa da, özünüdərk və özünə şübhə də artır. “Liking gap” (birinin sizi bəyəndiyini dəyərləndirməkdəki səhv) beş yaşda başlayır və orta uşaqlıq dövrü boyunca artır. Uşaqlar başqalarının onlar haqqında düşündüklərinə daha həssas olduqca onların fikirlərindən narahat olurlar.
Uşağın həyatındakı böyüklər bu bacarıqları inkişaf etdirməkdə mühüm rol oynayır. Evelyn Antony “emosiya məşqi”nin gücünə diqqət çəkir: uşağın hisslərini sakitcə dinləmək, onları təsdiqləmək və sonra yeni baxış bucağı göstərmək. Məsələn, uşaq incidici bir hadisə yaşadıqda ona bu hadisəni başqa cür izah etmək öyrədilə bilər. Valideynlər, həmçinin sosial vəziyyətləri uşaqlarla birlikdə müzakirə edə bilər, istər real həyatda, istərsə də hekayələrdə. Bu suallar onların başqalarının düşüncələrini anlama qabiliyyətini artırır.
Mənbə: Bbc news
Tərcümə etdi: Nigar Muştaqova
