Süni fotosintez uzun müddətdir potensial texnoloji irəliləyişlərlə bağlı ən çox müzakirə olunan mövzulardan biri olub. “NASA”-nın bu yaxınlarda başladığı araşdırma süni fotosintezin qida istehsalı üçün uyğun nəticələr verə biləcəyini nümayiş etdirib. Qida istehsalı üçün süni fotosintezi inkişaf etdirmək məqsədilə nəzərdə tutulan “Deep Space Food Challenge” layihəsi elektrolizatorlardan istifadə edərək süni fotosintezə nail olmağın mümkünlüyünü sübut edib. Tədqiqatın əsas məqsədi bioloji fotosintez ehtiyacını tam və ya qismən aradan qaldırmaqdır. Eyni zamanda layihə iqlim böhranı nəticəsində yarana biləcək potensial ərzaq problemlərini həll etməyə yönəlib.

Tədqiqatçıların məqsədi: Bioloji fotosintez ehtiyacını tamamilə aradan qaldırmaq
Qida istehsalında süni fotosintezin məqsədi günəş işığı və bitkilər tələb edən bioloji fotosintezə alternativ yaratmaqdır. Tədqiqatçılar bildiriblər ki, gələcəkdə bu ehtiyac tamamilə aradan qalxacaq. Qida istehsalını daha səmərəli hala gətirməyi hədəfləyən layihə ilk nəticələrini verib.
“Nature Food” jurnalında dərc olunan araşdırma iki mərhələdən ibarət olub. Sirkənin əsas komponentlərindən biri olan karbon qazı iki mərhələli elektrokatalitik prosesə məruz qalıb və günəş işığına ehtiyac olmadan fotosintez prosesi həyata keçirilib. Süni fotosintez adlanan bu proses nəticəsində qida istehsalını dəstəkləyən zəruri mikroorqanizmlər süni şəkildə inkişaf etdirilib.
Tədqiqat mərkəzində elektrolizatorlar
Elektrolizatorlar süni fotosintezə əsaslanan qida istehsalı layihəsinin əsas hissəsini təşkil edir. Layihənin bütün komponentləri elektrolizatorlar vasitəsilə bir araya gətirilib. Bu cihazların əsas funksiyası karbon qazına bənzər maddələri günəş işığı olmadan elektrik enerjisindən istifadə edərək qida istehsal edən mikroorqanizmlərə çevirməkdir.
Layihə çərçivəsində mikroorqanizmlərin böyüməsini və inkişafını dəstəkləmək üçün elektrolizatorlar optimallaşdırılıb. Bu optimallaşdırma nəticəsində süni fotosintez uğurla həyata keçirilib. Süni şəkildə böyüdülən mikroorqanizmlər qidalanmaq üçün asetata ehtiyac duyurlar.
Layihənin ikinci mərhələsində qida istehsal edən mikroorqanizmlərin asetatla qidalandırılması həyata keçirilib. Elektrolizator tərəfindən bu məqsədlə istehsal edilən asetat miqdarı rekord səviyyəyə çatıb. Testlər göstərib ki, asetatla qidalana bilən göbələklər, yaşıl yosunlar və mayalar süni şəkildə yetişdirilə bilər.
İqlim dəyişikliklərinin mənfi təsirlərini azaltmağı hədəfləyir
Süni fotosintez texnologiyası həm bioloji fotosintez ehtiyacını azaltmaq, həm də iqlim dəyişikliyinin təsirlərini aradan qaldırmaq məqsədi daşıyır. İqlim dəyişikliyi nəticəsində kənd təsərrüfatına artan tələbat və əhali sayındakı davamlı artım bu sahədəki inkişaflara təkan verib.
Daim artan əhali sığınacaq ehtiyaclarını qarşılamaq məqsədilə münbit torpaqların itirilməsinə səbəb olub. Süni fotosintez texnologiyası isə qida istehsalını günəş və torpaq asılılığından azad edərək süni və daha səmərəli bir prosesə keçid imkanı yaradır. Bundan əlavə, nəzarət olunan şəraitdə aparılan qida istehsalı qida təhlükəsizliyi baxımından da mühüm üstünlüklər təklif edir.
Heç bir qatqı olmadan qida istehsal edən mikroorqanizmlər hazırlanıb
Süni fotosintez texnologiyasının tətbiqi göstərib ki, bəzi mühüm ərzaq məhsulları günəş işığı olmadan da yetişdirilə bilər. Araşdırmalar nəticəsində pomidor, tütün, kolza, yaşıl noxud və düyü kimi məhsulların süni fotosintez yolu ilə qida istehsalı üçün uyğun olduğu müəyyən edilib.
Bu ərzaq məhsullarının istehsalında iştirak edən mikroorqanizmlər asetatla qidalanaraq inkişaf edə bilir. Layihə çərçivəsində istehsal edilən asetat bu mikroorqanizmlərin inkişafı üçün kifayət edib. Tədqiqatçılar hesab edirlər ki, əgər gələcəkdə insanlıq qapalı və qaranlıq mühitlərdə qida istehsalına ehtiyac duyarsa, süni fotosintez bu ehtiyacı qarşılayacaq həyati texnologiya olacaq.
Mənbə: Fikrimucit
Tərcümə etdi: Səidə Əsədli
