Bu gün:

Tibb tarixinin ən qaranlıq səhifəsi


Bəzən bir həkim yalnız yaxşılıq etmək istəyir… Lakin hər şey planlaşdırıldığı kimi getməyə bilər. Walter Freeman da psixi pozuntulara çarə tapmaq niyyətilə yola çıxır, lakin seçdiyi üsul faciəyə çevrilib. Onun “müalicə” adlandırdığı təcrübələr nəticəsində yüzlərlə insan ya həyatını itirib, ya da bir daha sağlamlığına qovuşa bilməyib. Bu gün "lobotomiya" ifadəsi deyildikdə ilk yada düşən ad, təəssüf ki, hələ də Freeman olur.

1895-ci ildə Filadelfiyada anadan olan Walter Jackson Freeman məşhur bir həkim ailəsinin üzvü idi. Yale Universitetindən məzun olduqdan sonra nevrologiya sahəsində ixtisaslaşıb və 1920-ci illərdə Vaşinqtonda ilk nevroloq kimi fəaliyyət göstərməyə başlayıb. O, St. Elizabeths adlı psixiatrik xəstəxanada çalışarkən zehni pozuntulardan əziyyət çəkən pasiyentlərin ağrılarına birbaşa şahid olub. Bu müşahidələr onu ruhi xəstəliklərə “davamlı və qəti” həll yolları axtarmağa vadar edib.

1935-ci ildə o portuqaliyalı həkim Egas Moniz tərəfindən tətbiq edilən və “leukotomiya” adlandırılan yeni beyin əməliyyatı üsulunu öyrənib və bu texnikanı daha da inkişaf etdirərək ABŞ-də tətbiq etməyə başlayıb.

1936-cı ildə cərrah James Watts ilə birlikdə ilk lobotomiya əməliyyatını həyata keçirib. Əməliyyatın məqsədi beynin ön paylarındakı əlaqələri kəsərək davranış pozuntularını aradan qaldırmaq idi. Lobotomiya — beyin toxumasına birbaşa müdaxilə edilərək pasiyentlərin psixi simptomlarını azaltmağa yönəlmiş cərrahi prosedur sayılırdı. Əvvəllər kəllə sümüyü deşilərək icra edilən bu əməliyyat zamanla Freeman tərəfindən “transorbital lobotomiya”ya çevrilib.

1946-cı ildən etibarən Freeman bu əməliyyatı pasiyentin göz yuvasından buzqıran alətinə bənzər bir cihazla həyata keçirməyə başlayıb. Bu prosedur zamanı anesteziyadan istifadə olunmurdu — xəstələr elektroşokla huşsuz hala salınırdı. Saniyələr çəkən bu müdaxilə zamanı beynin ön hissəsi faktiki olaraq zədələnirdi.

Freeman bu texnikanı “asan və sürətli bir həll yolu” kimi təqdim etmək məqsədilə ölkə boyunca səyahət edib. Mətbuata verdiyi şəkillər, canlı əməliyyat nümayişləri onu medianın diqqət mərkəzinə çevirib. Lakin eyni dövrdə yüzlərlə pasiyent ya ölüb, ya da ömürlük fəsadlarla üzləşib.

23 yaşlı bir qadın sadəcə “aqressiv davranışlar” səbəbiylə Freeman-a gətirilib. Lobotomiya əməliyyatından sonra onun zehni bacarıqları bir uşaq səviyyəsinə qədər azalıb və o həyatının qalan hissəsini xüsusi müəssisədə keçirməyə məcbur olub.

Freeman təkcə böyüklərlə deyil, uşaqlarla da işləyirdi. 12 yaşlı Howard Dully də onun lobotomiya əməliyyatı keçirdiyi uşaqlardan biri idi. Freeman bu uşağın “sevgi və cəza reaksiyalarına cavab vermədiyini” iddia edərək əməliyyatı əsaslandırıb.

Freeman-ın apardığı əməliyyatlardan təxminən 500-ü ölüm ilə nəticələnib. Hətta bir dəfə foto çəkilişi zamanı aləti həddən artıq basaraq bir xəstənin ölümünə səbəb olub. 1967-ci ildə onun son pasiyenti Helen Mortensen əməliyyatdan sonra beyin qanaması keçirərək həyatını itirib.

Bu hadisə Freeman-ın tibbi fəaliyyətinin rəsmi şəkildə dayandırılmasına səbəb olub. Lobotomiya qadağan edilib və Freeman 1972-ci ildə "diqqətdən kənarda" vəfat edib. Bu gün antipsixotik dərmanların istifadəsi lobotomiyanı tarixin arxivinə göndərsə də, Walter Freeman-ın tibb elminə vurduğu zərər hələ də onun adı ilə assosiasiya olunur və tibb tarixinin ən qaranlıq səhifələrindən biri kimi yaddaşlarda qalır.

Mənbə: Onedio

Tərcümə etdi: Xavər Məmmədli

Paylaş
Şərh əlavə et