Vasili Aleksandroviç Arxipov adlı sovet zabiti 1962-ci ildə verdiyi soyuqqanlı qərarla bəlkə də dünya müharibəsinin qarşısını alıb.

Kuba Raket Böhranı zamanı ABŞ və Sovet İttifaqı nüvə müharibəsi həddinə çatıb. ABŞ prezidenti Con Kennedi Kubaya Sovet raketlərinin yerləşdirildiyini öyrənib və adaya dəniz blokadası tətbiq edib.
27 oktyabrda, Karib dənizində B-59 adlı sovet sualtı qayığı ABŞ donanması tərəfindən aşkar edilib və dərinlik yükləri atılaraq səthə çıxmağa məcbur edilib. ABŞ qüvvələri bilməyib ki, bu qayığın nüvə başlıqlı torpedosu Hiroşimaya atılan bomba gücündə olub.
Uzun müddət dənizdə qalan heyət yorulub, Moskvayla əlaqələri kəsildiyindən vəziyyətdən xəbərsiz qalıblar. Komandir Valentin Savitski müharibənin başladığını düşünüb və USS Randolf təyyarədaşıyan gəmisinə qarşı nüvə torpedosu atmaq əmri verib.
Lakin sovet proseduruna görə, belə hücum üçün üç yüksək rütbəli zabitin razılığı lazım olub. Məhz bu anda Vasili Arxipov razı olmayıb. O bildirib ki, sualtı qayığa hücum olunmayıb, amerikalılar sadəcə onların kimliyini müəyyənləşdirməyə çalışıblar. Arxipov qayığın səthə çıxaraq Moskvayla əlaqə saxlamasını tələb edib.
Onun ehtiyatlılığı nəticəsində B-59 səthə çıxıb, ABŞ gəmiləri yoxlama aparmayıb və sovet sualtı qayığı geri dönüb. Sonradan Sovet rəhbəri Xruşşov, Kubadakı raket bazalarını sökməyi, əvəzində Kennedinin blokadanı qaldırma və adaya hücum etməmə sözünü qəbul edib. Beləcə, nüvə müharibəsi təhlükəsi dəf olunub.
Arxipov sonralar admiral olub, 1999-cu ildə vəfat edib. 2002-ci ildə amerikalı tarixçi Tom Blanton onun haqqında belə deyib:
“Vasili Arxipov adlı bir insan dünyanı xilas edib.”
2017-ci ildə isə o, ABŞ-da fəaliyyət göstərən Future of Life Institute tərəfindən “Gələcəyin Həyatı” mükafatına layiq görülüb.
Mənbə: TRT Global
Tərcümə etdi: Arzu Qafarova
