Bu gün:

İlk beyin əməliyyatlarının texnikası


Kəllə-beyin travmaları müasir dövrün deyil, qədim insanların da üzləşdiyi ciddi sağlamlıq problemi olub. İnsan həyatının ilk mərhələlərindən müxtəlif zədələrlə rastlaşıb və xüsusilə baş travmaları ilə mübarizə aparmaq məcburiyyətində qalıb. Bu vəziyyət insanı müalicə yolları axtarıb tapmağa və öz təcrübəsini inkişaf etdirib tətbiq etməyə vadar edib. 

Neolit dövründə beyin əməliyyatları aparılıb və bu əməliyyatlar əsasən trepanasiya üsulu ilə həyata keçirilib. Trepanasiya kəllə sümüyündə deşik açmaqla icra olunub və bəzən daş alətlərlə yerinə yetirilib. Bu söz yunan dilindəki "Trüpanon" sözündən götürülüb və "sərhəd" mənasını verib. Başın sabit qalması üçün xüsusi qurğular hazırlanıb və əməliyyat bu çərçivədə icra edilib. Trepanasiya və trefinasiya anlayışları zamanla bir-birinin yerinə istifadə olunub. Trefinasiya fransız mənşəli olub və dairəvi hərəkətlə sümüyü kəsmə üsulunu ifadə edib. Hər iki üsulda məqsəd yalnız deşik açmaq deyil, sümük parçasını çıxarıb beyni yüngülləşdirmək olub.

Rəsmi olaraq trepanasiyanın kəşfi Pol Broka, Viktor Horsli və Hippokratla əlaqələndirilib. Lakin arxeoloji tapıntılar göstərib ki, bu əməliyyat minilliklər əvvəl dünyanın müxtəlif yerlərində tətbiq edilib. Ən qədim tibbi sənəd olan Edvin Smit Papirüsü baş travmaları haqqında məlumat verib. Bu sənəddə 48 tibbi hal təsvir edilib və onların 27-si kəllə-beyin travmaları ilə bağlı olub. Pol Broka qədim insanların trepanasiya texnikasına yaxşı bələd olduqlarını irəli sürüb. Bu əməliyyat bəzən zədədən sonra yaranan təzyiqi azaltmaq üçün, bəzən isə ruhi xəstələrdən “şər ruhları” çıxarmaq məqsədilə aparılıb. Hippokrat və onun davamçıları trepanasiyanı tövsiyə edib və texniki detalları qeyd ediblər. Roma alimi Kels əməliyyatın necə aparılmalı olduğunu dəqiq şəkildə izah edib. Qalen isə baş zədələrində yaranan "pis bədən mayelərinin" öz-özünə axmasının daha faydalı olduğunu düşünərək sarğıdan çəkinib. Qədim insanlar başlarını qorumaq üçün dəbilqələr hazırlayıb. E.ə. 2000-ci illərdə misirlilər döyüşlərdə metal başlıqlar geyinib. Firon Tutmos III qızıl dəbilqə taxdığı sənədləşdirilib. Daha sonra Assurlar, Babililər və yunanlar baş qoruyucu texnologiyanı təkmilləşdirib. E.ə. 500-cü illərdə üz və başı tam örtən dəbilqələr hazırlanıb.

Fröliş adlı hərbi həkim Troy döyüşündə baş verən xəsarətləri analiz edib və onların 21%-nin baş travması olduğunu qeyd edib. Ümumilikdə 114 ölümcül hal müəyyənləşdirilib və baş travması alanların əksəriyyəti sağ qala bilməyib. Müsəlman alim Əbu əl-Qasım əz-Zəhravi trepanasiyanı xüsusi alətlərlə icra edib və alətin beyinə toxunmamasını vacib sayıb. O, əməliyyatı izah edərkən cərrahın təcrübəsiz olsa belə əməliyyatı uğurla edə biləcəyini vurğulayıb. 1685-ci ildə Montfokon Fransada trepanasiya olunan ilk kəllə sümüyünü tapıb. Daha sonra Fransada e.ə. 6500-cü ilə aid 120-dən çox belə nümunə aşkarlanıb. Onlardan 40-ında sümükdə dəqiq trepanasiya izləri müşahidə edilib. Bənzər tapıntılar Almaniya, Portuqaliya, İtaliya və Avstriyada da üzə çıxıb. 1966-cı ildə İranda 11-12 yaşlı uşağa aid trepanasiya olunmuş kəllə sümüyü tapılıb. Şahri-Suxte ərazisində isə 13-14 yaşlı qıza məxsus daha qədim bir nümunə aşkarlanıb. Peru isə bu sahədə ən geniş yayılmış trepanasiya izlərinə malik ölkə hesab olunub. Orada e.ə. 400-cü illərə aid çoxsaylı nümunələr tapılıb. Bu əməliyyatlar əsasən dini və magik məqsədlərlə, bəzən isə tibbi göstərişlə icra edilib. Arxeoloji sübutlar göstərib ki, bu üsulun ən azı 7000 illik tarixi mövcuddur. Ənənəvi inanca görə, trepanasiya ilə insanın beynindəki pis ruhlar çıxarılıb. Lakin qədim həkimlər müşahidələr aparıb və baş zədələrini düzgün diaqnoz edib. Bu isə onların anatomiya və travma haqqında geniş biliyə malik olduğunu göstərib.

Mənbə: National İnstitutes of Health

Tərcümə etdi: Arzu Qafarova 

Paylaş
Şərh əlavə et