Rusiyanın nəzarətində olan Ukraynanın Donetsk vilayətində sərnişin avtobusu pilotsuz uçuş aparatı (PUA) ilə həyata keçirilən hücumun hədəfinə çevrilib. Hadisə nəticəsində 7 nəfər həyatını itirib, 11 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Ötən ay görüntülənən Ukrayna istehsalı olan “Vampire” tipli ağır bombardmançı pilotsuz uçuş aparatı, BBC
Məlumata görə, hadisə çərşənbə günü səhər saatlarında Moskva–Simferopol marşrutu üzrə hərəkət edən sərnişin avtobusunda baş verib. Donetsk vilayətinin Rusiya tərəfindən təyin olunmuş rəhbəri Denis Puşilin bildirib ki, avtobus Yenakiyevo şəhəri yaxınlığında pilotsuz uçuş aparatı tərəfindən vurulub.
Puşilinin sözlərinə görə, yaralanan şəxslərə tibbi yardım göstərilir və onların vəziyyəti nəzarət altındadır.
Hadisə fonunda Rusiyanın müxtəlif bölgələrində də genişmiqyaslı dron hücumları qeydə alınıb. Rusiya rəsmiləri ölkənin qərb regionlarında, o cümlədən Belqorod, Kursk, Moskva ətrafı ərazilər və Azov dənizi üzərində çoxsaylı Ukrayna dronlarının zərərsizləşdirildiyini açıqlayıblar.
Rusiya Müdafiə Nazirliyinin məlumatına əsasən, gecə ərzində ümumilikdə 350 Ukrayna pilotsuz uçuş aparatı məhv edilib. Onlardan ən azı 50-si Sankt-Peterburqun yerləşdiyi Leninqrad vilayəti üzərində vurulub.
Bu arada, Ukrayna Prezidenti Volodimir Zelenski Sankt-Peterburqdakı neft terminalına zərbələrin endirildiyini təsdiqləyib. O, sosial şəbəkədə paylaşdığı videoda obyekt üzərində qalxan qara tüstünü nümayiş etdirərək, Ukrayna qüvvələrinin Rusiyanın mühüm infrastruktur obyektlərini hədəfə aldığını bildirib.
Ukrayna hökumətinin Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andriy Kovalenko isə Rusiyanın avtobus hücumu ilə bağlı açıqlamalarını şərh edərək, Moskvanın təbliğat vasitəsilə “paralel reallıq” yaratmağa çalışdığını iddia edib. O, hadisəni birbaşa təkzib etməsə də, Rusiyanın mülki şəxslərə qarşı hücumlarını gizlətmək məqsədilə oxşar məlumatlar yaydığını bildirib.
Eyni zamanda, Ukraynanın Xerson vilayətində Rusiyanın gecə hücumları nəticəsində 86 yaşlı qadının öldüyü açıqlanıb. Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya gecə ərzində ölkənin müxtəlif bölgələrinə 198 dron göndərib və onların 189-u zərərsizləşdirilib.
Qeyd edək ki, son günlər Rusiya və Ukrayna arasında qarşılıqlı hava hücumlarının intensivliyi əhəmiyyətli dərəcədə artıb. Ukrayna rəsmilərinin məlumatına görə, Rusiyanın ötən gün həyata keçirdiyi genişmiqyaslı raket və dron hücumları nəticəsində azı 22 nəfər həlak olub.
Kreml isə bu hücumların əvvəlki Ukrayna əməliyyatlarına cavab olaraq həyata keçirildiyini və zərbələrin hərbi hədəflərə yönəldiyini bəyan edib.
Mənbə: BBC
Tərcümə etdi: Zəhra Məlikova
