Bu gün:

Milli Qurtuluşdan müasir zəfərlərə: Mingəçevirdə Ulu Öndər Heydər Əliyevin siyasi irsinə həsr olunan konfrans keçirilib


2026-cı ilin 12 iyun tarixində Mingəçevir şəhər İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyasının (YAP) Mingəçevir şəhər təşkilatı və Mingəçevir Dövlət Universitetinin (MDU) birgə təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Ulu Öndər Heydər Əliyev Milli Qurtuluşumuzun müəllifidir” mövzusunda konfrans keçirilib.

24media.az xəbər verir ki, Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə şəhər rəhbərliyi, partiya üzvləri, universitetin akademik-inzibati heyəti, tələbələr, şəhid ailələri, müharibə veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Konfransdan öncə iştirakçılar Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, mərkəzin foyesində Ulu Öndərin zəngin ömür yolunu əks etdirən fotoşəkillər, rəsmlər və vətənpərvərlik ruhunda hazırlanmış əl işlərindən ibarət sərgiyə baxış keçiriblər. Tədbir şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Dövlət Himninin səsləndirilməsi və Heydər Əliyevin xidmətlərinə həsr olunmuş videoçarxın nümayişi ilə başlayıb.

Konfransı giriş nitqi ilə açan Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov “15 iyun 1993-cü il Azərbaycan xalqı və dövlətçiliyi üçün qurtuluş tarixinin başlanğıcıdır” mövzusunda çıxış edərək, Ulu Öndərin hakimiyyətə qayıdışı ilə ölkənin xaos və parçalanma təhlükəsindən xilas olduğunu, sabit inkişafın əsasının qoyulduğunu diqqətə çatdırıb.

Daha sonra YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev Heydər Əliyev irsinin müasir inkişaf strategiyasındakı rolundan bəhs edib. MDU-nun rektoru Anar Eminov isə “Milli Qurtuluş Günü Azərbaycan təhsilinin uğurlu gələcəyinə gedən yolun təməlidir” mövzusundakı məruzəsində Ümummilli Liderin dövlətçilik fəlsəfəsində elm və təhsilin yerini vurğulayaraq bildirib ki, 15 İyun Azərbaycan dövlətçiliyinin xilası, milli iradənin zəfəri və müstəqilliyimizin əbədiliyinin təmin olunduğu tarixi gündür. Rektor əlavə edib ki, universitet bu irsə sadiq qalaraq milli dəyərlərə bağlı, vətənpərvər gənclərin yetişdirilməsini hədəfləyir.

Konfransda həmçinin Qərbi Azərbaycan İcmasının Mingəçevir nümayəndəliyinin sədri Mayıl İsmayılov azərbaycançılıq ideologiyasının önəmini, Ruhi Əsəb Xəstəlikləri Dispanserinin baş həkimi Şəmsinur Hüseynova isə müasir zəfərlərimizin Prezident İlham Əliyev tərəfindən bu siyasi kursun qətiyyətlə davam etdirilməsinin məntiqi nəticəsi olduğunu vurğulayıb.

Tədbir MDU tələbələrinin və məktəblilərin ifasında vətənpərvərlik ruhunda hazırlanan ədəbi-bədii kompozisiya ilə yekunlaşıb.







Həvva Cəbrayılova

Paylaş
Şərh əlavə et