Mingəçevir Dövlət Universitetində (MDU) regionun ən böyük və müasir Kibertəhlükəsizlik Laboratoriyasının açılış mərasimi keçirilib.
24media.az xəbər verir ki, tədbirdə iştirak etmək üçün bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəylinin rəhbərlik etdiyi nümayəndə heyəti universitetdə qonaq olub. Nümayəndə heyətinin tərkibində şirkətin regional sosial sərmayələr və sponsorluq fəaliyyəti üzrə rəhbər şəxsləri – Xalid Rəcəbov, Babək Həmidov, Rəna Həsənova və Cəmilə Sultan da yer alıb.
MDU-nun rektoru Anar Eminov qonaqları salamlayaraq universitetdə aparılan rəqəmsal transformasiya, mühəndislik və İT sahəsindəki islahatlar barədə ətraflı məlumat verib. Rektor bu sahəyə tələbə marağının ilbəil artdığını diqqətə çatdırıb və vurğulayıb ki, yeni laboratoriya gənclərə real kiberhücum ssenarilərini analiz etmək, nəzəri biliklərini praktiki vərdişlərlə möhkəmləndirmək və beynəlxalq standartlara uyğun kompetensiyalar qazanmaq imkanı verəcək. O, bu layihəni universitet-sənaye əməkdaşlığının çox uğurlu bir nümunəsi kimi dəyərləndirərək bp rəhbərliyinə təşəkkürünü bildirib.
bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli ali təhsil müəssisələrində İKT infrastrukturu və kibertəhlükəsizlik laboratoriyalarının qurulması layihəsinin ölkənin rəqəmsal dayanıqlılığı üçün strateji əhəmiyyət daşıdığını qeyd edib. O, bu səfərin "Şahdəniz" və "Əsrin müqaviləsi" çərçivəsində işlənilən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun fəaliyyətinin 30 illik yubileyi ərəfəsinə təsadüf etdiyini xatırladaraq, insan kapitalına qoyulan investisiyaların bp-nin uzunmüddətli tərəfdaşlıq fəlsəfəsinin əsası olduğunu vurğulayıb.
Açılışın bədii hissəsindən sonra qonaqlar laboratoriyadakı texnoloji avadanlıqlar və müasir infrastrukturla yaxından tanış olublar. bp nümayəndələrinə sistemlərin texniki imkanları və tələbələrin burada hazırlayacağı praktiki layihələr barədə məlumat verilib. Layihənin ölkənin ümumi kibertəhlükəsizlik ekosisteminə və rəqəmsal kadr potensialının gücləndirilməsinə mühüm töhfə verəcəyi vurğulanıb.




Həvva Cəbrayılova
