Körpənin doğular-doğulmaz ağlaması əksər insanlar üçün adi və tanış bir mənzərədir. Hətta bu səs həkimlər və valideynlər üçün rahatlıqverici bir əlamət hesab olunur. Lakin həmin ilk ağlamanın səbəbi düşündüyümüz kimi təkcə ağrı və ya narahatlıq deyil. Bu ilk çığırtı körpənin həyata sağlam bir başlanğıc edib-etmədiyini göstərən mühüm fizioloji göstəricidir.

Körpələr ana bətnində olduqları zaman nəfəs almırlar; onların oksigenə olan tələbatı cift və göbək ciyəsi vasitəsilə anadan təmin edilir. Lakin doğum anında bu sistem bağlanır və körpə artıq müstəqil şəkildə nəfəs almağa məcbur olur. Məhz bu kritik anda ilk ağlama prosesi baş verir. Körpə doğum zamanı üzləşdiyi soyuq hava və fiziki stimullara cavab olaraq refleksiv şəkildə ilk nəfəsini alır və bu proses çox vaxt ağlama ilə müşayiət olunur.
Bu ağlama körpənin ağciyərlərinin ilk dəfə genişlənməsini təmin edir. Ağciyərlərdə toplanmış maye sıxılaraq çıxarılır və onun yerini hava tutur. Bununla körpənin öz oksigen dövranı başlayır. Yəni həmin ilk ağlama sadəcə səs deyil – körpənin həyata “ilk addımı” və yaşama iradəsinin ən açıq ifadəsidir. Əgər körpə ağlamırsa, bu o demək ola bilər ki, həmin həyati keçid hələ baş verməyib.
Ana bətnində olarkən körpənin ağciyərləri aktiv olmadığı üçün ürəkdə qan fərqli bir istiqamətdə hərəkət edir. Lakin doğumla birlikdə nəfəsalma prosesi başlayanda ürəkdəki qan dövranı da sürətlə dəyişir. Bu dəyişiklik körpənin bədəninə oksigen daşıyan yeni sistemin işə düşməsi deməkdir.
Əgər körpə kifayət qədər ağlamır və ya nəfəs almaqda çətinlik çəkirsə, bədənə lazımi miqdarda oksigen çatmaya bilər. Bu isə ürəyin fəaliyyəti də daxil olmaqla həyati orqanların funksiyalarına mənfi təsir göstərə bilər. Qan təzyiqi düşə, orqanlara oksigen daşınması ləngiyə bilər. Bu səbəbdən doğum anında eşidilən ağlama səsi həm tənəffüs, həm də qan dövranı sistemlərinin düzgün işə düşdüyünü göstərən mühüm əlamətdir.
Əksəriyyətin ağlında doğum səhnəsi ağlayan körpə ilə assosiasiya olunur, lakin əslində, bütün körpələr doğular-doğulmaz ağlamır. Bəzən doğum zamanı körpənin oksigen səviyyəsi aşağı ola bilər və ya ürək-damar sistemində keçici uyğunlaşma problemi yaşana bilər. Bu kimi hallarda körpələr nəfəs almaqda və ağlamaqda gecikə bilər.
Lakin bu o demək deyil ki, ağlamayan hər körpədə problem var. Bəzən körpələr doğulduqdan dərhal sonra ağlamasalar belə, normal şəkildə nəfəs alır və dərilərinin rəngi sağlam bir şəkildə çəhrayılaşır.
Mənbə: Onedio
Tərcümə etdi: Xavər Məmmədli
