Bu gün:

Şüur nədir? – İnsan zehninin sirləri


Şüurun sirri ilə bağlı iki əsas yanaşma var: bəziləri şüurun, ölümdən sonra ruhun varlığı kimi sirli olduğunu düşünür, digərləri isə təkamül irsiyyət mexanizminin kəşfindən əvvəlki kimi bir sirr olduğunu hesab edir.

 Bu gün şüurun sirri əsasən onun necə hiss olunduğu, yəni “fenomenal hiss”, məsələn qırmızının qırmızı kimi görünməsi və qorxunun qorxulu olması ilə bağlıdır. Belə hisslər “kvalia” adlanır (Tomas Neygel və Devid Çalmerz kimi filosoflar bu termini işlədiblər). Onlar bu kvaliaları şüurun “çətin problemi” sayırlar.

Neygel və Çalmerz dualist filosoflardır, yəni şüurun fiziki olmadığını və beyin funksiyası kimi izah olunmayacağını düşünürlər. Ouen Flanegan onları “yeni mistiklər” adlandırır, çünki onlar şüuru qeyri-fiziki izahlarla əlaqələndirirlər.

Elm filosoflardan çox şey öyrənib, amma elm və fəlsəfənin məqsədləri fərqlidir. Çalmerz probleminin elmi yox, fəlsəfi problem olduğunu düşünən alimlər də var. Anil Set isə kitabında elm adamlarının “şüurun real problemi”, yəni şüuru elmi üsullarla anlamağa fokuslanmalı olduğunu deyir. Şüurun fiziki-bioloji hissəmiz olduğunu qəbul etməsək, onun sirri həll olunmayacaq.

Fəlsəfi arqumentlər məntiqlə qurulur və insan zehninə çox inandırıcı gəlir, amma fiziki olmayan şüur elmdə paradoksdur. Uilyam Ceyms həm filosof, həm alim olaraq bununla bağlı ziddiyyətləri görüb və şüurun elmdə lazım olmadığını düşünüb.

Elm məlumat toplayır, fəlsəfə isə düşünür. Onlar bir-birini tamamlamalıdır. Mauris Merlo-Ponti deyib ki, elm fəlsəfəsiz nə danışdığını bilməz. Amma insan beyni əsasən məntiq maşını deyil, Kahneman və Tverski göstəriblər ki, insanlar tez-tez məntiq deyil, praktiki qısa yollarla düşünür.

Əgər biz “özümüz” və “kvalia” kimi anlayışları reallıq kimi qəbul etsək, elmdə ilişib qala bilərik. Qeyri-fiziki şüur mövqeyi fəlsəfədə olar, amma elmdə başlanğıc nöqtəsi olmamalıdır, çünki belə şüuru elmi üsullarla araşdırmaq mümkün deyil. Danil Denet deyir ki, Çalmerz problemi artıq rədd edilmiş “vitalizm” kimi bir fikirə bənzəyir.

Yekun olaraq, şüurun sirrini anlamaqda elm və fəlsəfənin sərhədlərini düzgün qoymaq lazımdır. Elm fiziki-bioloji əsaslarla işləməlidir, fəlsəfi suallar isə düşüncə sahəsində qalmalıdır.


Mənbə: Psychology Today 

Tərcümə etdi: Arzu Qafarova 

Paylaş
Şərh əlavə et