Bu gün:

Pakistan İranla sərhədi bağlayıb-Müsahibə


Pakistan Yaxın Şərqdəki vəziyyətin kəskinləşməsi ilə əlaqədar İranla sərhədi qeyri-müəyyən müddətə bağlayıb. Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva 24Media.az-da öz fikirlərini bölüşüb.

-Bu addım Pakistan-İran münasibətlərində gərginliyin artmasından xəbər verir, yoxsa müvəqqəti tədbirdir?

Pakistanın İranla sərhədi qeyri-müəyyən müddətə bağlaması ilk baxışdan təhlükəsizlik səbəbləri ilə atılmış ehtiyat tədbiri kimi görünə bilər, lakin bu addım iki ölkə arasında son aylarda müşahidə olunan artan narazılıqların fonunda daha geniş bir geosiyasi siqnal daşıyır. Xüsusilə İranın daxili sabitliyi və regiondakı hərbi ritorikası nəzərə alınarsa, Pakistan bu addımı həm sərhəd təhlükəsizliyini təmin etmək, həm də regiondakı qeyri-müəyyən proseslərə bir növ məsafəli duruş sərgiləmək məqsədilə atmış ola bilər. Beləliklə, bu addım həm gərginliyin nəticəsi, həm də preventiv xarakterli müvəqqəti tədbir kimi dəyərləndirilə bilər.

-İran və Pakistan arasındakı sərhəd gərginliyi Çinin regiondakı maraqlarına necə təsir göstərə bilər?

Çin üçün İran və Pakistan arasında sabit münasibətlər həyati əhəmiyyət daşıyır. “China–Pakistan Economic Corridor” (CPEC) layihəsinin əsas keçid marşrutlarından biri məhz Pakistanın cənub-qərbində İranla sərhədə yaxın ərazilərdən keçir. Əgər sərhəd gərginliyi uzunmüddətli və ya hərbiləşmiş formaya keçərsə, bu, Çin investisiyalarının təhlükəsizliyinə və regiondakı logistik şəbəkənin davamlılığına ciddi təhdid yarada bilər. Bundan əlavə, Çin İranla da enerji və nəqliyyat sahəsində əməkdaşlıq edir və bu iki strateji tərəfdaş arasındakı münasibətlərin pisləşməsi Pekinin “Bir Kəmər, Bir Yol” təşəbbüsünə ciddi zərbə vura bilər. Buna görə də Çin bu gərginliyi neytrallaşdırmaq üçün arxa planda sakit diplomatik vasitəçilik rolunu oynaya bilər.

-İslam Əməkdaşlıq Təşkilatı bu qərara reaksiya verə bilərmi?

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) adətən üzv dövlətlər arasındakı münaqişələrə birbaşa müdaxilə etməkdə passiv mövqe tutur, lakin vəziyyətin daha da dərinləşəcəyi təqdirdə, təşkilatın diplomatik çağırış və vasitəçilik təşəbbüsləri ilə çıxış etməsi mümkündür. Xüsusilə müsəlman ölkələri arasında birlik və əməkdaşlıq ideyasını qorumağa çalışan İƏT sərhədin uzun müddət bağlı qalmasının regiondakı humanitar və iqtisadi əlaqələrə təsirini əsas gətirərək tərəfləri dialoqa çağıran yumşaq bəyanat verə bilər. Lakin bu reaksiya daha çox simvolik xarakter daşıyacaq və praktik həll imkanları məhdud olacaq.

Aysel Mirzəyeva

Paylaş
Şərh əlavə et