24media.az-ın budəfəki müsahibi Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri, professor Azər Maqsudovdur. Müsahibə ərzində o, zəhərli ilan növləri, ilan sancmaları, yol verilən yanlış müdaxilələr və doğru ilkin tibbi müdaxilələr haqqında danışıb.

Azərbaycan bölgələrində ən çox rast gəlinən zəhərli ilan növləri hansılardır?
Azərbaycan bölgələrində ən çox rast gəlinən zəhərli ilan gürzə ilanıdır. Qafqaz bölgəsində 5 növ gürzə ilanı var. Digər zəhərli ilan isə əfi ilandır. Başqa ilan növləri isə Azərbaycanda toksiki baxımdan o qədər də geniş yayılmayıb. Əsas təhlükə yaradan gürzə ilanıdır. Əgər vaxtında müdaxilə olmasa, bu ilan növünün sancması həyati təhlükə yaradır.
Zəhərli və zəhərsiz ilan sancmalarını bir-birindən necə ayırmaq olar?
Zəhərli və zəhərsiz ilanların fərqi ondan ibarətdir ki, zəhərli ilanların 2 dişi olur, dişlədiyi zaman 2 dişin izi qalır. Sancma zamanaı çox vaxt dəridə ağrılar, qızartı, qaşınma və getdikcə artan şişkinlik müşahidə olunur. Bu göstəricilər artmağa başladıqca şişkinlik göyərə hətta bir neçə müdətdən sonra qarala da bilər. Buna səbəb isə qan dövranı, qan laxtalanmasının pozulması və nəticədə, fəsadlaşma vəziyyətin pisləşməsinə doğru gedir.
İlan sancması zamanı ilk yardım necə olmalıdır və etdiyimiz hansı yanlış müdaxilələr vəziyyəti daha da ağırlaşdırır?
İlan yuxarı və aşağı ətraflarda yumşaq toxumaları sancır. Buna görə də mütləq ilk yardım ondan ibarətdir ki, birinci olaraq, gərək hərəkətsiz vəziyyət qorunsun, varsa, buz qoymaq lazımdır, dişlənilən nahiyəni yod məhlulu ilə təmizləmək lazmdır ki, infeksiyalaşmış yaraya çevrilməsin. Əsas olaraq isə tez bir zamanda təcili yardımı çağırmaq və ya ən yaxın tibb müəssisəsinə aparmaq mütləqdir ki, həkim nəzarəti ilə tibbi müdaxilələr həyata keçirilsin: zərərçəkən şoka düşməsin, müayinə və hazırlıq işlərindən sonra zərdab vurulmalıdır.
Vəziyyəti daha da ağırlaşdıran müdaxilələr: ilan sancan yerdə zəhəri sovurmaq, çərtmək, kəsmək, yandırmaq, qatıq, sarımsaq və s. sürtmək bu kimi müdaxilələri məsləhət görmürük, çünki praktiki heç bir əhəmiyyət kəsb etmir və infeksiyalaşmış yaraya gətirib çıxarır. Yara yod məhlulu ilə təmizlənməli və tez bir zamanada ən yaxın tibb müəssəsində zərdab vurulmalıdır ki, həyati təhlükə qalmasın.
Xavər Məmmədli
