Bu gün:

Maya qatarı layihəsi altında gizlənən tarix


Meksikada Yucatan Yarımadası boyunca inşa edilən Maya Qatarı adlı 1.500 km-lik turizm layihəsi zamanı çox sayda arxeoloji tapıntılar aşkarlanıb. 

Layihənin məqsədi turizm, iqtisadi inkişaf və infrastruktur yaratmaq olsa da, qazıntılar zamanı 13,000-dən çox arxeoloji artefakt aşkarlanıb. Bunların əksəriyyəti hələ ictimaiyyətə açıqlanmayıb və detallar Milli Antropologiya və Tarix İnstitutu (INAH) tərəfindən gizli saxlanılır.

Tikinti zamanı müxtəlif bölgələrdə keramika, daş alətlər, insan sümükləri, qədim yollar, yaşayış sahələri və tikililər aşkar edilib. Bu kəşflər qatar marşrutunda dəyişiklik edilmədən davam edən tikintini ləngidir. INAH bəyan edib ki, lazım gələrsə, işlər dayandırılacaq və ərazilər qoruma altına alınacaq.

Lakin yerli maya icmaları narahatdır: onlar öz mədəni irslərinin dağıdılmasından və tapıntıların ya oğurlanmasından, ya da xarici ölkələrə daşınmasından ehtiyat edirlər. Onlara görə, bu proses kültür soyğunçuluğuna bənzəyir və tarix təkrar olunur. İcma nümayəndələri bildirir ki, tikinti zamanı xarici görkəmli şəxslər və mühəndislər tərəfindən tapıntılar yığılır və sonra onların hara aparıldığı bilinmir.

Bəzi hüquq müdafiəçiləri layihənin dayandırılması üçün məhkəmə iddiaları qaldırsa da, bu proseslər bürokratik əngəllərlə qarşılaşıb. Tikinti sürətlə davam edir və mexaniki texnika ilə aparılan qazıntılar hələ də bilinməyən, qiymətli tarixi irsin məhv olmasına səbəb ola bilər.

Arxeoloqlar bildirirlər ki, region hələ tam öyrənilməyib və burada mühüm tarixi abidələrin aşkarlanması ehtimalı yüksəkdir. Bəzi mütəxəssislər isə xəbərdarlıq edir: əgər bu irs nəzarətsiz şəkildə dağıdılarsa, bəşər tarixinin mühüm məlumatları əbədi itirilə bilər.

Mənbə: EL PAÍS English 

Tərcümə etdi: Arzu Qafarova 

Paylaş
Şərh əlavə et