1896-cı ilin 27 avqustunda baş verən Anqlo-Zənzibar müharibəsi dünya tarixində əhəmiyyətli qarşıdurmalardan biri kimi yadda qalmayıb.

Bu müharibə hətta həmin onillikdə Britaniya imperiyası üçün ən böyük müharibə də olmayıb – bir neçə il sonra başlayan İkinci Bur müharibəsi ilə müqayisədə daha kiçik olub. Amma bu müharibənin bir unikal xüsusiyyəti var: bu, tarixdə qeydə alınmış ən qısa müharibədir.
Niyə Anqlo-Zənzibar müharibəsi tarixdə ən qısa müharibə sayılır?
1896-cı ilin 27 avqustunda Britaniya imperiyası ilə Zənzibar Sultanlığı arasında baş tutub bu qarşıdurma cəmi 38 dəqiqə davam edib.
Bu, Britaniyanın tam qələbəsi ilə başa çatıb və onlar Zənzibarda onilliklər boyu mövqelərini möhkəmləndirib. Lakin bu qısa müddətli müharibənin arxasında mürəkkəb geosiyasi səbəblər dayanıb.
Anqlo-Zənzibar müharibəsinin arxa planı nə olub?
Zənzibar bu gün Tanzaniyanın şərq sahillərində yerləşən ada qrupu Hind okeanında strateji bir mərkəz, zəngin resurslara sahib olub və ticarət yollarının kəsişməsində yerləşib. 1890-cı ilə qədər Zənzibar Britaniya protektoratına çevrilib, bu o demək idi ki, sultan rəsmi olaraq hakim olsa da, əsl siyasi və hərbi nəzarət Britaniya imperiyasının əlində olub.
Britaniyanın Zənzibardakı maraqları əsasən ticarətlə bağlı olub, lakin bu maraqlar Afrika üzərində Avropa gücləri arasında gedən imperialist rəqabət fonunda qiymətləndirilməli idi. Xüsusilə də Almaniya imperiyası ilə mübarizə kontekstində Zənzibar, Britaniya Hindistanından Avropaya gedən dəniz yollarına nəzarət baxımından həyati əhəmiyyət daşıyıb.
Bundan əlavə, Britaniya həm humanitar, həm də imperialist məqsədlərlə Şərqi Afrikada kölə ticarətinə qarşı kampaniya aparıb. Halbuki Zənzibar uzun müddət bu ticarətin əsas mərkəzlərindən biri olub.
Anqlo-Zənzibar müharibəsinin səbəbi nə olub?
Müharibənin baş verməsinə səbəb olan hadisə avqustun əvvəlində Britaniyapərəst sultan Həməd bin Tuvayninin ölümü olub. Ölümünün səbəbi dəqiq bilinməsə də, onun əmisi oğlu Xalid ibn Bərğaş tərəfindən zəhərlənib deyə güman olunub. Xalid dərhal özünü yeni sultan elan edib.
Bu hadisə Britaniyanın maraqlarına zidd olub, çünki onlar daha itaətkar namizəd – Həmud bin Məhəmmədi dəstəkləyiblər.
Xalid hakimiyyəti ələ alanda, həm Britaniyanın icazəsi olmadan hərəkət edib, həm də Almaniyaya yaxın biri kimi tanınıb. Bu isə ciddi narahatlıq yaradıb. Onun hakimiyyəti, Britaniyanın bölgədəki nüfuzuna təhlükə törədə bilərdi. Gərginlik artdıqca, Xalid sarayı möhkəmləndirib, təxminən 2800 tərəfdarını, topları və pulemyotları toplayıb. Hətta bir qədər silah daşıyan kral yaxtası limana göndərilib. Lakin bu, Zənzibar dəniz qüvvələrinin Britaniya döyüş gəmiləri qarşısında dayana bilməsi üçün yetərli olmayıb.
27 avqust 1896-cı il, saat 09:02-də Arxa Admiral Harri Lawsonun rəhbərliyi ilə Britaniya Kral Donanmasının gəmiləri atəş açıb.
Bombardman dağıdıcı olub və saray bir neçə dəqiqə ərzində demək olar ki, yerlə-yeksan edilib. Zənzibarın yeganə hərbi gəmisi – kral yaxtası – qısa zamanda batıb.
Britaniya dəniz piyadaları və matrosları quruya enib və yanan saraya doğru irəliləyiblər, əksər hallarda müqavimət görməyiblər. Təxminən 38 dəqiqə ərzində (bəzi mənbələr bu müddətin 45 dəqiqə olduğunu iddia edib) Xalid qüvvələri darmadağın edilib.
Anqlo-Zənzibar müharibəsindən sonra nə baş verib?
Müharibədən sonra Britaniya imperiyası Zənzibarda hakimiyyətini daha da möhkəmləndirib və onların dəstəklədiyi yeni sultan faktiki olaraq kukla hökmdar kimi fəaliyyət göstərib.
Qısa müddətli olsa da, bu müharibə Avropa dövlətlərinin Şərqi Afrikada nə qədər üstün hərbi gücə malik olduğunu açıq şəkildə göstərib və digər yerli hökmdarlara bir siqnal verib: texnologiya və güc baxımından imperiyalarla mübarizə aparmaq real olmayıb.
Mənbə: Extra history
Tərcümə etdi: Arzu Qafarova
