Bu gün:

"Tərcümə uğursuzluğunu aradan qaldırmaq üçün dövlət dəstəyi mütləqdir", - Müşfiq Xan


24media.az saytının budəfəki müsahibi “Mücrü” nəşriyyatının rəhbəri Müşfiq Xandır. O, dilimizə təcümə olunan bəzi kitabların uğursuzluğundan və bu problemin həllindən danışıb.

- Azərbaycan dilinə tərcümə olunan bəzi kitablar niyə uğursuz alınır?

Şübhəsiz ki, bu fikri bütün kitablara şamil eləmək olmaz. Ölkədə kifayət qədər tərcümə sahəsində peşəkarlar var. Əfsuslar olsun ki, tərcümə ixtisası olmayanlar, Azərbaycan dilinin qaydalarına bələd olmayan insanlar tərəfindən sırf kommersiya məqsədilə edilən tərcümələr, qısa vaxt ərzində müxtəlif tərcümə proqramları vasitəsi ilə, Google üzərindən olunan tərcümələr kimi keyfiyyətsiz tərcümələr də var. 

Uğursuz tərcümələrin səbəblərindən biri qısa vaxt ərzində müəyyən miqdarda pul qazanmaq, yəni kommersiya məqsədli fəaliyyətdir. İkincisi, nəşriyyatlar bir çox hallarda tərcüməçilərə zəruri qonorarı ödəyə bilmirlər. Deyək ki, dünya reallığında bir A5 səhifəli bədii mətnin bir dildən başqa dilə tərcüməsi üçün təxminən 15 avro qonorar məbləğ ödənilməlidir. Azərbaycanda isə bu reallıq bir neçə il əvvəl üç-dörd manat arasında dəyişirdisə, indi ən yaxşı halda beş-altı manat təşkil edir. Təbii ki, ucuz ətin şorbası olmaz misalı, bu tərcümələrin də effekti olmur, işlər zəif alınır. 

Biz artıq on doqquz ildir ki, nəşriyyat sahəsində çalışırıq. Elə tərcümələr olur ki, redaktor faktiki olaraq mətnin üzərində tərcüməçidən daha çox iş görür. Çatışmazlığın səbəblərindən biri də budur. 

Və əsas səbəblərdən bir digəri xarici müəlliflərin hüquqlarının Azərbaycanda alınmasına marağın az olmasıdır. Dolayısı ilə nəşriyyatlar sırf hüquqların alınmasına pul xərcləmək istəmir. Bunun da bəlli səbəbləri var: hazırki nəşriyyatların çoxu kiçik nəşriyyatlardır, öz-özünü maaliyyələşdirirlər və böyük büdcələri yoxdur. Ümumi olaraq, bu üç səbəbdən dolayı zəif tərcümələr ortaya çıxır.


- Bu problemi aradan qaldırmaq üçün hansı addımlar atılmalıdır?

Klassik dünya ədəbiyyatı sovet dönəmindən bugünə qədər yetərincə tərcümə olunub. İndi isə Azərbaycan nəşriyyatlarını, naşirlərini əsas maraqlandıran müasir dünya imzalarıdır. İndi fərdi inkişaf, motivasiya yönümlü kitablar daha çox tərcümə olunur. Baxmayaraq ki, kifayət qədər yaxşı naşirlər və son dövrlərin ədəbiyyat üzrə Nobel mükafatçıları tərəfindən olunan yaxşı işlər və qeyd etdiyimiz kimi uğursuz alınanlar da var. Bəs bu problemi necə həll etmək olar? 

 Düşünürəm ki, ən birinci dövlət dəstəyi olmalıdır. Misal üçün, qardaş Türkiyə Respublikasında Türk ədəbiyyatının dışa aktarılması - TEDA adında məşhur bir layihə var. Bu layihənin məzmununu iki cümlə ilə izah etsək, dövlət Türkiyə sərhədləri xaricində olan nəşriyyatlara müəyyən bir maaliyyə vəsaiti ayırır ki, Türkiyə yazarlarının işlərini öz dilinizə tərcümə edin və yayımlayın. Bilirsiniz ki, kitabı bir dildən başqa dilə keçirmək üçün iki istiqamətdə böyük vəsait tələb olunur. Bir: tərcümə, iki isə onun nəşr olunması. TEDA layihəsi bu iki istiqamətdən birini tam qarşılayır. Düşünürəm ki, Azərbaycanda da belə layihələr olmalıdır. İstər dünya ədəbiyyatının Azərbaycan dilinə tərcüməsi, istər bizim müasir imzaların ölkə xaricinə çıxarılması, bu kitabları hər hansı bir dilə tərcümə eləyib nəşr etmək - bu məsələlər çətinlik yaradır. Belə layihələr olmalıdır ki, bu çətinlik təkcə nəşriyyatların üzərinə qalmasın. Əks halda, son on ildə Azərbaycan kitabçılığında görünən istiqamət necədirsə, bundan sonra da belə davam edəcək, çünki Azərbaycan yazarları xaricə çıxa bilmirlərsə, bunun səbəbi maliyyəyə bağlıdır. 

Azərbaycanda Prezident yanında Tərcümə mərkəzi var, onun da fəaliyyəti çox məhduddur. İl ərzində müəyyən qədər kitab tərcümə olunur, bununla da iş bitmiş hesab olunur, fəaliyyət çox azdır. Yəni Azərbaycan ədəbiyyatı, Azərbaycan əhalisinin sayı, kitab mağazalarının sayı yəni bir proporsionallıq təşkil etməlidirsə, qətiyyən mütənasib deyil. Belə layihələrimiz çox azdır.

Təkcə dövlət dəstəyi kifayət deyil, şübhəsiz ki, naşirlər özü də aktiv olmalıdır. Kitabçılar yerli kitab sərgilərində iştirak etməklə kifayətlənməməlidir. Dünya təcrübəsi, Beynəlxalq kitab təcrübələri var. Müəlliflərlə biləvasitə təmasda olmalıdırlar. Nəzərə alsaq ki, gediş-gəliş müəyyən xərc tələb edir, naşirlər onlayn müəllif agentlikləri ilə əlaqə saxlamalı, dünya təcrübəsini Azərbaycana gətirməlidirlər.


Səidə Abasova

Paylaş
Şərh əlavə et