Bu gün:

Dillərin homogenləşməsi və mədəniyyətə təsiri


Dillər homogeləşdiyi, yəni eyniləşdiyi zaman çox şey itir. Hər hansı bir xarici dil yox olduqda, onunla birlikdə mədəni ənənələr, özünəməxsus ifadə formaları və başqa dillərlə ifadə olunması mümkün olmayan məna incəlikləri də itir.

 Dil yalnız kommunikasiya vasitəsi deyil – o, həm də mədəniyyətin daşıyıcısıdır. Bir dil yox olduqda, onunla bərabər həmin mədəniyyətin mühüm hissəsi də silinmiş olur.

Qloballaşma, iqtisadi inteqrasiya və texnologiyanın inkişafı nəticəsində insanlar daha sürətli və aydın şəkildə ünsiyyət qurmağa ehtiyac duyurlar. Bu səbəbdən, tarixən coğrafi səbəblərlə məhdudlaşan dillərarası fərqliliklər artıq maneə deyil. İnsanlar daha geniş auditoriyaya xitab etmək və iqtisadi imkanlardan faydalanmaq üçün dominant dillərə (ingilis, ərəb, ispan və mandarin) üstünlük verirlər. Bu isə azsaylı və lokal dillərin sürətlə sıradan çıxmasına səbəb olur.
Tədqiqatlara görə, yaxın onilliklərdə 3,500-ə yaxın dil yox olacaq. Ən pis ssenaridə, bu əsrin sonuna qədər danışılan dillərin 90%-i yox ola bilər. Bu da təxminən hər ay bir dilin itməsi deməkdir. UNESCO və digər beynəlxalq qurumlar bu problemi "dil müxtəlifliyi böhranı" kimi qəbul edirlər.

Dillərin sənədləşdirilməsi (documenting) – yəni onların qrammatikasının, leksikasının, danışıq nümunələrinin və mədəni kontekstlərinin yazılı və ya audiovizual şəkildə qeydiyyata alınması – bu sahədə yeganə effektiv vasitədir. Amma bu, həm miqyas, həm də zaman baxımından çox çətin işdir. Məsələn, dil tədqiqatçısı David Harrison bildirir ki, dünyada danışılan dillərin 85%-nin hələ heç bir sənədi mövcud deyil. Bu dillərin əksəriyyəti cəmi 0.1% əhali tərəfindən danışılır və onların ilk yox olan dillər olacağı gözlənilir.
Əgər insanlar kütləvi şəkildə dominant dilləri öyrənib onlarla ünsiyyət qurmağa davam etsələr, bir neçə nəslin içində yerli və azsaylı dillər tamamilə unudula bilər. Təbii ki, dünya dillərini bilmək qloballaşmış iqtisadiyyatda önəmlidir, lakin bu, eyni zamanda ana dilin itməsi riskini daşıyır.


Mənbə: Renaissance Translations 
Tərcümə etdi: Arzu Qafarova 

Paylaş
Şərh əlavə et