İlanların müəyyən dövrlərdə dərilərini dəyişməsi – elmi adıyla "ekdisis" – onların təbii inkişaf prosesinin və həyat strategiyasının ayrılmaz hissəsidir. Bu proses həm böyümə, həm də sağlam qalmaq üçün zəruridir.

İnsanlarda dəri yenilənməsi mikroskopik miqyasda və davamlı şəkildə baş verir. İlanlarda isə bu dəyişiklik birbaşa nəzərə çarpır, onlar köhnə dərilərini bir parça halında çıxarırlar. Bu onların bədənini örtən keratin adlı sərt və elastik olmayan qatla bağlıdır. Keratin qatı böyüməyə imkan vermədiyi üçün ilanlar onu yeni və daha geniş dəri ilə əvəzləyirlər. Gənc ilanlar daha sürətlə böyüdüklərinə görə bu prosesi daha tez-tez həyata keçirirlər, ilk dəri dəyişimini doğulduqdan bir neçə gün sonra keçirirlər.
Dəri dəyişimi yalnız fiziki böyümə ilə məhdudlaşmır. Bu proses eyni zamanda ilanların sağlamlığını qorumaq baxımından mühüm rol oynayır. Göbələk və digər dəri infeksiyaları keratini hədəf alaraq daxilə irəliləyə bilər. Köhnə dəridən qurtulmaqla ilan həmin infeksiyalardan da xilas olur. Məsələn, ABŞ-da yaşayan Eastern Massasauga zınqırovlu ilanı kimi bəzi növlər dərilərini tez-tez dəyişmədikdə görmə və ov qabiliyyətlərini itirə bilər bu isə onları yırtıcılara qarşı daha müdafiəsiz edir.
Dəri dəyişimi ilanların həyat dövrlərinin bəzi mərhələləri ilə də əlaqəlidir. Uzun qış yuxusundan ayıldıqda və ya cütləşmə dövründən əvvəl və sonra ilanlar dərilərini dəyişir. Bu həm orqanizmin aktivləşməsinə, həm də infeksiyalardan qorunmağa kömək edir.
İlanın dəyişdirdiyi dəri yalnız onun üçün deyil insanlar – xüsusilə tədqiqatçılar üçün də əhəmiyyət daşıyır. Dəridəki pul naxışları, rəng izləri və formalar vasitəsilə ilan növü yaşadığı bölgə və sağlamlıq vəziyyəti müəyyən edilə bilər. Bu məlumatlar biomüxtəlifliyin qorunması və növlərin araşdırılması üçün vacib ipucları verir.
Mənbə: Onedio
Tərcümə etdi: Xavər Məmmədli
