1961-ci ildə kosmosa göndərilən "Ham" adlı şimpanze insanlıq tarixində silinməz iz qoymuş simalardan biridir. ABŞ ilk insan astronavtını kosmosa göndərməzdən əvvəl həyata keçirilən bu sınaq uçuşu olduqca riskli idi. Hamın sağlam şəkildə Yerə qayıtması onu bir anda qəhrəmana çevirib. Lakin onun kosmik səyahəti qədər, sonrakı həyatı da təəssüf ki, eyni uğurla yadda qalmayıb. Hamın hekayəsi bu gün texnoloji irəliləyiş naminə qurban verilmiş canlıların simvoluna çevrilib.
Ham 1957-ci ildə Kamerunda doğulub və hələ iki yaşı tamam olmadan ABŞ-nin Holloman Hərbi Hava Qüvvələri Bazasına gətirilib. NASA-nın insanlı kosmos missiyalarına hazırlıq mərhələsində Ham kimi ağıllı və tez öyrənən heyvanlar xüsusi təlimlərə cəlb olunurdu.
1961-ci il yanvarın 31-də Ham, "Cape Canaveral" kosmodromundan "Mercury-Redstone" raketi ilə kosmosa göndərilib. Planlaşdırılan uçuş zamanı raketin 185 km hündürlüyə qalxması və təxminən saatda 708 km sürətlə hərəkət etməsi nəzərdə tutulurdu. Lakin texniki nasazlıqlar səbəbindən bu göstəricilər aşılıb – Ham 253 km hündürlüyə çatıb və saatda təxminən 9.426 km sürətə nail olub.
Raket hədəflənən nöqtədən xeyli uzaqda Atlantik okeanına eniş edib. Çətin enişə baxmayaraq, Ham təxminən 6,6 dəqiqə çəkən çəkisizlik şəraitində ona öyrədilmiş bütün tapşırıqları uğurla yerinə yetirib. Geri dönüşdə müayinə zamanı onun bir qədər yorğun və susuz olduğu müəyyən edilsə də, ümumi sağlamlıq vəziyyəti qənaətbəxş idi.
Hamın bu uğuru ABŞ-ın ilk insan astronavtı olan Alan Şepardın kosmik uçuşuna yol açıb. Həmin tarixi missiya bir neçə ay sonra baş tutub.
Lakin Ham üçün həyat bundan sonra o qədər də parlaq davam etməyib. 1963-cü ildə o Vaşinqton Zooparkına yerləşdirilib və burada kifayət qədər təcrid olunan, tənha bir həyat yaşayıb.1980-ci ildə Şimali Karolina Zoologiya Parkına köçürülüb və 1983-cü ildə orada dünyasını dəyişib. Onun həyatının son 17 ili demək olar ki, yalnızlıq içində və bir növ sərgi obyekti kimi keçib.
Hamın ölümündən sonra skeleti ABŞ Silahlı Qüvvələrinin Patologiya İnstitutuna təhvil verilib, digər qalıqları isə Alamogordo şəhərində yerləşən Beynəlxalq Kosmos Şərəf Zalı yaxınlığında torpağa tapşırılıb.
Hamdan əvvəl və sonra da bir çox heyvan kosmosa göndərilib. 1948-ci ildə "Albert I" adlı rhesus meymunu kosmosa çıxarılsa da, uçuş zamanı həyatını itirib. Onu izləyən "Albert II", "Albert III" və "Albert IV" də müxtəlif qəzalarda həlak olub. Sovet İttifaqı isə Laika adlı iti kosmosa göndərib. Laikanın hekayəsi də Hamınkı kimi kədərli idi – o, uçuşdan cəmi bir neçə saat sonra həyatını itirib.
Hətta Fransa da 1963-cü ildə "Félicette" adlı pişiyi kosmosa göndərib. Ham və digər heyvanların bu missiyalarda iştirakı bəşəriyyət üçün əhəmiyyətli addımların atılmasına səbəb olsa da, onların çəkdikləri əziyyətləri nəzərə aldıqda məsələnin emosional tərəfini görməmək mümkün deyil. NASA-nın da qeyd etdiyi kimi, bu heyvanlar insanlıq üçün böyük fədakarlıqlar edib və kosmos tədqiqatlarının təməlini qoyub.
Mənbə: Onedio
Tərcümə etdi: Xavər Məmmədli