24media.az-ın növbəti müsahibi klinik psixoloq Lalə Rüstəmovadır. O, uşaqlarda sərhəd anlayışının necə formalaşdığını və kollektiv cəmiyyətlərdə bu prosesin niyə çətinləşdiyini izah edib.
Lalə Rüstəmovanın sözlərinə görə, uşaqların sərhəd anlayışı, ilk dəfə, ailə daxilində formalaşmağa başlayır. Və bu, onların dünyasını, öz yerini dərk etməsi üçün həyati əhəmiyyət daşıyır.
"Psixoloji inkişaf prosesində sərhədlər, əsasən, üç sahədə özünü göstərir",– deyə o qeyd edir.
“Fiziki sərhədlər” haqqında danışan Lalə Rüstəmova bildirir:
“Uşaq “bu mənim oyuncağımdır”, “bu mənim otağımdır” və ya “bu mənim bədənimdir” kimi fikirlər söylədikcə fiziki sərhədləri tanımağa başlayır. Bu isə onu göstərir ki, hər kəsin şəxsi ərazisi var və hər şeyə müdaxilə etmək icazəsi verilmir”.
Emosional sərhədlərlə bağlı isə o belə izah verir:
“Valideyn uşağın hisslərinə hörmət etdikdə emosional sərhədlər formalaşır. “Qorxmağın normaldır” və ya “İstəmirsənsə, yox deyə bilərsən” kimi cümlələr uşağa duyğularının qəbul olunduğunu göstərir. Bu isə onun daxili dünyasını daha sağlam şəkildə qurmasına yardım edir”.
Davranış sərhədlərinə gəldikdə isə Lələ xanım vurğulayır:
“Sərhəd təkcə özünü qorumaq deyil, həm də digərlərinə zərər verməmək anlayışını ehtiva edir. Uşaq “başqasının oyuncağını icazəsiz götürmək olmaz” kimi izahlarla davranışlarının nəticələrini öyrənir və sosial qaydaları mənimsəyir”.
Bununla belə, Lalə Rüstəmova kollektiv mədəniyyətlərin üstünlük təşkil etdiyi cəmiyyətlərdə bu prosesin çətinləşdiyini qeyd edir. Onun sözlərinə görə, xüsusilə, Azərbaycan və ümumi Şərq toplumlarında fərdi sərhədlərə yetərincə önəm verilməməsi bir sıra problemlərə yol açır.
“Böyüklər nə desə, doğrudur” yanaşmasına toxunan psixoloq bildirir:
“Bu yanaşma uşaqda öz fikrini və ehtiyaclarını ifadə etmək bacarığını zəiflədir. Uşaq özünü ikinci planda hiss edir və nəticədə “özüm üçün yox, başqası üçün yaşamalıyam” düşüncəsi formalaşır. Eyni zamanda, “Ayıbdır”, “Başqası nə deyər?” kimi ifadələrin uşağın daxili sərhədlərini pozduğunu deyən klinik psixoloq əlavə edir:
“Uşağa sosial basqı öyrədilir. Bu isə onun öz istəklərinə laqeyd yanaşmasına səbəb olur”.
Məcburi yaxınlığa da diqqət çəkən psixoloq bunun fəsadlarını belə izah edir:
“Qonaq gələndə “qucaqla” kimi təlimatlar uşaqlara bədənlərinin özlərinə məxsus olmadığını öyrədə bilər. Bu isə gələcəkdə sərhəd pozuntularını normal qəbul etmə riskini artırır”.
Sonda Lalə Rüstəmova uşağın hisslərinin ələ salınmasının və təzyiqlə qarşılanmasının nəticələrinə də toxunur:
“Valideyn uşağın hisslərinə “elə şey olar””utanmalısan”, “bu nə şıltaqlıqdır?” kimi reaksiya verirsə, uşaq nə hiss etdiyinə inanmaqda çətinlik çəkir. Bu da onun emosional sərhədlərini bulanıqlaşdırır”.
Nəticə olaraq, psixoloq vurğulayır ki, fərdi sərhədlərin formalaşması uşağın sağlam psixoloji inkişafı üçün vacibdir. Cəmiyyətin və ailələrin bu mövzuda şüurlu olması gələcək nəsillərin daha sağlam, özünə inamlı və sərhədlərinə hörmət edən fərdlər kimi yetişməsinə imkan verəcək.
Aydan Qasımova