Bu gün:

Təbiətdə niyə mavi rəngli heyvanlara çox az rast gəlirik?


Təbiətdə mavi rəngli bir heyvan gördükdə əksər hallarda dayanıb ona bir daha baxırıq. Çünki mavi təbiətdə ən nadir rast gəlinən rənglərdən biridir. Ətrafımız yaşıl, qəhvəyi və sarı tonlarla dolu olduğu halda, mavi sanki yox kimidir. Halbuki insanlar arasında ən sevilən rənglərdən biri də məhz mavidir. Bəs görəsən, təbiətdə mavi niyə bu qədər azdır? 

Təbiətdə əsl mavi piqmentlərə rast gəlmək olduqca çətindir. Çünki mavi işığın əks olunması yüksək enerjili bir prosesi tələb edir. Hər hansı bir canlının mavi görünməsi üçün aşağı enerjili işığı udması, yüksək enerjili mavi işığı isə əks etdirməsi lazımdır. Bu funksiyanı yerinə yetirə bilən molekullar isə təbiətdə olduqca nadir tapılır. Məhz bu səbəbdən mavi rəng təbiətdə digər rənglərə nisbətən çox daha az müşahidə olunur.

Bununla belə, təbiətdə mavi rəng tamamilə yoxdur demək də düzgün olmaz. Bəzi canlılar bu rəngi öz quruluşları vasitəsilə “təqlid” edirlər. 2023-cü ildə Tailandlı tədqiqatçılar parlaq mavi rəngi ilə diqqət çəkən "Chilobrachys natanicharum" adlı tarantula növü aşkar ediblər. Maraqlıdır ki, bu hörümçək əslində mavi piqmentə malik deyil; onun mavi görünməsi bədənindəki tüklərin daxili quruluşunda yerləşən, işığı nano səviyyədə sındıran xüsusi strukturlar sayəsində mümkün olur. Bu strukturların üzərinə düşən işıq fərqli formada əks olunur və nəticədə gözümüzə  parlaq mavi rəng kimi çatır.

İngiltərə sahillərində bir balıqçının toruna düşən mavi xərçəng isə mavi piqment məsələsinin başqa bir versiyasını təmsil edir. New England Akvariumunun məlumatına görə, hər iki milyon xərçəngdən yalnız biri mavi rəngdə olur. Bu qeyri-adi görünüş xərçəngin genetik quruluşunda baş verən mutasiya nəticəsində digər piqmentlərin zəifləməsi və yalnız mavi rəngin qalması ilə əlaqəlidir.

Mavi bitkilər aləmində də nadir rast gəlinən rənglərdən biridir. Çiçəklərdə gördüyümüz mavi rəng əslində düşündüyümüz qədər təbii deyil. Hətta yediyimiz "yaban mersini" də texniki baxımdan tam mavi sayılmır. Bitkilər rənglərini "antosiyanin" adlanan qırmızı piqmentləri müxtəlif turşuluq dərəcələri ilə birləşdirərək əldə edirlər. Bu rənglər işığın əks olunması ilə birlikdə mavi çiçək effekti yaratsa da, bu hal olduqca nadir baş verir.

Xüsusilə mavi yarpaqlı bitkilərə isə demək olar ki, rast gəlinmir. Çünki mavi işıq spektrin ən yüksək enerjiyə malik olan rəngidir. Bu isə o deməkdir ki, bitkilər bu işığı fotosintez üçün səmərəli şəkildə istifadə edə bilmir və nəticədə onların inkişafı ciddi şəkildə məhdudlaşır.


Mənbə: Onedio

Tərcümə etdi: Xavər Məmmədli

Paylaş
Şərh əlavə et