Bu gün:

Dinozavr yeyən “dəhşət timsahı”nın təkamül sirri


Alimlər qədim dövrlərin ən qorxunc yırtıcılarından biri olan Deinosuchusun necə geniş əraziyə yayıldığını və dinozavrlarla necə qidalandığını araşdırıblar. Yeni araşdırmalar göstərir ki, bu nəhəng timsahabənzər sürünənin uğurunun əsas səbəblərindən biri duzlu suya dözümlülük qabiliyyətidir – bu isə müasir alliqatorlarda yoxdur.

Təxminən 82–75 milyon il əvvəl yaşamış Deinosuchus 8 metr uzunluğu və banan boyda dişləri ilə Şimali Amerikanın çaylarında və bataqlıqlarında hökm sürüb. Fosil tapıntılarında dinozavrlara aid sümüklər üzərində onun diş izlərinə rast gəlinməsi Deinosuchusun bu canlılarla ya ovladığını, ya da leşlərlə qidalandığını göstərir.

Əvvəllər Deinosuchus alliqatorlarla qohum sayılırdı. Lakin yeni tədqiqatlar – həm fosil analizləri, həm də müasir timsahların DNT-si üzərində aparılan müqayisələr – göstərib ki, o əslində timsahlar qoluna daha yaxındır. Bu fərq onun duzlu mühitlərə uyğunlaşma qabiliyyəti ilə izah olunur. Duz vəziləri sayəsində Deinosuchus qədim Şimali Amerikanı iki yerə bölən Qərbi Daxili Dənizdən keçərək həm qərbdə, həm də şərqdə – yəni Laramidiya və Appalaçiyada məskunlaşa bilib.

Tədqiqatçılar bu xüsusiyyətin Deinosuchusa digər timsahkimilərlə müqayisədə daha geniş arealda yayılmaq və iri ovlarla qidalanmaq imkanı verdiyini bildirirlər. Araşdırmanın müəlliflərindən olan Dr. Márton Rabi bu canlıların “bataqlıqlarda heç kimə aman vermədiyini” vurğulayır: “Biz burada tam mənada monstr bir heyvandan danışırıq”.

Tapılan qalıqlar göstərir ki, Deinosuchusun ən iri növlərindən biri olan Deinosuchus riograndensis qərb sahillərində yerləşən Laramidiyada yaşayıb. Maraqlıdır ki, bu nəhəng yırtıcılar buz dövrləri də daxil olmaqla, iqlim dəyişikliklərinə uğurla uyğunlaşaraq müxtəlif dövrlərdə yenidən təkamül yolu ilə meydana çıxıblar.

Bu tədqiqat yalnız Deinosuchusun həyatına işıq salmır, həm də qədim sürünənlərin iqlim dəyişikliklərinə necə uyğunlaşa bildiklərini anlamağa kömək edir.


Mənbə: CNN

Tərcümə etdi: Xavər Məmmədli

Paylaş
Şərh əlavə et