Livanın Beka vadisində yerləşən Baalbekin unudulmuş faşları insan əli ilə yonulmuş ən böyük və ən sirli meqalitlərdən hesab olunur. Çəkisi 1,650 tona qədər çatan bu qədim daşlar əsrlərdir arxeoloqları və mühəndisləri çaş-baş salıb. Onlar necə olub ki, 2,000 il əvvəldən bu qədər dəqiqliklə daşınıb və yerinə yerləşdirilib? Ölçüsünə və sirli quruluşuna görə heyranlıq doğuran bu daşlar qədim insan zəkasının şahididir və bu gün də tarixi və mədəni baxımdan maraq mərkəzində qalır.

Baalbekin unudulmuş daşları nədir?
Baalbekin unudulmuş daşları adlandırılan struktura, əsasən Triliton adlı üç nəhəng daş blok daxildir. Bu daşların hər biri 800 tondan artıq çəkiyə malikdir və Yupiter məbədinin qərb divarına yerləşdirilib. Bu bölgədə həmçinin hamilə qadının daşı adlanan, təxminən 1,000 ton ağırlığında nəhəng bir monolit də var. 2014-cü ildə isə bu daşı belə geridə qoyan, təxminən 1,650 ton ağırlığında yeni bir daş aşkar edilib. Bu qeyri-adi bloklar qədim mühəndislik və tikinti haqqında olan ənənəvi anlayışlara meydan oxuyur.
Baalbekin tarixi əhəmiyyəti
Baalbek Roma dövründə Heliopolis (Günəş şəhəri) adı ilə tanınırdı və minilliklər boyu mühüm dini və mədəni mərkəz olmuşdur. Onun tarixi eramızdan əvvəl II minilliyə qədər gedib çıxır; bu dövrdə Baalbek qədim semit tanrılarına ibadət edilən bir yer idi. Daha sonra Roma hakimiyyəti dövründə burada Yupiter, Venera və Merkuri tanrılarına həsr olunmuş nəhəng məbəd kompleksi inşa edildi və bu, qədim dünyanın ən böyük dini ziyarətgahlarından birinə çevrildi.
Triliton və digər meqalitlərin inşası isə Roma dövründən əvvəlki sivilizasiyalara aid edilir, bu da Baalbekin təməllərinin daha qədim mədəniyyətlər tərəfindən qoyulduğunu göstərir. Daşların ölçüsü və miqyası isə yüksək səviyyədə mühəndislik texnikalarının mövcud olduğunu göstərir ki, bu da hələ də tam aydınlaşdırılmayıb. Bu sirli tarix Baalbekin dünyadakı ən maraqlı arxeoloji məkanlardan biri kimi yerini möhkəmləndirir.
Baalbek daşları niyə bu qədər cəlbedicidir?
Unikal ölçü və çəki
Baalbek meqalitləri tarix boyu çıxarılmış ən böyük daş bloklar sırasındadır. Müqayisə üçün deyək ki, Giza Piramidasında istifadə olunan ən ağır daşlar cəmi 80 ton ağırlığındadır — bu, Baalbekdəki Triliton daşlarının çəkisinin onda birindən də azdır. Belə nəhəng daşları hərəkət etdirmək və yerləşdirmək, bu günün texnologiyası ilə belə olduqca çətin olardı.
Dəqiqliklə yerləşdirilmə
Triliton daşları sadəcə böyük deyil, eyni zamanda son dərəcə dəqiq şəkildə yerləşdirilib. Bu daşlar arasındakı boşluqlar o qədər azdır ki, bəzən onların arasına nazik bir bıçaq belə sığmır. Qədim ustaların bu səviyyədə dəqiqliyə necə nail olduqları bu gün də müzakirə mövzusudur.
Daşınma sirrləri
Ən böyük suallardan biri isə bu nəhəng daşların karxanadan məbəd kompleksinə — təxminən 450 metrlik məsafəyə — necə daşındığıdır. Bəzi nəzəriyyələr rampalardan və silindirlərdən istifadə olunduğunu desə də, digərləri artıq unudulmuş texnikalardan danışır. Amma bu qeyri-adi işin necə görüldüyünə dair hələ də qəti sübut yoxdur.
Baalbekin unudulmuş daşları həm cazibədar, həm də çaşdırıcı olaraq qalır. Onlar qədim dünyanın zəkasının, ambisiyasının və bəlkə də cəsarətinin səssiz şahidləri olaraq dururlar. Bu daşların sirlərinin itirilmiş texnologiyalarda, ilahi ilhamda və ya erkən sivilizasiyaların qeyri-adi səylərində olduğu dəqiq bilinməsə də, bir şey mütləqdir: Baalbek əbədiyyən bir sirr olaraq qalacaq və onun daşları gələcək nəsilləri maraq və heyrət ilə ilhamlandıracaq.
Mənbə: bioscience.com.pk
Tərcümə etdi: Arzu Qafarova
