Zombi mifinin mənşəyini 17-ci və 18-ci əsrlərin Haiti folkloruna qədər izləmək olar. Həmin dövrdə qullar inanırdılar ki, intihar etdikləri halda cəzaları Afrikadakı vətənlərinə dönmək əvəzinə diri meyit kimi yaşamaq olacaq. Zaman keçdikcə zombi anlayışı Vudu inanclarına daxil oldu və bir qədər dəyişdi. Haitililər inanırdılar ki, zombilər Vudu kahinləri tərəfindən həyata qaytarılan cəsədlərdir və tez-tez pulsuz işçi qüvvəsi kimi istifadə olunurlar.

Lakin zombi anlayışı 1960-cı illərin sonlarında Amerika pop mədəniyyətində əsas simvola çevrildikdə bu hekayə kəskin şəkildə dəyişdi. Bir çox insanın fikrincə, zombi filmləri trendini başladan hadisə 1968-ci ildə nümayiş olunan Night of the Living Dead (“Yaşayan Ölülərin Gecəsi”) filmidir. Həmin filmdə dirilən ölülərə heç vaxt “zombi” deyilməsə də, onların yavaş hərəkətləri və insan əti yemək istəyi bu varlıqları müasir zombi anlayışı ilə əbədi şəkildə əlaqələndirdi və sonrakı zombi filmlərində də davam etdi.
Müasir zombilərin simvolikası
Zombi filmlərinin sadəcə olaraq səbəbsiz zorakılıqla dolu və məzmunsuz olduğunu düşünmək olar, lakin əslində bir çox zombi filmində görünəndən daha dərin mənalar mövcuddur. Pop mədəniyyətin bir elementi kimi zombilər çox vaxt cəmiyyətin yaşadığı ortaq qorxuları və ya narahatlıqları təmsil edib.
Zombilərin pop mədəniyyətdə təsviri
Romeronun filmindən tutmuş məşhur The Walking Dead (Gəzən Ölülər) serialına qədər zombilər tez-tez düşüncəsiz, insan əti yeyən və dişləmə yolu ilə infeksiya yayan varlıqlar kimi təsvir olunur. Onlar həm də insan təbiətini, sağ qalmaq instinktini və cəmiyyətin çökməsini araşdırmaq üçün bir vasitə kimi istifadə olunur.
Zombilərin pop mədəniyyətdə qazandığı populyarlıq “zombi ədəbiyyatı” adlı altjanrın yaranmasına səbəb olub. Məsələn, Max Brooks-un World War Z (Zombi Dünyası Müharibəsi) adlı kitabı və Dawn of the Dead (Ölülərin Sübhü) kimi filmlər bu janra yeni və fərqli yanaşmalar gətirərək onu təkcə qorxu sevərlər üçün yox, daha geniş auditoriya üçün cəlbedici ediblər. Bu gün zombilərə video oyunlarda, qrafik romanlarda və hətta komediya filmlərində də rast gəlinir. Onların cazibəsi genişdir və müxtəlif hekayə formatlarına uyğunlaşdırıla bilir.
Yenidən həyata qaytarılmış cəsədlər — yəni zombilər — qədim folklora əsaslanır və zamanla nağılçılar bu anlayışı müxtəlif formalarda uyğunlaşdırıb və yenidən təsəvvür ediblər. Əgər bu varlıqlardan həyəcan almaq sənin təbiətindədirsə, burada sənə zombilərin ədəbiyyatda tarixi inkişafını göstərən kitabların xronoloji siyahısı təqdim olunur.
Mənbə: Qalaxy Press
Tərcümə etdi: Arzu Qafarova
