Musiqi biz insanlar üçün həyatımızda böyük yer tutan mürəkkəb səslər mənbəyidir. Əylənmək, istirahət etmək və ya onun doğurduğu xatirələri xatırlamaq istədikdə musiqi dinləyirik. Biz musiqiyə qulaq asırıq, çünki o, duyğularımızı ifadə etmək üçün ən gözəl vasitələrdən biridir. Bəzilərimiz bu mürəkkəb səsləri birləşdirərək dinləmək və ifa etməkdən kənara çıxır, bəstələyirik.
Musiqi dinləməyə başlayanda beynimizin, demək olar ki, bütün hissələri təsirlənir. Birincisi, musiqi eşitmə qabığına çatır və burada onun ən əsas elementlərinə (ton, tembr, davamlılıq və s.) parçalanır. Eşitmə qabığı beyincik ilə birlikdə musiqi məlumatlarının axınını anlamaq üçün işləyir.
Musiqi dinləyərkən beyindəki həzz mərkəzi olan nüvə akumbens aktivləşərək neyrokimyəvi dofamin ifraz edir ki, bu an özümüzü yaxşı hiss edirik. Bu kimyəvi maddə sevdiyimiz bir şeyi yedikdə hiss olunur. Bundan əlavə, musiqi dinləyərkən beyində endorfinlər ifraz olunur. Məlum olduğu kimi, ağrı və ya stress zamanı endorfin ifrazı artır. Bu səbəbdən endorfin təbii ağrı kəsici kimi işləyir.

Stenford Universiteti Tibb Fakültəsinin postdoktorantı Daniel Abrams deyir:
"Musiqi zövqlərimizdəki fərqlərə baxmayaraq, beynin musiqi təcrübəsi çox ardıcıl şəkildə baş verir".
Heç bir musiqi təhsili olmayan və tədqiqatda iştirak edən subyektlər beyin taramalarından keçərkən dörd simfoniyaya qulaq asıblar. Tədqiqatçılar müəyyən ediblər ki, musiqi bütün iştirakçıların beyninə, demək olar ki, eyni təsir göstərir. Beynin hərəkət, planlaşdırma, diqqət və yaddaşda iştirak edən bölgələri aktivləşib. Bu araşdırma onu da göstərdi ki, musiqi dinləmək beyinə hər hansı bir səsdən fərqli şəkildə təsir edir.
Musiqi alətində ifa etmək bəşəriyyətin indiyə qədər gördüyü ən mürəkkəb işlərdən biridir. Musiqiçilərin beyinlərinin bəzi yerlərində daha çox boz sahələr aşkar edilib. Boz maddə dil, düşüncə, yaddaş, diqqət, anlama və şüurda əsas rol oynayan beynin ən xarici hissəsidir. Korpus kallosum beynin hər iki tərəfini birləşdirən və əlaqəni təmin edən sinir lifləri zolağıdır. Belə ki, musiqi aləti çalmağı öyrənmək hər yaşda beyniniz üçün edə biləcəyiniz ən yaxşı şeylərdən biridir.

Bəstələyən zaman
Başqa bir araşdırmada 17 bəstəkardan MRT çəkilərkən yeni bir kompozisiya bəstələmələri istənilib. Əvvəlcə, ştrix qeydi göstərildi və onlardan kompozisiyanın qalan hissəsini gözləri bağlı olaraq təsəvvür etmələri və tamamlamaları xahiş olundu. Beş dəqiqəlik bu təcrübənin sonunda bəstəkarlıqdan əvvəl və bəstələmə zamanı beyindəki fəaliyyət yoxlanılıb.
Nəticələrə görə, bəstələmə zamanı beynin görmə və motor bölgələrindəki əlaqələr azalarkən beynin digər hissələrindəki əlaqələr artıb. Xüsusilə, ön sinqulyasiya korteksindəki əlaqələr - empatiya, impulslara nəzarət, qərar qəbul etmə və emosiyaların tənzimlənməsi üçün cavabdehdir və standart rejim şəbəkəsi və ya DMN, Defolt rejim şəbəkəsi xəyal qurarkən aktiv olan hissədir və ya keçmiş və gələcək haqqında düşünmək bura daxildir. Bu şəbəkələr emosional emal və informasiya inteqrasiyası üçün vacibdir.

Musiqinin həyatımıza təsirləri
Musiqinin həyatımıza müsbət təsirləri sonsuzdur. Musiqi endorfinləri ifraz edir və müsbət emosional reaksiyalara səbəb olur. Musiqinin beyin funksiyalarını yaxşılaşdırdığı bir çox araşdırmalarla sübut edilmişdir. Araşdırmalar göstərib ki, musiqi depressiyanı aradan qaldırmağa və xroniki ağrıları azaltmağa kömək edir.
Musiqi terapiyası nevroloji xəstəliklərin müalicəsində də istifadə olunur. Bu terapiya ilə beynin müəyyən bölgələri, maddələr mübadiləsi stimullaşdırılır və qan axını sürətlənir. Tədqiqatçılar, həmçinin, müşahidə etmişdir ki, musiqi dinləmək dolayı yolla yaddaşı stimullaşdırmağa kömək edir. Buna görə də, alzheimer xəstələrinə musiqi terapiyası tətbiq edilir.
Musiqi təhsili almaq yaddaş qabiliyyətini artırdığı üçün dolayısı ilə düşüncə qabiliyyətini də artırır. Musiqiçilərin eşitmə yaddaşının və eşitmə diqqətinin yaxşılaşdığı müşahidə edilmişdir. Bu, dolayı yolla öyrənməyə təsir edir. Beləliklə, musiqi təhsili eşitmə öyrənməsinə müsbət təsir göstərir. Araşdırmalardan birində musiqi təhsili alan uşaqların söz ehtiyatının və oxuma qabiliyyətinin musiqi təhsili almayan uşaqlara nisbətən daha yüksək olduğu müşahidə edilib.

Nəticə
Gördüyünüz kimi, musiqi dinləmək və ya onunla məşğul olmaq beynimizə və həyatımıza bir çox müsbət təsir göstərir. Məqaləmizi Çin filosofu Konfutsinin sözləri ilə bitirək:
Həyat ağrı və kədər gətirirsə, sakitliyi musiqidə axtarın.
Mənbə: Evrim ağacı
Tərcümə etdi: Nuran Əhmədzadə
