Bu gün:

“Taksi duracaqları kifayət qədər deyil”


24Media.az-ın "1 sual, 1 cavab" rubrikasının budəfəki müsahibi nəqliyyat eksperti Elməddin Muradlıdır. O, manatlıq taksilərin fəaliyyətindən danışıb.

-Manatlıq taksilərin fəaliyyətini necə dəyərləndirirsiniz?

-İstər manatlıq taksilər olsun, istər digərləri üçün hər bir halda müvafiq yerlər ayrılmalıdır. Bu qanunvericiliyin tələbidir. Taksilərin fəaliyyəti ilə bağlı qərarlarda, qanunlarda açıq şəkildə yazılıb ki, aidiyyəti qurumlar taksilərin normal xidmətini təşkil etmək üçün onlara müvafiq şərait yaradılmalıdır, yəni taksi duracaqları olmalıdır. Hazırda bu baxımdan problemlər yaşanır, taksi duracaqları kifayət qədər deyil. Mövcud vəziyyətdən irəli gələrək bunu deyə bilərik ki, bu gün Bakı şəhərində, yaxud respublikanın digər bölgələrində taksilərlə bağlı ürəkaçan bir vəziyyət yoxdur. Bu baxımdan düşünürəm ki, taksi ilə bağlı qanunlar qəbul edilərkən, onların normal şəraitlə təmin olunmasına da diqqət yetirmək lazımdır. Yerlər ayrılsın, xüsusi yerlər, taksi duracaqları onlar da bu yerlərdə normal xidmət göstərə bilsinlər. Bizim qaydalara görə taksilərə yalnız taksi duracaqlarından minmək və həmin ərazilərdə də düşmək lazımdır. Biz isə bunun əksini görürük. Taksilər hər yerdə dayanırlar, müştəri mindirirlər, düşürürlər. Belə bir xaotik  xidmət göstərirlər. Əslində, belə olmalı deyil. Bunu aidiyyəti qurumlarda nəzərə alsalar, faydalı olar. Ümumiyyətlə, taksilər xidmət sahəsi sayılır və xidmət sahəsinda belə neqativ halların olması ürəkaçan bir hal deyil. Manatlıq taksilərə bu gün böyük tələbat var. Bəzi istiqamətlərdə marşrutlar doğru-düzgün işləmir və nəticədə onların görəcəyi işi manatlıq taksilər görür, insanları mənzil başına manatlıq taksilər çatdırır. Bu baxımdan onların fəaliyyətini məhdudlaşdırmağa ehtiyac yoxdur. Marşrut üzrə taksi qanunvericilikdə də var. Sadəcə, onlar qanunsuz fəaliyyət göstərməməlidirlər. Nəzərə almaq lazımdır ki, hər bir fəaliyyət qanuna əsaslanmalıdır, həmçinin aidiyyəti qurumlar tərəfindən dəstəklənməlidir, onlara şərait yaradılmalıdır, həmçinin manatlıq taksilərə. Manatlıq taksiləri heç də çətin məsələ kimi görməyə ehtiyac yoxdur. Bu sahədə də görüləsi işlər var və görülməlidir. Onlar bu gün qanunsuz fəaliyyət göstərirlərsə, yeni qaydalar tətbiq olunacaq. Yeni qanunlarda heç kimin qanundan kənar fəaliyyət göstərməsinə icazə verilməyəcək. 

Hüseyn İlyasov


Paylaş
Şərh əlavə et