24media.az-ın növbəti müsahibi rəssam-müəllim Əli Qiyazovdur. O, beşinci qrup ixtisas qabiliyyət imtahanı zamanı abituriyentlərin ən çox yol verdikləri səhvlər və bu səhvlərin nəticəyə təsiri barədə fikirlərini bölüşüb.
Əvvəlcə, zaman faktorunun əhəmiyyətindən danışan müəllim daha yaxşı nəticə əldə etmək üçün hazırlığa erkən başlamağın vacibliyini vurğulayıb:
“Ən çox təkrarlanan səhvlərdən biri imtahana 4-5 ay qalmış hazırlığa başlamaqdır. Bu, abituriyenti riskə atır. Qabiliyyət imtahanına rahat və yüksək səviyyədə hazırlaşmaq üçün azı bir və ya bir il yarım əvvəldən planlı şəkildə məşqlərə başlamaq vacibdir".
Əli Qiyazov imtahanda tez-tez rast gəlinən texniki səhvlərdən də danışıb. Onun sözlərinə görə:
“Aşağı nəticələrin əsas səbəblərindən biri yerləşdirmənin düzgün aparılmamasıdır. Bundan əlavə, obrazda xarakterin əks olunmaması, kontrastın zəif qurulması və qurma xətlərinin qeyd edilməməsi də işin keyfiyyətinə mənfi təsir edir. Məsələn, gözlərin düzgün yerləşdirilməməsi, burnun formasının dəyişdirilməsi, çənənin natamam verilməsi kimi səhvlər işlərin qəbul edilməməsinə və nəticədə aşağı bal toplanmasına səbəb olur".
Bal sisteminə də toxunan Qiyazov səhvlərin necə qiymətləndirildiyini belə izah edib:
“Yerləşdirmədəki yanlışlıqlara görə 2 bal çıxılır. Kontrastın zəifliyi və işıq-kölgənin düzgün verilməməsi əlavə olaraq 1–2 bal itkisinə səbəb ola bilər. Həmçinin, çəkilən obrazın orijinala uyğun gəlməməsi, yəni oxşarlığın olmaması da nəticəni 1–2 bal aşağı sala bilər".
Müəllim qabiliyyət imtahanlarında texniki biliklərin və davamlı hazırlığın önəmini xüsusi vurğulayıb:
“Bu problemlərin qarşısını almaq üçün bütün texniki detallara diqqətlə yanaşmaq lazımdır. İmtahanda yüksək nəticə əldə etmək istəyən abituriyentlər ümumi rəssamlıq üzrə davamlı şəkildə hazırlaşmalıdırlar. "Dörd-beş aya öhdəsindən gələrəm" düşüncəsi yanlışdır. Əgər baza bilikləri və ya fitri istedad varsa, məsuliyyətli yanaşma ilə yüksək nəticə əldə etmək mümkündür”.
Əli Qiyazov ev tapşırıqlarının əhəmiyyətindən də danışıb. Onun sözlərinə görə, dərslərdə işlənilən əsərlər evdə də mütləq təkrar olunmalıdır:
“A4 formatında çoxlu heykəllər qurulmalı və onların göz, burun, ağız, qaş, saç kimi detallarına diqqət yetirilməlidir. Bu, abituriyentlərin həm əl vərdişini, həm də müşahidə qabiliyyətini inkişaf etdirir".
Müsahib həmçinin məşhur “10 min saat qaydası”na da toxunub:
“Bir sahədə ustalaşmaq üçün ya 10 il ərzində gündə 3 saat, ya da 6 il ərzində gündə 5 saat məşğul olmaq tövsiyə edilir. Bu zaman limiti tamamlanmadan peşəkar səviyyəyə çatmaq çətin olur. Təbii ki, bu saat hesabı tamamlanmadan yalnız imtahandan keçəcək səviyyədə bacarıq əldə etmək mümkündür".
Müəllim bildirib ki, qabiliyyət imtahanlarında çox yüksək səviyyəli işlər gözlənilmir. Orta səviyyəli işlərlə də uğur qazanmaq mümkündür:
“Bunun üçün ev tapşırıqları ciddi şəkildə yerinə yetirilməli, yerləşdirmə və detallar düzgün işlənməlidir".
Əli Qiyazov heykəlin mövqeyinin və dayaqlarının da vacibliyini qeyd edib:
“Heykəlin duruşuna, üzərində dayandığı stol və digər dayaqların çəkilişinə xüsusi diqqət yetirilməlidir. Bu elementlər əks olunmadan əsəri tamamlanmış saymaq düzgün deyil”.
Sonda müəllim yüksək nəticə əldə etmək üçün iki əsas yanaşmadan birini seçməyin mümkün olduğunu bildirib:
“Ya yaymadan, ştrixlər vasitəsilə realist üslubda işləmək, ya da bütün qurma xətlərini göstərməklə texniki düzgünlük nümayiş etdirmək– hər iki halda da əsas məqsəd yerləşdirmə, xarakterin verilməsi, kontrast və qurma xətlərinin düzgün olmasıdır. Əks halda, iş qəbul olunmur və nəticə aşağı olur".
Aydan Qasımova