Ən erkən hansı xatirənizi yada sala bilirsiniz? Bəlkə bağçada oynadığınız bir oyun, bəlkə də, ilk dəfə yıxılıb dizinizi yaraladığınız gün… Bəs körpəlik dövrü? Tam bir boşluq. Halbuki məhz o illərdə yeriməyi, danışmağı, insanlara güvənməyi öyrənirik. Həyatımızın ən vacib təməli həmin vaxt qoyulduğu halda, niyə o dövrə dair heç nəyi xatırlamırıq? Alimlər bu sualın cavabını tapmaq üçün körpə beynini araşdırıb maraqlı nəticələrə gəliblər.

Mütəxəssislər insanın həyatının ilk illərini xatırlamamasını uzun müddətdir ki, “infantil amneziya” (körpəlik amneziyası) adlandırırlar. Bu əsasən beynimizin yaddaş mərkəzi olan hipokampusun yetərincə inkişaf etməməsi ilə izah edilirdi.
Lakin Yale Universitetində aparılan son tədqiqatlar məsələnin bu qədər sadə olmadığını göstərir. Alimlər müəyyən ediblər ki, körpələr əslində yaddaş formalaşdırırlar, lakin həmin xatirələrin hara getdiyi məlum deyil.
Yetkin insanlarda bir hadisəni xatırlamaq və ifadə etmək asandır. Ancaq körpələrdə vəziyyət fərqlidir. Bunu araşdırmaq üçün alimlər fMRI (funksional maqnit-rezonans tomoqrafiyası) vasitəsilə körpələrin beyin aktivliyini müşahidə ediblər. Onlara müxtəlif vizual görüntülər təqdim olunub və daha sonra eyni görüntüləri yenidən göstərərək beyinlərinin eyni hissəsinin aktiv olub-olmadığını izləyiblər.
İlk dəfə baxarkən hipokampusu daha aktiv olan körpələr eyni görüntünü yenidən görəndə ona daha uzun müddət diqqət yetiriblər. Bu isə o deməkdir ki, körpələr vizual tanınmaya əsaslanan yaddaş yarada bilirlər. Yəni yaddaş mövcuddur, sadəcə ona çıxış mümkün deyil.
Araşdırmanın ən maraqlı məqamı da məhz budur. Körpənin beyni bir hadisəni və ya görüntünü müəyyən müddət xatırlaya bilir. Lakin zaman keçdikcə bu xatirələr əlçatmaz olur. Araşdırmanı aparan professor Nik Turk-Brounun fikrincə, bunun bir neçə mümkün izahı var. Ola bilər ki, həmin xatirələr uzunmüddətli yaddaşa heç vaxt keçmir. Daha mümkün versiya isə onların beyində bir yerdə saxlandığı, lakin onlara çıxışın mümkün olmamasıdır.
Başqa sözlə, o xatirələr bir yerdə mövcuddur, sadəcə biz onları geri çağırmağı bacarmırıq.
Əvvəlki araşdırmalar körpələrin çox erkən yaşlardan etibarən “statistik öyrənmə” adlanan qabiliyyətə sahib olduğunu göstərib. Bu, ətraf mühiti anlamağa, obyektlərin nə cür göründüyünü və ya müəyyən davranışların hansı nəticələr doğurduğunu qavramağa imkan verir. Məsələn, körpə anasının üzünü tanıyır və ya oyuncaqların rəngini ayırd edə bilir.
Bu öyrənmə forması hadisələrə əsaslanan (epizodik) yaddaşdan fərqli işləyir və daha erkən aktivləşir. Turk-Broun və komandası indi bu xatirələrin beyində nə qədər müddət qaldığını araşdırmağa çalışırlar.
Yəni, bəlkə də, ilk dəfə yeridiyimiz an, anamızın bizi qucağına aldığı o səhər və ya bir oyuncaqla qurduğumuz ilk bağ… Bunların hamısı beynimizin dərinliklərində kodlanmış ola bilər. Sadəcə onları xatırlamağı öyrənməliyik.
Mənbə: Onedio
Tərcümə etdi: Xavər Məmmədli
