Bu gün:

“Mənfilərə fikir verməmək, müsbətlərlə irəliləmək lazımdır”- “Səriyyə” filminin kiçik ulduzu ilə müsahibə


Nəzakət Heydərova 2012-ci il iyunun 27-də Sumqayıt şəhərində anadan olub. 2018-ci ildə Ceyranbatan qəsəbəsi 1 nömrəli tam orta məktəbdə birinci sinfə gedib və hazırda həmin məktəbin 7-ci sinif şagirdidir. Eyni zamanda, S.Rüstəmov adına uşaq incəsənət məktəbində də təhsil alır. Nəzakət uşaq yaşlarından indiyə qədər bir neçə filmdə rol alıb. O, “Zəhər tuluğu” filmində Şəms obrazını canlandırıb. Əlixan Rəcəbovun Xocalı soyqırımının qurbanlarına həsr etdiyi “Sevinj stories” layihəsində 9 yaşlı Sevinc rolunu ifa edib. Son olaraq, “Səriyyə” filmində baş rolu oynayıb. Bununla yanaşı, o, "Səma ilə görüş”, “Tam məxfi” və “Valideynimin peşəsi” filmlərində də rol alıb. Gənc yaşına baxmayaraq, Nəzakət artıq Azərbaycan kinosunda öz izini qoymağa başlayıb. O, sənəti ilə bağlı fikirlərini 24media.az ilə bölüşüb.

Nəzakət Heydərova ilk dəfə kamera qarşısına çıxanda keçirtdiyi hisslərdən danışıb:

“İlk dəfə kamera qarşısına keçəndə o qədər də çətinlik yaşamadım. Bəziləri məndən soruşurdu ki, sən necə həyəcanlanmamısan? Mən olsaydım, həyəcandan oynaya bilməzdim, əlim əsərdi. Həm də kadr elə bir şeydir ki, orada hər kəs sənə baxır. Düzdür, əlbəttə ki, insanlıq halıdır, hər birimiz bir az da olsa həyəcan keçiririk. Mən də bir az da olsa keçirdim, deyə bilmərəm ki, həyəcanlanmadım. Amma yenə də sərbəst oldum, çünki sərbəst olsaq, obrazımızı daha yaxşı canlandıra bilərik”.


“Canlandırdığınız obrazlardan sizə ən yaxın olan hansıdır?” sualına isə belə cavab verib:


“Bütün obrazlarım mənə çox yaxın olub. Daha çox isə Səriyyə və Sevinc obrazı. Səriyyə obrazı həqiqətən mənə çox böyük təsir etmişdi. Çəkilişlərdən qayıtdıqdan sonra belə bir həftə, hətta daha uzun müddət özümə gələ bilmirdim. Kadr arxasında həqiqətən ağlayırdım. Yəni filmdə bir dəfə də olsun yalandan ağlamamışam. Həqiqətən də bunu düşünmək belə çox dəhşətlidir. Təəssüf ki, bu qlobal bir vəziyyətdir. Axı siz 12 yaşlı bir qızı necə ərə verə bilirsiniz? Kadr bitsə belə, mən oturub hönkür-hönkür ağlayırdım. Bu, həqiqətən ağlanacaq bir vəziyyətdir. Çünki bir qız uşağına verilə biləcək ən böyük sevgi onun təhsil almağıdır.


“Sevinj stories” filmində isə biz dünyaya yaymağa çalışdıq ki, Xocalı faciəsi ərəfəsində bir qız uşağının əlində telefon olsaydı, dünya bu faciə ilə necə tanış olardı? Və əlbəttə ki, bu obraz da məndə çox böyük təəssüratlar yaratdı. Bu obrazı canlandırdığım zaman o hadisələri yaşayırmış kimi hiss edirdim. Səriyyədə də həmçinin. Soyuqda, qarda axşam çəkilişimiz var idi. Həqiqətən çox soyuq idi, hətta çayın kənarı olduğuna görə elə bilirdim ki, barmaqlarımın arası buz tutub. O səhnədə mənim corabımın altından sellofan bağlamışdılar ki, ayaqlarım üşüməsin. Xocalıların ayaqyalın o yolu qaçdığını düşünmək belə faciəvidir”.


Nəzakət Heydərova gələcəkdə hansı janrda filmlərə üstünlük verəcəyindən də danışıb:


“Gələcəkdə qorxu filmində rol almaq istəyərdim və bu sahədə özümə güvənirəm. Yəqin ki, qorxu obrazını apara bilərəm. Məncə, bu ifadə mənim simamda da var. Obrazlarımın müsbət olmasına üstünlük verirəm. Əlbəttə ki, mənfi obrazları da canlandıra biləcəyimə inanıram. Böyük ehtimalla canlandıraram, çünki əsl aktrisa hər bir obraza- mənfi, müsbət, mələk və ya şeytan girməlidir. Mən əlbəttə ki, yaxşı obraz almaq istəyərdim. Amma məncə, pis obraz aparanlar daha yüksək qabiliyyətə malik olmalıdır”.


Son olaraq, gənc aktrisa bu sahədə uğurlu olmağın sirrini bölüşüb:


“Bu sahədə uğurlu olmaq üçün əlbəttə ki, cəsarət və özgüvən lazımdır. Kamera qarşısında heç kəsdən utanmamaq, tamamilə real həyatdan çıxış edib olduğumuz obraza fokuslanmaq vacibdir. Məsələn, mən “Səriyyə” filmində də kim olduğumu unudurdum və özümü Səriyyənin yerinə qoyurdum. Təsəvvür edirdim ki, ailəm məni zorla ərə verməyə çalışır. Mən özüm də dərs oxumağı sevən bir insanam. O anda həqiqətən də ailəmin təhsilimə əngəl olduğunu düşünürdüm”.


Nəzakət Heydərova müsahibəni “Mənfilərə fikir verməmək, müsbətlərlə irəliləmək lazımdır!” sözləri ilə bitirib.



Fidan Şahbazlı





Paylaş
Şərh əlavə et