Bu gün:

Alimlər nə üçün nəsli kəsilmiş heyvanları geri qaytarmağa çalışır?


Hazırda dinozavrların yenidən yaranması yalnız elmi-fantastik filmlərdə mümkün görünsə də, alimlər bəzi nəsli kəsilmiş heyvanları geri qaytarmaq üçün ciddi tədqiqatlar aparırlar. Dodo quşu, yunlu mamont və Tasmaniya pələngi kimi növlər genetik mühəndislik vasitəsilə yenidən canlandırıla bilərmi? Bu səylərin arxasında yalnız keçmişi yenidən bərpa etmək istəyi dayanır, yoxsa daha böyük bir məqsəd var?

Nəsli kəsilmiş bir növü geri qaytarmaq asan proses deyil. Alimlər bu məqsədlə müxtəlif genetik mühəndislik üsullarından istifadə edirlər. Onlardan biri klonlamadır. Lakin klonlama yalnız hələ də canlı hüceyrələrin mövcud olduğu hallarda mümkündür. Yəni tamamilə nəsli kəsilmiş bir növü eyni formada yenidən yaratmaq bu üsulla mümkün deyil. Buna görə də tədqiqatçılar "genetik redaktə" adlanan başqa bir metoddan istifadə edirlər. Bu texnikada, nəsli kəsilmiş növün DNT-si onun ən yaxın qohumu olan mövcud növlərin genetik materialı ilə birləşdirilir və ona çox bənzər yeni bir orqanizm yaradılır. Başqa sözlə, əldə edilən canlı tam olaraq keçmişdə mövcud olan növ deyil, lakin ona olduqca yaxındır.

Məsələn, Colossal Biosciences şirkəti dodo quşunu geri qaytarmaq üçün araşdırmalar aparır. Alimlər dodo quşunun DNT-sini öyrənərək, onun ən yaxın qohumları olan Nikobar göyərçini və nəsli kəsilmiş Rodriqes solitaire quşu ilə müqayisə edirlər. Məqsəd, dodo quşunun genetik xüsusiyyətlərini müasir növlərə əlavə edərək ona mümkün qədər bənzəyən bir canlı yaratmaqdır. Eyni yanaşma yunlu mamontun genlərinin Asiya filləri ilə birləşdirilməsi üçün də tətbiq olunur ki, nəticədə mamonta bənzər bir növ əldə edilsin.

Alimlərin bu sahəyə böyük sərmayələr qoymasının yeganə səbəbi maraq deyil. Əsas məqsəd, nəsli kəsilmiş növləri geri qaytarmaqla ekosistemlərin tarazlığını bərpa etmək və hətta iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir. Məsələn, yunlu mamontların geri qaytarılması ideyası Arktik tundraların təbii ekosistemini yenidən dirçəltmək və bölgənin daha da istiləşməsinin qarşısını almaq baxımından böyük maraq doğurur. Çünki mamontlar qar örtüyünü dağıdaraq torpağın donmuş vəziyyətdə qalmasına kömək edə bilər və beləliklə, həmin ekosistemin qorunmasına şərait yaradar.

Bundan əlavə, alimlər geri qaytardıqları növləri təbii mühitə buraxaraq ekoloji zəncirin bərpasına nail olmağa çalışırlar. Məsələn, yırtıcı heyvanların təbiətə qaytarılması, nəzarətsiz artan heyvan populyasiyalarının balansda saxlanmasına kömək edə bilər. Həmçinin nəsli kəsilmiş növlərin genetik məlumatlarının arxivləşdirilməsi, hazırda təhlükə altında olan canlıların qorunması üçün vacib addımlardan biri hesab olunur.

Bu layihələr elm dünyasında böyük həyəcan yaratsa da, onları tənqid edənlər də az deyil. Müxalif fikirdə olan mütəxəssislər hesab edirlər ki, nəsli kəsilmiş növləri geri qaytarmaq əvəzinə, hal-hazırda yox olma təhlükəsi ilə üzləşən canlıların qorunmasına diqqət yetirmək daha məntiqlidir. Hazırda yüzlərlə heyvan növü məhv olmaq təhlükəsi ilə qarşı-qarşıyadır və bəzi ekspertlər bu sahəyə ayrılan vəsaitlərin məhz onların xilasına yönəldilməsinin daha düzgün olacağını düşünürlər. 

Mənbə: Onedio

Tərcümə etdi: Xavər Məmmədli

Paylaş
Şərh əlavə et