Bizim başqasının video oyunundakı personajlar kimi yaşadığımız düşüncəsi çoxları üçün cəlbedicidir. “Simulyasiya hipotezi” terminini axtarışa verdikdə kainatın kompüter simulyasiyası olub-olmadığını müzakirə edən çoxsaylı nəticələr əldə etmək mümkündür və bəzi alimlər bu konsepsiyanı həqiqətən ciddiyə alırlar. 2016-cı ildə Amerika Təbiət Tarixi Muzeyində keçirilən mühüm debatdan sonra bu fikir elmi müstəvidən çıxaraq pop mədəniyyətinin sahəsinə keçib.

Təəssüf ki, bu elmi bir sual deyil; onu yoxlamaq üçün obyektiv bir üsul yoxdur. Bunun doğru olub-olmadığını, yəqin ki, heç vaxt bilməyəcəyik və bu hipotez üzərində həddindən artıq dayanmaq vaxt itkisidir.
18-ci əsr filosofu İmmanuel Kant kainatın nəticə etibarilə mahiyyəti bilinməyən "şeylərin özündə"dən ibarət olduğunu irəli sürüb. O, obyektiv reallığın mövcud olduğunu qəbul etsə də, düşüncəmizin qavrayışlarımızı formalaşdırmaqda və strukturlaşdırmaqda mühüm rol oynadığını söyləyib. Müasir nevrologiya və idrak elmi göstərir ki, dünyanı qavrayışımız hiss orqanlarımızın və beyindəki idrak funksiyalarının müxtəlif mərhələlərdən keçən emal proseslərinin nəticəsidir. Beynin daxilində dəqiq nə baş verdiyini hələ heç kim bilmir. Bildiyimiz isə budur ki, bu proseslər hisslərimizin qəbul etdiyindən qat-qat artıq məlumat yaradır. Məsələn, görməni götürək; tor qişası sadəcə iki ölçülü informasiyanı qəbul edən iki düz səthdən ibarətdir, lakin idrak funksiyaları qavrayışa üçüncü ölçünü əlavə edir.
Beləliklə, əgər kainatın tamamilə dərkedilməz olduğunu qəbul etsək, o zaman heç vaxt onun kompüter simulyasiyası olub-olmadığını da bilə bilmərik. Bu halda sualımızı dəyişdirməliyik: "Kainat bir kompüter simulyasiyasıdırmı?" əvəzinə "Kainatı kompüter simulyasiyası kimi modelləşdirə bilərikmi?"
Bu iki sual tamamilə fərqli yanaşmaları əhatə edir. Birinci sual bizi sonu olmayan fərziyyələrə sürükləyir və elmi baxımdan çıxılmaz vəziyyət yaradır. İkinci sual isə bizi konkret elmi metodlarla kainatı daha yaxşı anlamağa və onun funksionallığını modelləşdirməyə yönləndirir.
Bir variant onun paralel kainatda mövcud olmasıdır. Bəzi alimlər paralel kainatların varlığını nəzəri baxımdan mümkün saysalar da, bu kainatların bir-birinə təsir etmədiyini bildirirlər. Bu isə o deməkdir ki, paralel kainatda işləyən bir kompüter bizim reallığımıza müdaxilə edə bilməz.
Daha maraqlı yanaşma isə bu kompüterin "Platonun ideyalar aləmində" yerləşməsi ehtimalıdır. Platonun nəzəriyyəsinə görə, bizim gördüyümüz reallıq yalnız bu ideal aləmin kölgəsidir. Rəqəmlər, mükəmməl həndəsi fiqurlar və digər abstrakt anlayışlar bu aləmdə mövcuddur. Əgər kainat həqiqətən də simulyasiya edilirsə, bəlkə də, bu simulyasiyanın əsası məhz bu ideal aləmdə qurulub.
Əgər ədədləri ideyalar aləmində yerləşdirsək, fizikanın əsasını insan şüurundan asılı olmayan obyektiv bir reallığa bağlamış oluruq. Eyni şəkildə, əgər kompüteri də bu aləmdə mövcud hesab etsək, onda kainatı kompüter simulyasiyası kimi modelləşdirmək üçün fəlsəfi bir əsas əldə edirik.
Bu yanaşma reallığı anlamaq üçün kompüter simulyasiya metaforası əsasında model qurmağa imkan verir.
Lakin modellər reallığın özü deyil. Kainatın saat, hissəciklər toplusu və ya hesablamanın nəticəsi olması barədə mübahisə etməyin mənası yoxdur. Bütün bu modellər naməlum olanı anlamaq və yeni kəşflər etmək üçün istifadə olunan alətlərdir. Və nə qədər çox alətimiz olsa, bir o qədər effektiv və dərindən anlayışa sahib ola bilərik.
Elmi modellərin əvvəlki qurulma prosesləri ilə müqayisə etsək, "kompüter simulyasiyası" metaforası əsasında modelin inkişaf etdirilməsi də son dərəcə faydalı ola bilər. Bu yeni model kosmos haqqında yeni kəşflər etmək üçün yeni bir baxış bucağı təqdim edir.
Mənbə: Scientific American
Tərcümə etdi: Arzu Qafarova
