Bu gün:

Ən çox edilən qrammatik və orfoqrafik səhvlər hansılardır?


24Media.az-ın "1 sual, 1 cavab" rubrikasının budəfəki müsahibi Grammar Azi-nin rəhbəri Murad Hüseynovdur. O, yazıda ən çox edilən səhvlərdən danışdı.


Azərbaycanda sosial şəbəkə istifadəçilərinin ( bura həm siravi vətəndaşlar, həm qurumlar, həm media daxildir) ən çox etdiyi orfoqrafik, qrammatik  səhvlər hansılardır?

Tez-tez orfoqrafik səhvlərə yol verilir. Bu həm sözlərin yazılışının dəyişdirilməsi ilə, həm də müəllifin düzgün yazılışı bilməməsi ilə bağlı olur. Punktuasiya səhvləri də olur, ən çox "o" və "bu" mübtədalarından sonra vergülün işlənməsi məsələsində xətalara yol verilir. Durğu işarələrinin işlənməsinə aid səhvlər mənşəyinə görə də iki cür olur: orta məktəbdəki əzbərçiliyin fəsadları və türk dilinin təsiri. Müəyyən bir kütləyə orta məktəbdə, məsələn, bağlayıcılarla vergülün işlənməsini əzbərlətmə üsulu ilə öyrədirdilərsə, həmin şəxslər həmcins üzvləri olmayan və ya mürəkkəb olmayan cümlədə işlənən bağlayıcıdan əvvəl vergül qoyurlar. Bu cür səhvlərə yol verməmək üçün isə nəyisə əzbərləmək yox, mövzunun mahiyyətini anlamaq lazımdır. O ki qaldı türk dilinin təsirinə, burada mübtədadan sonra vergül qoyulması məsələsi var, çünki bizim dilimizdə belə bir qayda yoxdur ("o" və "bu" mübtədaları istisna). Apostrofun və ya tək dırnaq işarəsinin işlənməsinə tez-tez rast gəlinir. Əlbəttə, leksik səhvlər də olur, bu isə müxtəlif ifadələrin istər danışıq dilində, istər KİV-də yanlış işlənməsi ilə bağlıdır. Məsələn: üfunət qoxusu ("qoxusu" artıqdır), arxa fon ("fon" artıqdır)."

Dilimizin gözəlliyini qorumaq üçün qrammatik qaydalara riayət etməli, orfoqrafik səhvlərə yol verməməliyik.

Gülay Orucova 


Paylaş
Şərh əlavə et