Bu gün:

Azərbaycan universitetlərində informasiya təhlükəsizliyi


24media.az-ın "1 sual, 1 cavab" rubrikasının növbəti qonağı IT mütəxəssisi Fərhad Mirəliyevdir. O, Azərbaycan universitetlərində informasiya təhlükəsizliyindən danışıb.


-Azərbaycan universitetlərində informasiya təhlükəsizliyi mütəxəssisləri yetişdirilə bilirmi? 

İnformasiya təhlükəsizliyi sahəsi həssas bir sahə olduğu üçün xarici mütəxəssislərdən istifadə etmək doğru hesab edilmir. Bu səbəbdən də yerli kadr potensialının gücləndirilməsi əsas prioritet məsələdir. Azərbaycan universitetlərində 2000-ci illərdən sonra yaradılan İnformasiya texnologiyaları ilə bağlı ixtisaslarda informasiya təhlükəsizliyi məsələsinə ötəri yanaşılıb və tədris proqramları sənayenin tələblərinə cavab verməməklə, yeni texnoloji tendensiyalardan geri qalıb. Texnologiyaların daha sürətli inkişaf etməsinə rəğmən, tədris proqramları sabitlik və stabillik tələb edir. Ali məktəblərin biznes yönümlü davranışına diqqət etsək, görərik ki, onlar bazarda ehtiyac duyulan müvafiq ixtisaslar üzrə təhsil xidməti verməkdə və mənfəət əldə etməkdə daha maraqlıdırlar. Buna görə də bir çox universitetlərdə “İnformasiya təhlükəsizliyi” ilə bağlı ixtisaslar yaradılmış və minimal sayıla biləcək potensial ilə kadr hazırlığına başlanmışdır. 2022-ci ildə Elm və Təhsil Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşəbbüsü ilə bakalavriat səviyyəsinin informasiya təhlükəsizliyi ixtisası yeni proqram əsasında yaradılmışdır. Rəsmi məlumata görə bu proqramın yaradımasında bir çox xarici ölkələrin təcrübəsi nəzərə alınmışdır. Proqramda zəruri ixtisas fənlərinə diqqət yetirdikdə (“Təhlükəsiz proqramlaşdırma”, “Nüfuzetmə sınaqlarının əsasları”, “Verilənlər bazalarının təhlükəsizliyi”) əvvəlki proqramlardan daha mütərəqqi bir yanaşma sərgiləndiyi aydın olur. Bu da sözügedən proqram əsasında təhsilalanların gələcəyi barədə daha optimist gözləntilər yaradır. Bu proqramın nə qədər keyfiyətli və səmərəli olduğunu, yetişdirilən mütəxəssislərin nə qədər faydalı olub-olmayacağını bizə zaman göstərəcək.

Namiq Atamalıyev

Paylaş
Şərh əlavə et