Bu gün:

"Məktəblinin Dostu" nun fəaliyyəti


24Media.az-ın "1 sual, 1 cavab" rubrikasının budəfəki müsahibi təhsil eksperti Kamran Əsədovdur. Ekspert məktəblərdə "Məktəblinin Dostu" nun fəaliyyətlərindən danışıb. 

 

"Məktəblinin Dostu" nun nə kimi fəaliyyəti var və məktəblərdə nizam-intizama necə kömək edir? 

- İlk növbədə qeyd edim ki, 2016-cı ildən etibarən ölkəmizin təhsil sistemində "Məktəblinin dostu” adlı layihə tətbiq olunur. Məqsəd tədris prosesinin sağlam, təhlükəsiz, əlverişli psixoloji mühitdə təşkil edilməsi, valideynlərin övladlarının təhsil şəraiti barədə məlumatlılığını və məmnunluğunu artırmaqdır. Bu kimi layihələr dünyanın müxtəlif ölkələrində çeşidli adlarla uğurla sınaqdan çıxıb. Burada əsas hədəf məktəb - təhsil alan - valideyn üçbucağının tərəfləri arasında üfüqi ünsiyyətin qurulması və hədəf olaraq təhsil alana ahəngdar özünü gerçəkləşdirmə imkanları yaratmaqdır. Məktəblinin dostunun əsas vəzifəsi məktəblinin təhlükəsizliyini qorumaq, fövqəladə hal baş verdikdə müəllim heyətinə və şagirdlərə ilkin yardım göstərməkdir. Qeyd edim ki, hazırda Bakı şəhərində 310-a yaxın məktəb var və bu məktəbin yalnız 230-a qədərində "Məktəblinin dostu” layihəsi həyata keçirilir. Əslində, düşünürəm ki, bu layihə bir az gecikmiş layihədir. Azərbaycanda təhsil müəssisələri ənənəvi idarəetmədən yeni idarəetməyə keçib. Biz görmüşük ki, məktəb idarəçiliyi-direktor, direktor müavini, sinif rəhbərləri vasitəsilə həyata keçirilir, amma bu sadaladığımız şəxslər birbaşa tədris prosesinin iştirakçısı olduğu üçün şagirdlərlə geniş şəkildə fəaliyyət göstərmək imkanına malik deyillər. Yəni sinif rəhbəri, yaxud da direktor müavini aktiv tədris prosesinin iştirakçısı olduğuna görə şagirdlərin bu və ya digər ehtiyacları, asudə vaxtlarının dəyərləndirilməsi ilə bağlı fəaliyyət göstərə bilmirlər. Orta məktəblərdə hər bir məktəbli ilə ayrı-ayrılıqda onların problemləri, sıxıntıları ilə bağlı işlər güclü şəkildə həyata keçirilə bilmirdi, amma "Məktəblinin dostu” vəzifəsini yerinə yetirən şəxs tədris prosesinin iştirakçısı olmadığı üçün birbaşa məktəbdə sosial fəaliyyəti həyata keçirirlər. Məsələn, məktəblər arasında yarışlar keçirilir və yaxud məktəbdə neqativ halların aradan qaldırılmasında onlar müstəsna rola malikdirlər. Mənim araşdırmalarıma görə, məhz "Məktəblini dostu” layihəsi tətbiq olunan məktəblərdə şagirdlər arasında siqaret çəkmə halları 80 faizədək azalıb. Həmçinin məktəbə kənar şəxslərin daxil olmasının qarşısı alınıb. Bu layihə bir çox ölkələrdə də var. Məsələn, qardaş Türkiyədə , Gürcüstanda uzun müddətdir ki, fəaliyyət göstərir. Ölkəmizdə tətbiq olunması isə olduqca müsbət haldır. Məktəblinin dostu olan şəxs tədris prosesinin iştirakçısı olmadığı üçün məktəbdə bilik və idman yarışlarının, sosial fəaliyyətin həyata keçirilməsində yaxından iştirak edir. Layihə hazırda Bakı şəhəri üzrə 186, Abşeronda 20, Sumqayıtda 20 təhsil müəssisəsində olmaqla, ümumilikdə 226 müəssisədə fəaliyyət göstərir. 400 minə yaxın şagirdi əhatə edən layihə üzrə hazırda 400 əməkdaş çalışır. Layihənin əsas məqsədi müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilkin tibbi və psixoloji yardım göstərməkdir. “Məktəblinin Dostu” seçilmiş şəxslər hər bir yaş mərhələsində uşaqların hərtərəfli şəxsi keyfiyyətlərinin və intellektual inkişafının təmin edilməsi, onlarda özünütərbiyə və özünüinkişaf bacarığının formalaşdırılmasında iştirak edirlər. Hesab edirəm ki, məktəblinin dostu Azərbaycanda fəaliyyət göstərən 4500 orta ümumtəhsil məktəbinin hər birində tətbiq olunmalıdır. Çünki məktəblinin dostu, həqiqətən də, Azərbaycan təhsilinin, müəllim və şagirdinin, valideynin dostudur. Bəzən olur ki, valideynlər uşaqlarını gec götürürlər və həmin vaxt məktəblinin dostu şagirdin təhlükəsizliyini təmin edir. Məktəblinin dostu layihəsində bu işi yerinə yetirənlərin konkret görəcəyi işlər, öhdəliklər, vəzifələr var. Məktəblinin dostu məktəbdə sosial fəaliyyət göstərməklə məşğuldur. Direktorun səlahiyyətləri var və heç bir halda kimsə direktora, onun müavininin fəaliyyətinə təsir göstərə bilməz, eynilə də məktəblinin dostu olan şəxslər. Sadəcə, bəzi məktəblərdə direktorlar vəzifələrinin öhdəsindən normal gələ bilmirlər və bu zaman onların fəaliyyət sahəsinə daxil olan məsələləri məktəblinin dostu layihəsinin iştirakçıları yerinə yetirir.

Aytən Nazim 

Paylaş
Şərh əlavə et