Bu gün:

"Bəzi bölgələrdə arı ailələrinin böyük bir hissəsi məhv olur”


24media.az-ın "1 sual və 1 cavab" adlı rubrikasının budəfəki qonağı balçı Elvin Bayramlıdır. O, son zamanlarda balların qiyməti və istehsalın artırılması barədə danışıb. 

Azərbaycanda son illərdə balların qiyməti necə dəyişib, bu dəyişimin səbəbi nədir və balın daha sərfəli qiymətə başa gəlməsi üçün nəyə ehtiyac var?

-Demək olar ki, son 4-5 ildə balın qiymətində bahalaşma olmayıb. Azərbaycanın bütün rayonlarının ballarının standart qiyməti 25-30 manata satılır, sadəcə, bəzi balların çeşidinə və az tapılmasına görə qiymətlərdə cüzi dəyişikliklər olur. Son 2 ildə isə Kəlbəcər, Laçın və Qarabağın digər rayonlarında istehsal olunan balların qiymətində bahalaşma var. Bunun ilkin səbəbi çəkilən xərcə görədir, yəni bir arıçı maksimum 5-10 min arası xərc çəkir; arıların aparılması, infostruktorun olmaması, işığın, qazın olmaması və s. İkincisi isə odur ki, həmin bölgələrə çox az arıçının getməsi nəticəsində balın az istehsal olunması və, nəhayət, üçüncüsü isə həmin o balın illərlə təbliğ olunmasıdır hansı ki, kimliyindən asılı olmayaraq hər kəs o baldan dadmaq istəyir. Çünki həmin bal digərlərindən tərkibinə görə fərqlənir. Məsələn, torpağın minerallar zəngin olmasına görə balda faydalı elementlər mövcuddur və bunun müalicəvi əhəmiyyəti daha yüksəkdir. Amma düşünürəm ki, bir müddətdən sonra həmin balların qiyməti də, nisbətən, ucuzlaşacaq, çünki getdikcə daha çox arıçıya icazə verilir. Bərdə, Tərtər zonasının arıçılarına icazə verirlər. Balın daha ucuz və münasib qiymətə başa gəlməsi üçün istehsal artmalıdır. Sadəcə, Azərbaycan təbiəti böyük bal istehsalı üçün kifayət qədər potensiala sahib deyil. Çünki dünyada istehsal olunan və ucuz başa gələn balların istehsalı əkin sahələrindən ya da cökə meşələrindən yığılan ballardır. Azərbaycanda isə böyük meşələr yoxdur, əkin sahələrindən bal yığılmır. Ümumiyyətlə, ölkədəki ballar daha yüksək keyfiyyətlidir. Məsələn, cökə balı satılırsa, onun tərkibi sadəcə cökədən ibarət deyil, həmçinin onlarla başqa çiçəyin nektarı olur. Məhz buna görə də, bugünkü balın qiyməti realdır. Qiymətləri bu şəkildə saxlasaq, qiymətlərdə böyük infilyasiya olmasa, məhsullar pul dəyəri itirib bahalaşmasa, balın qiymətini çox normal hesab etmək olar. Zamanla isə qiymətlər daha da yerinə düşəcək.

İstehsalın artırılması üçün də bir neçə şərtlər var. İlk olaraq arı sayını artırmaq, sonra isə sırf arılar üçün laborant, baytar təmin etmək. Bunların olmaması arılara böyük ziyan vurur. Bəzi bölgələrdə arı ailələrin böyük bir hissəsi məhv olur, kütləvi ölümlər baş verir. Bu halda da balın daha çox istehsalından danışmaq mümkün deyil.

Xədicə Qiyas

Paylaş
Şərh əlavə et