Bu gün:

Semestr imtahanında uğur qazanmağın yolu


24media.az-ın "1 sual, 1 cavab" rubrikasının növbəti qonağı Bakı Dövlət Universitetinin Fəlsəfə kafedrasının müəllimi Elmar Hüseyndir. O, semestr imtahanında uğur qazanmağın yollarından danışıb.

 -Qarşıdan semestr imtahanı gəlir. Tələbələr nələrə diqqət etməlidir və imtahanda uğur qazanmağın yolu nədən keçir?

İmtahanda uğur qazanmaq semestr ərzində mütəmadi olaraq bütün mühazirə və seminar mövzularına heç olmazsa qismən hazırlıqlı olmağı tələb edir. Müəllim tərəfindən düzgün tərtib edilmiş tədris proqramı özündə, adətən, bütün mövzular arasındakı məntiqi ardıcıllığı ehtiva edir ki, mövzuların hər hansı barəsində tamamilə məlumatsız olmaq növbəti mövzuların da effektiv şəkildə qavranılmasını mümkünsüz edir. Bunu nəzərə alaraq  tələbələrimə həmişə dərslərimiz başlayan zamandan etibarən bütün seminar dərslərinə mümkün qədər hazırlıqlı gəlməyi, beləliklə, həm də tədricən imtahana hazırlaşmağı məsləhət görürəm. Əks halda imtahan sessiyası zamanı nəzərdə tutulmuş nisbətən qısa zaman müddətində bir neçə fənn üzrə imtahanlara hazırlaşıb yüksək nəticə əldə etmək ehtimalı bir qədər azalmış olur. Bu həm də tələbə psixologiyasında əlavə yüklənmə, stress və narahatlığın yaranması ilə müşayiət oluna bilər. Halbuki semestr boyu dərslərə mütəmadi hazırlaşmaq, mühazirə və seminarlarda qaranlıq qalan məsələlərin müəllim ilə birlikdə aydınlaşdırılması dərsi daha yaxşı mənimsəməklə yanaşı onları bütün bu kimi arzuedilməz psixi vəziyyətlərdən azad edə, imtahana hazırlaşma prosesini sadəcə olaraq artıq öyrənilmiş olan mövzuların təkrarlanması, qazanılmış olan biliklərin xatırlanması prosesinə çevirə bilər.

24media.az xatırladır ki, Bakı Dövlət Universitetinin (BDU) Elmi Şurasının növbəti iclası keçirilib. İclasda 2023-cü ilin iyun ayının 5-dən iyulun 5-dək imtahan sessiyasının keçirilməsi, müxtəlif səbəblərdən imtahanda iştirak etməyən təhsilalanlara həmin fənlərdən imtahan vermək üçün 2023-cü il iyul ayının 6-dan 12-dək şərait yaradılması barədə qərar qəbul olunub. 

Lumu Zülfüqarova 

Paylaş
Şərh əlavə et