Ölüm fiziki bədənin sağ qalmaq üçün işləməyi dayandırdığı anı ifadə edir. Ürəyin, beynin, böyrəklərin və qaraciyərin də daxil olduğu digər həyati orqanlar fəaliyyətini dayandırır. Və beləliklə, bədən "yaşamaq" kimi başa düşülən davamlı prosesləri həyata keçirmək qabiliyyətini itirir.

Ölüm özü bir prosesdir. Ölümü bu şəkildə bir hadisələr silsiləsi, yəni ölmək kimi düşünmək, bədənin həyatla ölüm arasındakı keçid zamanı keçirdiyi dəyişiklikləri daha yaxşı anlamağa kömək edir. İlk nəfəsdən son nəfəsə qədər mövcudluq bədən tərəfindən işə salınan proseslərlə bağlıdır. Ölmək isə bədənin insan üçün yerinə yetirdiyi son vacib prosesdir.
Ölmək nə qədər vaxt aparır?
Hər kəsin ölüm prosesi fərqlidir. Bədənin nə qədər müddətdə öləcəyi sağlamlıq vəziyyətindən, alınan müalicələrdən və ölüm səbəbindən asılıdır. Məsələn, müalicə olunmayan qəfil ürək dayanması bir neçə dəqiqə ərzində ölümlə nəticələnə bilər. Xroniki (uzunmüddətli) xəstəliklər zamanı isə bədənin ölüm prosesi həftələr və ya hətta aylar çəkə bilər.
Dünyada ölümün ümumi səbəbləri — ürək xəstəlikləri, xroniki ağciyər xəstəlikləri və xərçəng çox vaxt müalicə oluna bilən xəstəliklərdir. Bu müalicələr təkcə ölümü gecikdirmir, həm də ölüm prosesini uzadır.
Ölümdən əvvəl bədəndə nə baş verir?
Xroniki xəstəliklər və ya təbii səbəblərdən ölüm zamanı bədənin həyati funksiyaları tamamilə dayanmazdan əvvəl tədricən yavaşlayır və müxtəlif dəyişikliklər baş verir.
Ölümə yaxın olan insan beynini və bədənini yenidən gücləndirmək üçün yatmır. Əksinə, bədən artıq fəaliyyət üçün kifayət qədər enerjiyə malik olmadığı üçün yatmaq ehtiyacı yaranır. Ürək oksigenlə zəngin qanı bədənə ötürməkdə daha az effektiv olur. Yetərli oksigen olmadıqda bədənin hüceyrələri insanın uzun müddət oyaq və aktiv qalması üçün lazım olan enerjini istehsal edə bilmir. Buna görə də istirahət ölüm prosesinin təbii və vacib bir hissəsinə çevrilir.
Öldükdən sonra bədəndə nə baş verir?
Bədən ölüm sonrası yeni vəziyyətinə uyğunlaşdıqca bir sıra dəyişikliklərə məruz qalır. Bu proses bir neçə gün ərzində sürətlə baş verir.
1. Bədən temperaturunun düşməsi
Bədən temperaturu saatda təxminən 1,5 dərəcə Fahrenheit azalır. Nəhayət, bədən ətraf mühitin temperaturuna uyğunlaşır.
2. Qanın aşağı çəkilməsi
Cazibə qüvvəsi qanın yerə doğru hərəkət etməsinə səbəb olur. Bunun nəticəsində, bədənin qan toplanan hissələrində dəri bənövşəyi-qırmızı rəng ala bilər.
3. Bədənin sərtləşməsi
Əvvəlcə üz və boyun əzələləri sərtləşir. Bu sərtləşmə tədricən bədənin gövdəsinə yayılır və daha sonra qollar, ayaqlar və barmaqlar sərtləşir.
4. Yenidən boşalma prosesi
Ölümdən bir neçə gün sonra bədənin toxumaları parçalanmağa başlayır və bu da əvvəlki sərtləşmiş ərazilərin yenidən boşalmasına səbəb olur.
Ölümə yaxın bədən tez-tez sağ qalmaq üçün mübarizə aparır. Bədənimizə proqramlaşdırılmış sağ qalma instinkti ağrıkəsicilər olmadan ağrı verə bilər. Məsələn, həyati təhlükə yaradan miqdarda qan itirən bir bədən avtomatik olaraq məhdud qan tədarükünü həyati vacib orqanlara yönəldir. Bu reaksiya həmin orqanları həyatda saxlasa da, qan axını azalan bədən hissələrində (məsələn, qollar və ayaqlarda) ağrı hiss oluna bilər.
Mənbə: Cleveland Clinic
Tərcümə etdi: Arzu Qafarova
