24Media.az “Misra24” rubrikasına davam edir.
Məktəb illəri Xəlil Rza Ulutürkün poeziya aləminə qədəm qoyması üçün mühüm bir hazırlıq dövrü olub. Bu dövr ərzində o, şifahi xalq ədəbiyyatından, klassik və müasir yazıçıların əsərlərindən bəhrələnib, bədii yaradıcılığa böyük maraq və həvəs qazanıb. Hələ gənc yaşlarından onu düşündürən və həyəcanlandıran hadisələri poetik dillə ifadə etməyə çalışması onun gələcəkdə poeziyanın əzablı, lakin romantik meydanında öz layiqli yerini tutacağından xəbər verirdi.
Xəlil Rza Ulutürk müasir Azərbaycan poeziyasında unikal bir simadır. Onun məhəbbət şeirlərinin bütün ünvanlarının yalnız bir insana — həyat yoldaşı Firəngiz xanıma həsr olunması, poeziyada sədaqətin və əbədi sevginin nadir bir nümunəsidir. Firəngiz xanım bunu öz çıxışlarında dəfələrlə vurğulayıb. Bu fakt həm Xəlil Rza Ulutürkün vətənə olan sevgisinin, həm də həyat yoldaşına bəslədiyi sonsuz məhəbbətin bir göstəricisidir.
Firəngiz Ulutürk əzablı və çətin günlərdə Xəlil Rza ilə birlikdə çiyin-çiyinə durmağı bacaran, hər əzaba sinə gərə bilən iradəli və təpərli bir xanım idi. Bu səbəbdən Xəlil Rza kimi sevdiyini, kimi seçdiyini çox yaxşı bilirdi. Gənclik illərində öz aşiqliyini və əbədi vurğunluğunu belə etiraf etmişdi:
Tutub gözlərimi məhəbbət mənim,
Heç kimi görmürəm səndən savayı,
Gecəyə nur salan bir afət mənim,
Bəxtimin ən böyük səadət payı,
Heç kimi görmürəm səndən savayı.
Xəlil Rza və Firəngiz xanımın sevgi hekayəsi yalnız şəxsi bir dastan deyil, həm də Azərbaycan poeziyasının sevgi anlayışına verdiyi ən böyük töhfələrdən biridir.
Xəlil Rza Azərbaycan dilinin saflığı, əcnəbi dilin təsirinə məruz qalmaması üçün özünə məxsus mübarizə yolu seçmişdi. O harada olursa-olsun, doğma dilində təmiz danışmayan müsahibindən eşitdiyi hər yad kəlmə üçün 5 qəpik cərimə tələb edər, danışığından məmnun qaldığı soydaşlarını bir manat məbləğində mükafatlandırardı. Beləcə o, müasirlərin diqqətini ana dilinin saflığını qorumağa cəlb etməyə, digər tərəfdən də ruslaşdırma siyasətinə qarşı mübarizə aparırdı. Əlbəttə, bütün bunlar dövlət hakim dairələrinin nəzər-diqqətindən yayınmır, çox çəkmir ki, onun ictimai-pedoqoji fəaliyyəti məhdudlaşdırılır, “Birlik” cəmiyyəti yolu ilə Azərbaycanın rayonlarına göndərilməsi qadağan olunur. Şair Sabir Rüstəmxanlı yazır:
“Xəlil Rzanı başa düşməyənlər çox idi. Onun cəsarəti vətəndaşlıq şeirlərini dinləməkdən belə qorxanların sayı min-min idi. O, kürsüyə qalxanda durub salonu tərk edirdilər. Xəlilin antisovet, antiimperiya çıxışlarına dəlilik kimi baxanlar, onun səsini kəsməyə çalışan, yüksək kürsülərə yolunu bağlayan, onu kiçiltmək istəyənlər Xəlil Rza istedadının Allah vergisi olduğunu, Allah hökmü ilə danışdığını dərk edə bilmirdilər."
20 Yanvar faciəsi yalnız Azərbaycan xalqının deyil, həm də milli ruhun simvolik daşıyıcılarından biri olan Xəlil Rza Ulutürkün yaradıcılığında silinməz iz buraxdı. Bu qanlı hadisələr zamanı şairin odlu-alovlu çıxışları SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin diqqətindən yayınmadı və nəticədə o, həbs olunaraq Moskvadakı məşhur Lefortovo həbsxanasına göndərildi.
Ağır sorğu-sual və ağır ittihamlar Xəlil Rzanın iradəsini qıra bilmədi. O, 8 ay 13 gün ərzində mühitindən təcrid olunsa da, yaradıcılıq eşqini itirmədi. Şair Lefortovoda qələmə aldığı gündəliyi, 200-dən çox şeiri, poemaları və məktubları ilə sanki milli mübarizənin yeni səhifələrini yazırdı. “Lefortovo gündəliyi” təkcə onun həbsxanadakı mənəvi gücünü deyil, həm də ictimai-siyasi dünyagörüşünü əks etdirən dəyərli bir əsərdir. Bu əsərlər həm məzmunu, həm də bədii dəyəri ilə milli poetik fikrimizi zənginləşdirən misilsiz bir abidəyə çevrilib.
“Lefortovo gündəliyi” həm də şairin qəbul etdiyi Ulutürk təxəllüsünün mənəvi möhürüdür. Həbsxanada olmasına baxmayaraq, Xəlil Rza imperiyaya boyun əymədi və mübarizəsini qələmlə davam etdirdi. Onun odlu-alovlu şeirləri həbsxana divarlarını aşaraq, xalqına milli iradənin və ruhun əyilməzliyini nümayiş etdirirdi:
Qorxma, mən sarsılmaz dağ qalasıyam,
Min-min ölüm gələ... sağ qalasıyam.
Sabah azad olub hayqırasıyam;
-Canım ey Azadlıq, can Firəngizim.
Bu hadisələr bir daha sübut etdi ki, Xəlil Rza Ulutürk yalnız bir şair deyil, həm də öz xalqının milli-mənəvi gücünün simvoludur.
Azadlıq aşiqi olan şairin Lefortovo həbsxanasında keçirdiyi günlər ərzində hər dəfə yanına gələn həyat yoldaşını xüsusi tərənnüm etmişdi. Firəngiz xanım öz xatirələrində qeyd edir ki, Xəlil bəy iki il işsiz qalıb. Və ona öz tələbələri tərəfindən ərzaqla yardım edilməyini heç vaxt qəbul etməyib. Firəngiz xanım onun nə üçün ona gətirilən ərzaq payını qəbul etmədiyini soruşanda Xəlil bəy belə cavab verir: "Axı, onun özü yoxsuldu. Mən o payı qəbul edə bilmərəm."
Şairin böyük sevincini bəxş edən oğlu, hələ beşikdəykən misraların şah damarı oldu, qələmin ilham çırağına çevrildi. Ata, Təbriz adını bəxş etdiyi oğlunun gələcəyinə ümid bağladı, onu arzuların qanadında uçurtdu. Təbriz adı ilə bir sabahın müjdəsini, bir azadlığın xəbərini xəyallarda yaşatdı. Təbriz yalnız oğlu deyil, həm də Vətənin oğlu idi.
Ey bala Təbrizim, gün o gün olsun
Ana Təbrizimə mən azad deyim,
Ustad Şəhriyarla görüşüm olsun.
Təbrizi Təbrizə qol-qanad deyim.
Lakin həyatın qəddar sınaqları bu arzuları qanla yazılmış tarixə çevirdi. Gün gəldi, Təbriz şəhidlik zirvəsinə ucaldı. Ata o gün yalnız oğlunu deyil, arzularını, xəyallarını da itirdi, lakin onun adı və ruhu əbədi olaraq yaşayacaqdı. Hətta Xəlil Rza şəhid olan oğlu Təbrizin dəfnində çıxış edərək deyir: “Mən şəhid olmuş oğlum Təbrizin yastıq yoldaşı Sevinc xanımı təbrik edirəm! Onun Təbrizi vətənin müqəddəs torpağı uğrunda can verdi. Onun ölümü pak və müqəddəs ölümdür. Eşq olsun belə ölümə”.
Təbrizin vəfatından sonra sanki misraların üzərinə mistik bir tül örtüldü və şeirdəki mənalar o mavi tülün arxasından tamam başqa ritmdə və məzmunda səsləndi:
...Sağ ol, əziz balam, canım-ciyərim,
Ata məramını duyan Təbrizim!
Çıxarıb quyunun qaranlığından
Mən dağ başına qoyan Təbrizim!
Xəlil bəy Təbrizdən sonra iki il yaşadı. Təbriz qədər bağlı olduğu Şuşa işğal olunanda sanki “Təbriz getdi, heç olmasa, Şuşa qayıtsın” deyə Şuşanın geri qaytarılması uğrunda mücadiləyə başladı. Bunu gerçəkləşdirə biləcək milli lideri millətə nişan verdi. Xəstə ürəyini dişinə tutub Naxçıvana getdi. Heydər Əliyevlə görüşdü. Onu yeni dövrün Atatürkü adlandırdı. Qalan günləri xəstəxana çarpayılarında keçdi. Və sonra da bitdi. Şairin kahinliyi tamamlandı.
24Media.az Xəlil Rza Ulutürkün ömür-gün yoldaşı Firəngiz xanıma yazdığı şeiri təqdim edir.
Xoş gəlmisən, ömrüm-günüm,
Xoşbəxtliyim, səsim-ünüm.
Nəfəs dər, başına dönüm,
Bu gəlişin hünər oldu.
İşıqlan, ey könlüm-gözüm,
Sübh açıldı, səhər oldu.
Çin çıxacaq yuxum bugün,
Mənim yarım gələr oldu.
Bu gəlişin heyranıyam,
Qədəminin qurbanıyam.
Bir saatlıq mehmanıyam,
Bəxtim yenə gülər oldu.
Oxşayacam tellərini,
Sıxacağam mərd əlini.
Öz könlünün həmdəmini,
Dustaq bir də sevər oldu...
Mənbə https://www.anl.az/down/meqale/525/2018/fevral/575990.htm
https://old.525.az/view.php?lang=az&menu=29&id=26107&type=1#gsc.tab=0
https://kulis.az/xeber/media/sevdiyi-qiza-gore-telebe-yoldasini-doyen-xalq-sairi-26932
Pərvanə Abbasova