Bu gün:

"Qorxu hər şeyə qadirdir"- Elxan Elatlı ilə müsahibə


Detektiv əsərlər oxucuların həmişə maraq dairəsində olub. Hadisələrin gərginliyi, gözlənilməz süjet xətti və analitik düşüncəni oyadan detalları ilə bu romanlar ədəbiyyat aləmində özünəməxsus yer tutur. 

Azərbaycanda da detektiv əsərlərə olan maraq günbəgün artmaqdadır. Oxucular bu üslubdakı əsərlər vasitəsilə həm ədalətə inam hissini bərpa edir, həm də məntiqi düşüncə bacarıqlarını inkişaf etdirirlər.

Öz əsərləri ilə geniş oxucu kütləsi qazanan Elxan Elatlı detektiv əsərlərin Azərbaycanın ədəbiyyat dünyasında necə bir təsir buraxdığını ən yaxşı bilən müəlliflərdən biridir. Onun “Qan ləkəsi”, “Cəhənnəmdən gələn səs”, "Arxalı canavar", "Adsız tablo", "Ən yaxın planet" və “Şantaj” kimi əsərləri təkcə süjet xətti ilə deyil, həm də dərin psixoloji təsiri ilə yadda qalır.

Bu səbəbdən 24Media.az-ın bugünkü müsahibi Elxan Elatlıdır. O, saytımıza detektiv əsərlərin mahiyyəti, müəllif olaraq qarşılaşdığı çətinliklər və onun yaratdığı obrazların oxucular üzərində buraxdığı təsirlərdən bəhs edib.

-Detektiv əsərlər Azərbaycanda oxucu auditoriyasına necə təsir göstərir? Sizcə, bu üslub ölkəmizdə yetərincə qiymətləndirilir, yoxsa oxucular başqa ədəbi əsərlərə üstünlük verir? Yerli auditoriyanın bu əsərlərlə bağlı zövq və maraq dairəsi haqda fikirləriniz nələrdir?

Dünyanın hər yerində olduğu kimi Azərbaycanda da detektiv əsərlərə böyük maraq var. Əlbəttə, digər janrlara da üstünlük verənlər az deyil, amma detektiv oxucuları daha çoxdur. Peşəkar qələmindən çıxan detektiv romanlar oxucularda ədalətə inam aşılayır, analitik düşünmə bacarığını artırır, qarşılaşdığı hadisələrə məntiqin gözü ilə baxmağı öyrədir.

-Əsərlərinizdə hadisələr insanın ən böyük qorxuları və arzuları ətrafında formalaşır. Sizcə, insan davranışını formalaşdıran daha güclü bir motivator hansıdır – qorxu, yoxsa arzu? Bu məsələdə şəxsi müşahidə və təcrübəniz hansı nəticələri ortaya qoyur?

Mənim fikrimcə, insan psixologiyasına qorxu qədər güclü təsir edən başqa bir hiss yoxdur. Qorxu insanı həm məhdudlaşdıra, həm də qeyri-adi şeylərə sövq edə bilər. Bu hissin təsir dairəsi o qədər genişdir ki, insan davranışlarının böyük bir hissəsini formalaşdırır. Bir sözlə, qorxu hissə hər şeyə qadirdir. 

-Detektiv yazıçısı kimi, bu üslubda yazan müəlliflərin qarşılaşdığı əsas çətinliklər hansılardır? Müəlliflər maraqlı və gərgin süjetlər yaratmaq üçün hansı problemləri aşmalıdırlar? Siz öz yaradıcılığınızda bu çətinlikləri necə dəf edirsiniz?

Detektiv yazıçıların qarşılaşdığı əsas çətinlik reallığa uyğun cinayət hadisəsi düşünmək və onun təhqiqatçı obraz tərəfindən məntiqi üsulla açılmasına nail olmaqdır. Əgər bunlar varsa ədəbi istedadı olanlar romanın süjet xəttini qura bilərlər.

Detektiv yazan müəlliflərdə yazıçılıq istedadı ilə yanaşı analitik düşünmə qabiliyyəti olmalıdır. Bununla yanaşı müəllifin yazıçılığa başlamaq üçün hüquqi biliklərə də ehtiyacı olacaq. Xüsusilə, cinayət prosessual məcəlləsindən məlumatlı olmaq lazımdır. Mən də qarşıma çıxan problemləri həll etmək üçün hüquqa aid ədəbiyyatlardan yararlanmışam.

-“Cəhənnəmdən gələn səs”, “Qanunsuz əməliyyat” və “Qan ləkəsi” əsərlərinin əsas qəhrəmanı Ələmdar Məlikov, xüsusən gənc oxucular, o cümlədən xanımlar arasında rəğbət qazanıb. Bu obrazın formalaşmasında real həyatda hər hansı bir insan ilham mənbəyiniz olubmu, yoxsa Ələmdar sırf təxəyyül məhsuludur?

Ələmdar Məlikov obrazı sırf yazıçı təxəyyülünün məhsuludur. Lakin onu yaratdıqdan sonra çox sayda ələmdarlarımızla tanış olmuşam.

-“Qan ləkəsi” romanı oxucular tərəfindən hələ də böyük maraqla qarşılanır və müzakirə olunur. Bu romanın bu qədər əks-səda doğuracağını gözləyirdinizmi? Onun populyarlığı sizdə hansı təəssüratları doğurdu?

“Qan ləkəsi” mənim ən iri həcmli romanımdır və maraqla qarşılanacağını əvvəldən bilirdim. Bu əsərdə milli birlik təbliğ edilir və düşmənlərimizin necə məkrli olduğu təsvir olunur. Romanın geniş populyarlıq qazanması isə məni xalqımızın milli birliyə və vətənpərvərliyə bağlılığına bir daha inandırdı.

-“Şantaj” romanının Ülkər obrazı oxucularda dərin təsir buraxır. Hətta bəzi oxucular bu romanı oxuyarkən Ülkərin yaşadıqlarını öz həyatlarında hiss etdiklərini vurğulayıblar. Bu əsərdən yaranan belə güclü emosional reaksiyaları necə izah edirsiniz? Sizcə, romanın bu təsiri məhz hansı elementlərdən qaynaqlanır?

"Şantaj" romanı gözlədiyimdən də artıq əks-səda doğurdu. Oxucular hər yerdə Ülkəri axtarırlar. Qadın həbsxanasında qonaq olarkən öyrəndim ki, məhkum xanımların da gözləri öz aralarında Ülkəri tapmağa çalışır. 

 Məncə, bu romanın belə sevgi qazanması qızlarımızın bir çoxunun şantaja düçar olması ilə bağlıdır. Romanı oxuyan hər kəs onu bütün gənc qızlarımızın və qız valideynlərinin oxumasını israrla tövsiyə edirlər.

Sonda isə yazıçı öz arzularını bizimlə bölüşüb.

Sizə və sizin timsalınızda Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alan tələbələrə gələcək peşələrində böyük uğurlar arzu edirəm. Öz peşəsinə dərindən bağlı olan vicdanlı jurnalistlərə çox ehtiyacımız var.

Sona Osmanova

Paylaş
Şərh əlavə et