24media.az-ın budəfəki müsahibi Bakı Mərkəzi Xəstəxanasında invaziv-kardiologiya üzrə ixtisaslaşmış həkim və kardiologiya şöbəsinin müdiri Samir Allahverdiyevdir. O, ürək xəstəlikləri, qidalanma, emosional stressin ürək-damar sağlamlığına təsiri, ürək əməliyyatı sonrası bərpa prosesi və yeni müalicə metodlarından danışıb.

-Son illərdə ürək xəstəlikləri niyə gənc yaşda daha çox yayılmağa başlayıb və bu, hansı amillərlə əlaqəlidir?
Əslində, ürək-damar xəstəlikləri dünyada sadəcə bu gün yox, keçmiş zamandan etibarən ən sıx ölüm səbəbi olaraq bilinməkdədir. Bəli qeyd etdiyiniz kimi ürək-damar xəstəlikləri 60 yaş sonrası yox, artıq 35-40 yaşlarındada sıx müşahidə olunmağa başlanılıb. Bunun səbəbi isə daha çox dünyada baş verən qlobal, iqtisadi böhranlar nəticəsində insanların keyfiyyətli qidanın əldə olunmasında çətinliklərinin yaranması, stress faktorunun artması, siqaret istifadəsində artımın olması və ağır, uzun iş saatlarının gətirdiyi yeni amillərdir.
-Hər gün istifadə etdiyimiz qidalar ürək sağlamlığına necə təsir edir və hansı qida maddələri mütləq şəkildə pəhrizimizdə olmalıdır?
Biz xəstələrimizə qidalanma ilə bağlı məlumat verərkən daha çox tərəvəz və proteinlə zəngin qidalanmanı (balıq, toyuq, ət) tövsiyə edirik. Bununla yanaşı, doymamış yağlardan (zeytun yağı) və doymamış yağlarla zəngin qidalardan (qoz, ton balığı və digər balıq növləri və s.) istifadəni tövsiyə edirik. Əgər xəstələrin diabeti yoxdursa, meyvə istifadəsini də məsləhət görürük. Ancaq bizə müraciət edən xəstələrin klinik vəziyyəti və diaqnozu qoyulmuş xəstəliklər, məsələn, obezite, diabet və yüksək təzyiq kimi faktorlar, pəhrizdə dəyişikliklər etməyimizə səbəb olur.
-Emosional stressin ürək-damar sağlamlığı üzərindəki təsirləri haqqında daha çox məlumat almaq istərdik, buna qarşı hansı tədbirlər görməliyik?
Bayaq qeyd etdiyim kimi, dünyada qlobal çətinliklərin artması ( iqtisadi, siyasi, sosial böhranın yaranması) gənclər arasında stress faktorunun güclənməsinə səbəb olur. Stress bədənimizdə inflamasiyanı (iltihabi prosesi) başladan bir amildir və bu da məlum olduğu kimi, metabolik xəstəliklərə (obezite, yüksək təzyiq, diabet, insülin dirənci) yol açır. Həmçinin bu xəstəliklərin nəticəsində ürək-damar xəstəlikləri meydana çıxır.
-Bəs, ürək əməliyyatından sonra bərpa prosesi necə olur və xəstələr nələrə diqqət etməlidir?
Ürək-damarların stent implantasiyası və ya açıq ürək əməliyyatı sonrası Azərbaycanda bəzən xalqımız xəstəliyin tamamilə bitdiyini və sağaldığını düşünür. Lakin bizim həyata keçirdiyimiz prosedur, təbii ki, tıxanmış damarları açmaq və ürəyin qidalanmasını artırmaqdan ibarətdir. Ancaq bu, xəstəliyin bitdiyi anlamına gəlmir, çünki problemlərin və damarlardakı iltihabi proseslərin tamamilə ortadan qalxması üçün xəstənin həyat tərzini mütləq şəkildə dəyişdirməsi lazımdır. Məsələn, diabet xəstələrində şəkərin nəzarət altında saxlanması, təzyiqin normal səviyyədə tutulması, siqaretin buraxılması, pəhrizinə diqqət yetirilməsi və xüsusilə, karbohidratla zəngin qidalarla doymamış yağların istifadəsinin dayandırılması,ən azı 30-60 dəqiqə kardio-ağırlıqlı idmanla məşğul olmaları tövsiyə olunur.
Bununla yanaşı, mən bir il yarımdır ki, Azərbaycanda fəaliyyət göstərirəm və xalqımızın dərman istifadəsinə riayət etmədiklərini və əməliyyat sonrası dərmanları həkim tövsiyəsi olmadan dayandırdıqlarını müşahidə etmişəm. Bu, yalnız həkimlərin işini çətinləşdirməklə qalmır, eyni zamanda, xəstələrin sağalmasını da gecikdirir. Hətta təkrar infarkt keçirmələri və ya digər xəstəliklərin ortadan qalxmamağına səbəb olur.
-Son dövrlərdə inkişaf edən yeni müalicə metodları və texnologiyalar ürək xəstəliklərinin müalicəsində nə dərəcədə effektivdir?
Kardiologiya sahəsi tibbdə ən sürətlə inkişaf edən sahələrdən biridir və bu, təbii ki, diaqnozların daha dəqiq qoyulmasına, əməliyyat risklərinin azalmasına, proses sonrası daha sürətli sağalmağa və daha yaşlı xəstələrimizin əməliyyat ola bilmə ehtimalını artırmaqdadır. Biz artıq günümüzdə vətənimiz də daxil olmaqla invaziv-kardiologiya olaraq, xəstələrə nəinki ürək damar xəstəlikləri bununla yanaşı, ürək qapağı təmirlərini, digər prosesləri də qapalı şəkildə icra edə bilirik və bunu, təbii ki, texnologiyanın sürətli inkişafına borcluyuq.
Xavər Məmmədli
